Yuxarı

Keçmiş nazir danışıqların sirrini açdı

Keçmiş nazir  danışıqların  sirrini açdı

 

Trubnikovun dediyi güzəşt hansıdır?

Rusiya Azərbaycanı “zəif tərəf” kimi qələmə verir

Akif Nağı: “Azərbaycan Kəlbəcərdən dəhliz vəd etməklə diplomatik manevr edib”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Dağlıq Qarabağ probleminin nizamlanması prosesi ətrafında yaranmış son vəziyyəti  “Azadlıq” radiosuna şərh edib.  Müsahibəsində Ermənistan-Azərbaycan cəbhə xəttində aprel ayındakı döyüşlərdən sonra yaranmış siyasi situasiyadan söz açan diplomat münaqişənin həlli ilə bağlı aparılan əvvəlki danışıqlara da toxunub.

Xüsusilə, ATƏT-in Minsk Qrupunun 2000-2004-cü illərdə Rusiyadan olan həmsədri  Vyaçeslav Trubnikovun Azərbaycanın 2001-ci ildə Ki-Uest danışıqlarında ərazi güzəştinə hazır olması barədə fikrinə T.Zülfüqarov belə cavab verib: “Trubnikov-un (Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini və 2000-2004-cü illərdə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Vyacheslav Trubnikov - red.) müsahibəsi göstərir ki, Azərbaycanla bağlı şayiələr buraxırlar və Bakının mövqeyini dəyişməsini istəyirlər. Bu da cəhddir. Təəssüflər olsun ki, Azərbaycan tərəf bu cür hallara lazımi cavablar vermir. Nəyə görə Trubnikov Azərbaycanı uduzan tərəf kimi təqdim edir, nəyə görə Azərbaycanın Qarabağı vermək istədiyini deməlidir?

 Onun dedikləri yalandır. Onda nəyə görə həmin vaxt Ermənistanda parlament gülləbaran edildi? Sadəcə, Ermənistan havadarları Azərbaycanın mövqeyini bir çox istiqamətdə zəiflətmək istəyirlər. Sonuncu müsahibə də təxribat idi. Təəssüf edirəm ki, Azərbaycan tərəfi bu kimi hallara cavab vermir”.

Qeyd edək ki, Ki-Uest danışıqlarının təfərrüatı  ilə bağlı mediada indiyə qədər müxtəlif məlumatlar səslənib. Həmin dövrdə beynəlxalq vasitəçilər Azərbaycanı  güzəştə məcbur etmək üçün ciddi təzyiq göstərməyə çalışırdılar. Söhbət ətraf rayonların qaytarılması müqabilində Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından gedirdi. Lakin bütün təzyiqlərə baxmayaraq, Azərbaycan güzəştə razı olmadı. Yayılan informasiyalara görə, 2002-ci ildə ABŞ-ın Azərbaycandakı səfri  Ross Uilson təslimçi sazişlə razılaşmağı və buna qarşı müqavimət göstərməməyi  müxalifət liderləri ilə qapalı görüşdə təklif edib. Lakin müxalifət Dağlıq Qarabağ probleminin mili məsələ olduğunu nəzərə çatdıraraq bu təklifi qəbul etməkdən imtina ediblər.

“Azərbaycan təzyiqlərdən yayına bildi”

Həmin dövrdə Azərbaycan prezidenti Heydər Əliyevin 2002-ci il fevralın 10-da Milli Məclisdə Dağlıq Qarabağ probleminə dair geniş ictimai-siyasi müzakirələr təşkil etməklə cəmiyyətin bu məsələdə yekdil mövqedə olduğunu nümayiş etdirdi. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da təsdiq edir ki, həmin dövrdə Azərbaycan bir sıra diplomatik manevrlər etməklə təzyiqlərdən yayına bildi.  Akif Nağı Vyaçeslav Trubnikovun müsahibəsində söylədiyi fikirlərin erməni mediası tərəfindən təhrif olunduğunu dedi: “Trubnikovun müsahibəsində söhbət  Azərbaycanla Ermənistan arasında dəhliz mübadiləsindən gedir. O vaxta qədər ermənilər danışıqlarda Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizinin onlara verilməsi şərtini irəli sürürdülər. Həmin dövrdə ilk dəfə olaraq, Azərbaycan Naxçıvanla Azərbaycan arasında Ermənistan ərazisindən  dəhliz  verilməsini təklif etdi. Bundan da qabaq, hələ 1988-ci ildə Andrey Saxarov Azərbaycana səfər edəndə Ermənistanla ərazi mübadiləsini təklif etmişdi.  Belə bir təklifi ondan sonra  amerikalı politoloq Pol Qobl vermişdi.

Trubnikovun dediyinə görə, o barədə ilkin razılaşma olub, Azərbaycan bundan imtina edib.  Sonra belə bir informasiya ortaya cıxdı ki, Ki-Uest danışıqlarının ardınca Parisdə keçirilən görüşdə Azərbaycana dəhlizin Laçından deyil, Kəlbəcər rayonu ərazisindən verilməsini təklif edib.

Bununla da razılaşma pozulub. Anmma bu deyilənlərin heç biri rəsmi informasiya deyil. Erməni mətbuatı da Trubnikovun  açıqlamasını  Azərbaycanın barışmaz mövqeyi kimi təqdim etməyə çalışır”.

Qarabağ Azadlıq Təşkilatının sədri hesab edir ki, Azərbaycan Ki-Uest danışıqlarında  dəhliz verməyəcəyini birbaşa bəyan etməsə də Kəlbəcərdən dəhliz təklifini ortaya atmaqla diplomatik manevr şansı qazanıb. Bu isə Azərbaycanın danışıqlar prosesində diplomatik uğuru sayıla bilər.

Müşfiq Abdulla