Yuxarı

İmzasız məktublar dövrü qayıdır

İmzasız məktublar  dövrü qayıdır

 

Korrupsiya faktı ilə bağlı məlumatın anonimliyi qorunacaq

Əli Orucov: “Qanundan sui-istifadə halları baş verə bilər”

Vüsal Qarayev: “Korrupsiyaya qarşı mübarizəyə yuxarıdan başlamaq lazımdır”

Hökumət korrupsiya ilə mübarizə apardığını bəyan etsə də, bu problem həllini tapmır. Korrupsiya ilə mübarizəylə bağlı bu günə qədər bir çox qanunlar qəbul edilib, qərarlar verilib, hətta bununla bağlı dövlət proqramı da var. Bu günlərdə dövlət başçısı korrupsiyaya qarşı mübarizə ilə əlaqədar yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, korrupsiya faktları ilə bağlı aiddiyyatı qurumlara xəbər verən şəxslərin anonimliyi qorunacaq. Məlumat verən şəxs özü istəmirsə, səlahiyyətli struktur, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir. Bəs bu anonim şikayətlərin artmasına rəvac verəcəkmi?

“Qurunun oduna yaş da yanacaq”

AMİP Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət” qəzetinə deyib ki, burada məsələnin mahiyyəti hansısa qanunlarda deyil: “Azərbaycanda mükəmməl qanunlar var və hətta bəziləri Avropa standartları səviyyəsindədir. Amma bu qanunların nəzarət, işləmə mexanizmi yoxdur. Bu qanunlara nəzarət edən qurumların özü korrupsiyalaşıb. Qanunlara nəzarəti xüsusən prokurorluq orqanları yerinə yetirir. Ancaq heç kim deyə bilməz ki, prokurorluq orqanları tam şəffaf fəaliyyət göstərir. Ən böyük korrupsiya halları da məhz məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarındadır. Digər tərəfdən də bu sərəncama qədər qanunda var idi ki, anonim şikayətlərə baxılmır. Kimsə hər hansı bir qurum haqqında şikayət edirdisə, onun mütləq adı, soyadı, imzası olmalı idi. Amma prezidentin bu sərəncamından sonra buna ehtiyac qalmayacaq. Bununla bağlı qanundan sui-istifadə halları baş verə bilər. Kimsə anonim şikayət edər və qurunun oduna yaş da yanar. Bu kimlərinsə əlində vasitəyə çevrilə bilər. Ona görə də əsas xəstəliyin kökünü kəsmək, yayılmasının qarşısını almaqdır”.

“Siyasi partiyalar da prosesə cəlb edilsin”

Əli Orucov onu da deyib ki, korrupsiyayla mübarizəyə siyasi partiyalar da cəlb olunmalıdır: “Bu günə qədər korrupsiya qarşı bir çox qanunlar qəbul olunub, hətta bununla bağlı dövlət proqramı da var. Amma dəyişən bir şey yoxdur. Korrupsiyanı kiçik məmurlar etmirlər. Onlar adətən, xırda rüşvətlə məşğul olurlar. Korrupsiya ilə yüksək ranqlı məmurlar məşğul olur. Buna qarşı tədbir görülməlidir. Bunun qarşısını almadan verilən bütün qərarların heç bir mənası olmayacaq. Hökumət korrupsiyaya qarşı mübarizədə səmimidirsə, doğrudan da korrupsiyanın kökünü birdəfəlik kəsmək istəyirsə o, zaman ictimaiyyətin nümayəndələrini də buna cəlb etməlidir. Biz partiya olaraq da təklif etmişik ki, partiyaların korrupsiyaya qarşı müarizə qurumlarında iştirakını təmin etmək lazımdır. Əks halda, verilən bütün qərarlar ictimaiyyəti sakitləşdirməyə hesablanmaqdan başqa bir işə yaramayacaq”.

“Kim kimə, kimdən şikayət edəcək”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə deyib ki, fərmanda sadəcə şikayət edənin kimliyinin gizlədiləcəyi göstərilir. Yəni, şikayətçinin kimliyi səlahiyyətli struktur tərəfindən bilinəcək, sadəcə onun öz istəyiylə gizli saxlanılacaq:  “Prezidentin bu fərmanı korrupsiyanın qarşısının alınmasına təsir etməyəcək. Bugün ölkədə korrupsiyanın baş alıb getdiyini hər kəs bilir. Kimlərin korrupsioner olduğu da aydın məsələdir. Kim kimə, kimdən şikayət edəcək? Deyək bir rayon sakini icra başçısının korrupsiya əməlləri ilə bağlı şikayət etmək istəyir, adının gizli saxlanması şərtiylə. Baxın, bu adamın adı gizli saxlansa, nə olacaq, saxlanmasa, nə olacaq. Zatən o icra başçısı vəzifəyə rüşvətlə gəlib, həm də külli miqdarda rüşvətlə. Və bütün icra başçıları vəzifəyə gəldiyi gündən korrupsiyaya girişirlər. Bunu prezidentdən tutmuş, sadə vətəndaşa kimi hər kəs bilir. O zaman bu şikayəti edən şəxs adını kimdən gizlədir axı? Ümumiyyətlə, hərkəsə məlum olan bir məsələdən şikayət etmək gülüncdür. Özəlliklə də bu şikayəti kimsə dinləmirsə, Korrupsiyanın qarşısının alınması üçün təmizliyə yuxarıdan başlanılmalıdır. Və sərt cəzalar tətbiq edilməlidir, hətta ölüm hökümünü bərpa etmək daha effektli olardı”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları