Yuxarı

Kommunal sektorda qiymət artır, xidmət azalır

Kommunal sektorda  qiymət artır, xidmət azalır

 

Nüsrət Qasımov: “Azərbaycanda əhaliyə xidmət səviyyəsi həddən artıq aşağıdır”

Kommunal sahədə əhaliyə göstərilən xidmət heç də ürəkaçan deyil. Suyun, işığın, qazın qiymətlərini durmadan artıran böyük vəzifə sahibləri bunun müqabilində əhaliyə lazımi qədər xidmət göstərmir. Mütəmadi olaraq istər “Azəriqaz”, istər “Azərişıq”, istərsə də “Azərsu” kommunal xidmətlər sahəsində müəyyən tədbirlər həyata keçirdiklərini, davamlı işlər gördüklərini bəyan edirlər. Hətta ilin müəyyən dövrlərində gördükləri işlər barədə hesabatlar yayırlar.Rəsmilərin dedikləri işlərə milyonlar xərclənir. Amma bunlar boş bəyanatlardır. Görünən odur ki, istehlakçılar görülən bu işlərin müqabilində faydalı xidmətlərlə təmin olunmurlar.

Faktiki olaraq qeyd olunan sahədə heç bir yenidənqurma, quruculuq və təmir-bərpa işləri görülmür. Sadəcə bu hesabatlar rəsmi qurumlar qarşısında “gözdən pərdə asmaq” xarakteri daşıyır. Əhaliyə verilən qazın təzyiqi çox aşağıdır. İşıqların verilişində dəfələrlə məhdudiyyətlər olur. Hətta şəhərin mərkəzində belə işıqlar saatlarla kəsilir. Kommunal xidmətlərdə mərkəzləşdirilmiş kompüter sistemi yoxdur. Bir sözlə, əhaliyə bu məsələlərdə göstərilən xidmətlərdə kifayət qədər boşluqlar var.

“Hər ay mənzillərə baxış keçirilməlidir”

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, qazın və digər kommunal xidmətlərin qiymətindəki artımlar hökumətin siyasətidir: “Qazın maya dəyəri, daşınması məsələləri hökumətin siyasətidir. Biz ekspertlər bu məsələyə şərh verə bilmərik. Azərbaycanda əhaliyə xidmət səviyyəsi həddən artıq aşağıdır. Sovet dövründə qrafik üzrə ayda bir dəfə hər abonentin evinə nəzarətçilər gedirdi və onlara müəyyən xidmətlər göstərirdi. Düzdür indi yoxlamadan heç kimin xoşu gəlmir. Amma o yoxlamalar xoşməramlı işlərdir. Çünki qaz yüksək təhlükə mənbəyidir. Qaz bir otağa 4,5 faiz yığılanda orada partlayış üçün hazırdır. Özü də qaz partlayanda qonşu evlərə də ziyan dəyir. Nəzərə aldılar ki, yeni avtomatik cihazlar meydana gəlib. Ona görə də qərara gəldilər ki, yoxlamanı 6 aydan bir etsinlər. Hesab edirəm ki, əvvəlki metoda qayıtmaq lazımdır. Yəni ayda bir dəfə mənzillərdə baxış və yoxlamalar həyata keçirilməlidir. Bundan əlavə fasilələrlə yoxlama keçirilərsə, istehlakçılarla qurum arasında dialoq pozulur. Yəni istehlakçı 6 ay nəzarətsiz qalır. Daha doğrusu 6 aydan sonra gələn şəxsə qapı açılmır, ya da istehlakçı evdə olmur. Yoxlama aparılmayan yerlərdə isə müəyyən fəsadlar olacağı ehtimalı yüksəkdir. Ona görə də xalq təsərrüfatı daim nəzarətdə olmalıdır. Əvvəllər iki kitabça vardı: abonent və nəzarətçi kitabçası... Nəzarətçi gəlib istehlakçıya evdə təlimat verirdi, qazın borularını, cihazları yoxlayırdı. Ona görə də o dövrdə o qədər də təhlükəli hadisələr baş vermirdi”.

Nəzarətçi çox, iş görən yox

Ekspert qeyd edib ki, hazırda nəzarətçilərin sayı çoxdur, amma iş görən yoxdur: “Ən çox qazdan zəhərlənmələr vanna və yata otağında baş verir. Tüstü bacaları düzgün qurulmur, standartlara uyğun olmur və ən əsası heç kim gəlib ona nəzarət etmir. Heç kim gəlib istehlakçıya demir ki, sənin bu tüstü bacan düzgün deyil, bunu düzəltmək lazımdır. Desə də bu işi görməyə məhdud məsuliyyətli cəmiyyət yoxdur. İnsanların həyatlarını bu qədər ucuzlaşdırmaq olmaz. Yanvar ayında Nazirlər Kabinetinin qərarı ilə binaların daxilində yoxlamaların aparılması səlahiyyəti “Azəriqaz”dan alınıb başqa quruma verildi. O qurum da nə iş görür, necə yoxlayır, bəlli deyil. İstənilən evdən soruşun. Heç onlara yoxlama gəlib? Mən 48 il “Azəriqaz”da çalışmışam. Amma yadıma gəlmir ki, bir dəfə də olsun zəhərlənmə halları baş versin. İndi hər həftə iki-üç nəfər zəhərlənib ölür”.

“Əhali maarifləndirilməlidir”

Nüsrət Qasımovun dediyinə görə “Azərişıq”da başqa problemlər mövcuddur: “Məsələn, yeni evlər tikilir. Hansı ki, bu evlərin layihələri və smetası yoxdur. Sovet dövründə tikilən evlərdə 3, 5 lampa və bir soyuducu olurdu. İndi bir evdə paltaryuyan, qabyuyan, ətçəkən maşın, ütü, qızdırıcı cihazlar, kondinsioner və digər vasitələr var. Artıq yükləmələr nəticəsində transfarmatorlarda qəza olur. Həmçinin bu yüklənməyə o vaxt çəkilən naqillər dözmür. Naqillər zədələnir və yanğın baş verir. Qurumlar yalandan müəyyən işlər gördüklərini deyirlər. Naqilləri tez-tez dəyişdiklərini bildirirlər. Bunlar boş-boş sözlərdir. Heç bir iş görülmür. Məgər əvvəlki naqillər sökülüb, yeniləri ilə əvəzlənib? Misin ötürücülüyü alminiumdan çoxdur. Alminiumlar bu qədər yüklənməyə tab gətirmir. Bu işlər də nəzarətə götürülməlidir. Ayda bir dəfə belə məsələlər yoxlanılmalıdr, heç olmasa insanlara təlimat verilməlidir. Maariflənmə işləri aparılmalıdır”.

Alçina Amilqızı