Yuxarı

İcra başçısının qohumu tutuldu

İcra başçısının  qohumu tutuldu

 

2 milyonluq dələduzluq

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının qardaşı oğlu həbs olundu. Bu barədə məlumatı Cebhe.info-ya vəkil Adəm Məmmədov verib. O qeyd edib ki, icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu unikal dələduzluq cinayətinə görə saxlanılıb. Adəm Məmmədov bildirib ki, sentyabrda hüquqlarını müdafiə etdiyi M.Saitqızını Əziz Əliyevə, Əyyub Hüseynova və digər şəxslərə qarşı aldatma yolu ilə 2 milyonluq əmlakının ələ keçirilməsi faktı barədə açıqlama verərkən bu fırıldaqçı qrupun fəaliyyəti yuxarıda qeyd etdiyim şəxslərlə məhdudlaşmadığını bildirib:

“Hazırda həmin fırıldaqçı qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım. Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə “dostluğa” çevrilən yoldaşlıq münasibəti qurur, onun böyük işlərlə məşğul olduğunu bilir. Yəni, nə vaxtsa birbaşa və dolayısı yolla nağd formada külli miqdarda pul lazım olanda onun toruna düşəcəyinə əmin olduğu üçün həmin günü səbirsizliklə gözləməyə başlayır. Həmin gün 2013-cü ilin əvvəllərinə təsadüf edir.

Belə ki, Rauf Kərimov ondan nisyə 300 min ABŞ dolları məbləğində avtomobillər götürür və artıq dostluq münasibətlərinin yaranmasına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən “Kral Mebel”i səmərəli şərtlərlə uzun müddətli istifadəsinə vermişdir. Təsadüf elə gətirir ki, Rauf Kərimov kredit götürdüyü bankla yaranmış problemi ilə əlaqədar həmin dövrdə həbs edilir. Bundan istifadə edən Yalçın Abdullayev el dili ilə desək faiz “şotçikini” işə salıb və müxtəlif formada xəfif təhdidlər edərək, sonda 2 milyon 880 min ABŞ dollarlıq daşınmaz əmlakları etibarından sui-istifadə etməklə özünün və çevrəsində olan özü kimi belə işlərdə peşəkarlaşmışların adına rəsmləşdirir.

Ümumiyyətlə, belə fırıldaqçılıq əməlinin unikallığı ondadır ki, mentalitetimizə əsasən sona qədər həm aldadan, həm aldanmış tərəf mistik əxlaq ədalətinə inanır. Yəni, aldadan düşünür “aramızda çörək var, şikayət etməz”, aldanan düşünür “aramızda çörək var, bu qədər də etməz””.

Vəkil qeyd edib ki, Rauf Kərimova bu yaxınlarda bankla olan problemi ilə əlaqədar Yalçın Abdullayevdən götürdüyü əmlakları dəyər-dəyməzə satıb: “Yəqin həmin pul növbəti qurbanı şirəyə çəkmək üçün Yalçın Abdullayevə lazımdır. Bəlkə də bütün digər cinayətlərdən, daha təhlükəlidir belə fırıldaqçı əməllər. Çünki bizim əxlaqi dəyərlər olan dosta sədaqət, ədalət, mərifət, qanacaq və qabiliyyət kimi, dəyərləri ayaqlar altına atır, insanın insana olan etibarını sarsıdır.

Bir şeyi qeyd etmək istəyirəm ki, Yalçın Abdullayev kimilərinə himayədarlıq edən yüksək vəzifəli prokurorluq əməkdaşları belə fırıldaqçılara “vəkillik” etməkdənsə, birbaşa vəzifələri olan dövlət ittihamını həyata keçirərək belə fırıldaqçıların cəmiyyətdən təcrid olunmasına çalışsınlar. Buna bənzər faktların çoxalması, cəmiyyətdə satirik aforizmin yaranmasına səbəb olur. Belə ki, 5-10 minə görə dələduz deyə biləcəklərinə, rəqəm milyonlara qalxanda iş adamı deyirik. Bunu düşünmək üçün dedim”.

Adəm Məmmədovun sözlərinə görə, belələrinin müxtəlif ciddi dövlət qurumlarında himayədarları var: “Şikayətçiləri çağırıb hədə-qorxu gəlib verilmiş ərizələri geri götürməyə məcbur etmək bir yana, hətta onların işlədiyi qurumların rəhbərlərinə təsir etməklə işdən çıxarılacaqları ilə belə təhdid edirlər. Bütün bu acınacaqlı vəziyyəti nəzərə alıb Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubovun bu işin araşdırmasını öz nəzarətinə götürsün ki, digər orqanlarda olan yüksək vəzifəli şəxslər istintaqın obyektiv gedişatına mane ola bilməsinlər.

Məlumat üçün bildirirəm ki, tərəfimdən təxminən 2 ay bundan qabaq digər epizodlarla əlaqədar məsələ qaldırdıqdan sonra Yalçın Abdullayevin əmisi oğlu olan, belə işlərdə bir qayda olaraq icraçı kimi iştirak edən Yunis Abdullayev Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən dələduzluq maddəsi ilə həbs olunmuşdu. Asan gəlir mənbəyi kimi ailə “biznesinə” çevirdikləri belə fırıldaqçılıq əməlində faiz adı ilə ortaya buraxdıqları bu külli miqdarda məbləğdə, ailənin digər yüksək vəzifəli şəxslərin payı olması haqqında kifayət qədər məlumat var ki, istintaq gedişatında həmin adamların kimlikləri ortaya çıxar.

Hətta aldadılmış insanları ölüm həddinə çatdırıbdı. Yalçın Abdullayevin və onun ətrafındakıların qanunsuz əməllərindən əziyyət çəkən şəxslərə pulsuz hüquqi yardım göstərməyə hazıram. Yetər ki, bu fırıldaqçı şəxslərin fırıldaqlarına son qoyulsun. Yalçın Abdullayev qardaş Türkiyə dövlətində öz “biznes” fəaliyyətini genişləndirmək istəyir. Nəzərə alsaq ki, qardaş dövlət olsa da Yalçın Abdullayev nəfsinə sahib ola bilməyib, edəcəyi hər hansı bir hərəkət Azərbaycanın imicinə də xələl vura bilər”.

Yeganə Oqtayqızı