Yuxarı

SOCAR-ın ölüm estakadaları

SOCAR-ın ölüm  estakadaları

 

Daha bir qurğu can aldı

Mirvari Qəhrəmanlı: “Qəzalarla əlaqədar kompleks tədbirlər görülməli, bütün qurğulara baxış keçirilməlidir”

Bu günlərdə SOCAR-ın daha bir estakadası çökdü. Artıq Dövlət Neft Şirkətinə məxsus idarələrdə bu tip qəzaların baş verməsi sanki adət halını alıb. Bu dəfəki qəzada da ölüm və itki baş verdi. Belə ki, noyabrın 6-da Dövlət Neft Şirkətinin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsində (NQÇİ) bədbəxt hadisə baş verib. Ərazidə yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun olub, nəticədə estakadanın üzərindən keçən 250 mm diametrlik neft xətti qırılıb.

Qəzadakılardan 4 nəfəri xilas edilsə də,  onlardan 1 nəfəri dünyasını dəyişib. Dənizə düşməsi ehtimal edilən 1 nəfər barədə isə axtarış işlərinə başlanılıb. Maraqlıdır, belə qəzalar niyə tez-tez baş verir? Bunun səbəbi nədir? Səbəb köhnə avadanlıqlardır, yoxsa məsuliyyətsizlik və vaxtında cəzasızlıq?

“Səbəb cəzasızlıqdır”

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əsas səbəb cəzasızlıqdır: “Son iki ilə nəzər salın... 23 oktyabr, 2014-cü il -  Bakıdan 40 kilometr cənubda yerləşən Nərimanov adına NQÇİ-nin sahəsində 441 nömrəli platformanın uçması baş verib. Həmin vaxt SOCAR-ın məlumatına görə, platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb. Həmin vaxt ərazidə 30 nəfər işçi olub. Daha sonra  2014-cü il oktyabrın sonunda Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də estakada meydança uçub. Xəsarət alan olmayıb. Həmin il noyabrın 7-də Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də 2-ci mədən ərazisində 310 və 312-ci meydançalar arasında 60 metr uzunluğunda estakadanın uçması nəticəsində 5 nəfər işçi dənizə düşüb. Dənizə düşən işçilərdən 3-ü xilas edilib, 2-i həlak olub.  2015-ci ilin 4 dekabrında Azneft İB-nin tərkibinə daxil olan Neft Daşları Neft və Qazçıxarma idarəsinin 501-ci meydançasında - qasırğa nəticəsində içərisində işçilər olan iş otağı estakadadan ayrılaraq dənizə düşüb. Nəticədə 3 nəfər suya düşüb. Cəsədləri hələ də tapılmayıb. Yanvarın 28-də ARDNŞ Nəqliyyat İdarəsinin bir nəfər işçisi iş yerində həlak olub.  2015-ci ilin dekabr ayının 4-də Azneft İB-nin strukturuna daxil olan Günəşli yatağındakı 10-cu platformada baş verən yanğın nəticəsində 32 nəfər həlak olub”.

Sovetin nimdaş qurğuları

Hüquq müdafiəçisi hesab edir ki, qəzaları əsas səbəblərindən biri də SSRİ-dən qalan infrastrukturların tam köhnəlməsidir: “Bəlkə də bu sahələrdə bir neçə dəfə “təmir” işləri aparılıb. Qəzalarla əlaqədar kompleks tədbirlər planı hazırlanmalı bütün şirkət üzrə estakada, meydança, platforma və digər hidrotexniki qurğulara baxış keçirilməlidir. SOCAR-n ikinci dövlət büdcəsinə çevrilməsi, bir çox nazirlik və komitələrin görəcəkləri işi SOCAR-n üzərinə qoyulması, köhnə yataqlara sərmayə qoyulmaması, iş yerlərinin, təhlükəsizliyinin təmini və ekoloji məqsədlər üçün ayrılmış vəsaitlərin təyinat üzrə xərclənməməsi ehtimalı və nəhayət əsas günahkarların cəzalandırılmaması da bu qəzaların mütəmadi baş verməsinə səbəbdir”.

Alçina Amilqızı

 





Həftənin ən çox oxunanları