Yuxarı

24 il gecikən etiraf

24 il gecikən etiraf

Ermənilər Bakıya gəldilər. Hər gün demək olar ki, bir erməni Azərbaycan paytaxtına gəlir. Gözlənilməz gəlişin arxasında hansı məqamlar dayanır? Əli qana batmış millətin nümayəndələrini Bakıya kim gətirir? Aralarında hüquq müdafiəçisindən tutmuş jurnalistədək olan bu adamlar paytaxtda Xocalı soyqırımı abidəsi qarşısında baş əyirlər, işğalçı Ermənistan prezidenti Serj Sarkisyan haqqında əsl həqiqəti Bakıdan dünyaya çatdırılar.

Gecikmiş etiraf, 24 il sonra...

Bu gəliş nəinki Qarabağda, həm də Zəngəzurda, Göyçəsdə, Vedidə azərbaycanlıları soyqırıma məruz qoymuş millətin adından olunan etirafdır. Bu, 24 il sonra Sarkisyan və onun başçılıq etdiyi komandanın Qarabağda saysız və yersiz qətllərə, qətliama imza atmasının ilk etirafı idi. Bəşəri bir yalnışın etirafını düşmənin öz dilindən eşitmək, cümlənin əvvəllində də, axırında da azərbaycanlılardan üzr istəmək, üstəgəl Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək düşmənə əks- həmlə üçün avantaj olmalıdır.

Oyun masasında

Bakıda Xocalı abidəsi qarşısında baş əyilib, soyqırım  qurbanları yad edilib, Sarkisyan cinayətkar və işğalçı adlandırılıb, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bunların hamısı Ermənistanı uçuruma aparan Köçəryan, Zori Balayan, İgidyan və digərlərinin, eləcə də Sarkisyan və çevrəsinin yalnış siyasətinin tarixi etirafı idi. Ermənilər Azərbaycanın paytaxtında bu gecikmiş etirafı o zaman edirlər ki, Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri İrəvanın sözünü deyirlər, Azərbaycana qarşı hücumdadırlar.

Masada oyun gedir. Kartlar Azərbaycandan oğurlanıb. Küncə sıxışdırılmışıq. Oyuna nəzarət edən sekundant kartları kənar oyunçuların – ermənilərin əllərinə düzdür. Azərbaycan uduzdurulur. Nə baş verir? Bizə bildiyimiz həqiqətlərin yalan olduğuna öyrətməyə çalışırlar. Azərbaycan üçün vəziyyət kritikdir. Çıxış yolu görünmür. Hər kəs susub, bizi də susdururlar. Vicdanını itirməyən, vətənpərvər ermənilərin içərisindən bir dəstə çıxır və qaydalara uyğun oynanılmayan oyunu pozmağa çalışır. Lakin azdırlar, səsinin zəif eşidildiyi haqq kimi...

Lakin vəziyyətin hər keçən saniyə əleyhimizə işlədiyi bir vaxtda situasiyanı dəyişmək üçün ən xırda detal da karımıza gələ bilər. Necə ki, ötən əsrin 50-ci illərində ermənilər Qarabağda adi bir sexdə kustar üsulla daşdan yonduqları fiquru “qədim erməni abidəsi” adlandırıb “Qarabağın onların olduğunun carçısı”na çevrildilər. Həmin “abidə” ətrafına indi də xarici turistləri yığmağı bacarırlar. İndi həmin ermənilərin içindən çıxmış bu adamlar bunun adi bir əl işi olduğunu deyirlər. Etiraf edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Bu, xırda bir detal deyil, bu həqiqətdir!

Düşmənin susqunluğundakı “müdriklik”

Bakıdakı konfransda iştirak edən ermənilər prezident Serj Sərkisyanın Ermənistanı uçuruma apardığını, bu şəxsin dövlət başçısı olduğu müddətdə ölkələrinin vəziyyətinin daha da ağırlaşacağını bildirdilər. Sarkisyanın idarə etdiyi ölkənin vətəndaşlarına yol da göstərdilər. “Biz tərəfə keçin, Sarkisyandan, onun uydurma həqiqətlərindən imtina edin” çağırışını etdilər. Məntiqli idilər. Bu çağırış və etirafda o məntiq açılırdı ki, Ermənistanın bu gün üzləşdiyi dərin, dibsiz problemlərin həll yolu Dağlıq Qarabağı aid olduğu yerə bverməkdən keçir, yəni Azərbaycana qaytarmaqdan.

Bəs, ermənilər bu çağırışa cavab verəcəklərmi? Demək çətindir. Bakıdakı konfrans və burada səsləndirilən fikirlərdən Ermənistan mediası heç nə yazmadı. Nə uzun illər ölkədə Sarkisyan rejiminin iç üzünü vaxtaşırı faktlarla ifşa edən “müstəqil”, nə də rəsmi İrəvana yaxın olan media orqanları heç olmasa, əleyhlərinə bir kəlimə də ifadə işlətmədi. “Vətən xainləri” də adlandırılmadılar. Bu susqunluq razılıq əlaməti idimi? Ermənistan cəmiyyəti, mediası və siyasət cameəsinin susqunluğunda “müdriklik” vardı: hikkə, qıcıq və nifrət. Sosial şəbəkələrdə də Bakıya üz tutan ermənilərə dəstək verilmədi. Bəlkə də vardı, olsa da bu ictimailəşdiriləcək səviyyədə deyildi, çox xırda idi, bəlkə də heç yoxdu.

Amma bütün ermənilərin çıxış yolu budur. “Meridian” qeyri-hökumət təşkilatının sədri Suzanna Caqinyanın dediyi bu fikirləri dərindən düşünməli və qəbul etməlidirlər: “Onlar 1988-ci ildən burada yaşayırlar, erməni dilində danışırlar. Ermənilər Azərbaycanda problemsiz, normal yaşadıqlarını söyləyirlər. Ermənistanda azərbaycanlıların olmadığına görə təəssüf edirəm. Bu, Ermənistan hakimiyyətinin şovinist siyasəti ilə bağlıdır”. Hələ də gec deyil. Erməni vətənpərvərləri üçün şansdır.

Məntiq işini öyrənmək vaxtı

O fakta istinad etməli, ermənilərin Azərbaycan paytaxtındakı etirafını o səmimiyyətlə qəbul etməliyik ki, həmin şəxslər Ermənistanda da bu fikirləri dedikləri üçün təzyiqlərə məruz qalıb, ölkələrindən qaçıblar. İndi bunu siyasət masasına daşımalıyıq, bunu bacarmalıyıq. Bakı qaydaları dəyişə bilər, sadəcə işləməlidir, çox işləməlidir. Biz isə cəmiyyət olaraq siyasiləşməliyik, siyasət sənətini gecikmədən öyrənməliyik. Bilməliyik ki, siyasət varsa, bu üzdə görünən kimi deyil. Siyasətin alt qatında bizim hiss olaraq qəbul etmədiyimiz məsələlər məntiq işidir. Məntiqimizi hislərimizə qurban verməməliyik. Daxilimizdə yetişdirdiyimiz vulkanı hiss olaraq o vaxt çölə püskürtməliyik ki, artıq məntiq işə yaramır və düşmən həm poliqona girməkdən qaçır, həm də yağdan qıl çəkirmiş kimi Qarabağı özünküləşdirmək istəyir. Ən azından haqqımızın ifadəçisi olan düşmənlərin sayı ədədi silsilə üzrə artdığı bir vaxtda məntiqli olmalıyıq.

Mənsur Rəğbətoğlu

 





Həftənin ən çox oxunanları