Yuxarı

Sosial şəbəkələrdə Sovet təbliğatı

Sosial şəbəkələrdə Sovet təbliğatı

Əli Orucov: “Bu çox təhlükəli tendensiyadır”

Ehtiram Mehtiyev: “Ruspərəst siyasilərin canfəşanlığı təəssüf doğurur”

Son günlər sosial şəbəkələrdə SSRİ-nin yenidən bərpa olunmasının zəruriliyi açıq şəkildə təbliğ olunur. SSRİ-nin yenidən bərpa olunması, sosial durumun yaxşılaşmasına xidmət edəcək fikirlər sosial şəbəkənin gündəmini zəbt edib. SSRİ-nin təbliğatının hər zaman kommunistlər, ruspərəst siyasilər aparırdı. Ancaq son günlər 90-cı illərdə xalq hərəkatında olmuş şəxslər də SSRİ-ni təbliğ etməyə başlayıb. Bunun nəticəsi nə ola bilər?

“Bəzi insanlar keçmişdən ayrıla bilmir”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, SSRİ-nin bərpasını təbliğ etmək elə mövcud hakimiyyətin yürütdüyü siyasətin nəticəsidir. Onun sözlərinə görə, sosial vəziyyəti yaxşı olmayan insanlar SSRİ-nin həyat səviyyəsinin geri qayıtmasını istəyir: “Mən bu məsələyə üç aspektdən yanaşardım. Birincisi odur ki, bəzi insanlar nostalgiyaya qapılır. Yəni o dövrün xatirələrindən hələ də çıxa bilmirlər. İkinci amil Rusiyanın yenidən güclənməsi və imperiyanın bərpası istiqamətində göstərdiyi çabalardır. Üçüncü amil isə ölkədə getdikcə dərinləşən sosial iqtisadi böhrandır. İnsanlar bir vaxtlar mübarizə aparanda, meydanlara çıxanda daha yaxşı həyat şəraiti və quruluş arzusunda idilər. 

Amma indiki iqtidar elə bir hal yaratdı ki, insanlar hətta Sovet mperiyasına rəğbət bəsləyirlər. Bu, çox təhlükəli tendensiyadır. Bunun qarşısının alınması üçün ideoloji resursları, təbliğat vasitələrini meydana qoymaq lazımdır. Çünki insanlar artıq reallıqlara, gördüklərinə inanırlar. Hesab edirəm ki, SSRİ-nin bərpasını təbliğ etmək elə mövcud hakimiyyətin yürütdüyü siyasətin nəticəsidir. SSRİ dövründə siyasi azadlıq olmasa da, insanın elementar hüquqlarına hörmətlə yanaşılırdı. İnsanların sosial-iqtisadi vəziyyətlərində problemlər olmurdu”.

“Rusiya dünya düzənini dəyişə bilər”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev qeyd edib ki, son günlər Rusiyanın dünyaya meydan oxuması dünya düzənini dəyişə bilər. Onun sözlərinə görə, Şimaldan Cənuba, Şərdən Qərbə düyanın torpaq ərazisinin 12 faizini təşkil edən Rusiya Federasiyası bu gücü ilə SSRİ-ni yenidən formalaşdırmaq istəyir:

“Bu gün Rusiyanın siyasəti qonşuları ilə sıx münasibətlərin qurulmasına və həmin ölkələrdə məqsədyönlü şəkildə inteqrasiya proseslərinin intensivləşməsinə xidmət edir. Hesab edirəm ki, bu da SSRİ-nin yenidən bərpasına hesablanmış bir addımdır. Eyni zamanda Rusiya post-Sovet məkanında inteqrasiyanı əhəmiyyətli sayır və onu dəstəkləyir. Ukraynada gedən proseslərdən sonra belə qənaətə gəlmək olar ki, Rusiya istənilən vasitə ilə, hətta güc yolu ilə MDB ölkələrini tam nəzarət altında saxlamağa çalışır”. 

AXCP yetkilisinin sözlərinə görə, Sovet cəmiyyətinin yenidən qurulmasında ruspərəst siyasilərin canfəşanlığını və dəstəyini görmək mümkündür:

“Çox təəssüf ki, Sovet imperializmin təbliğatının nüanslarını son günlər sosial şəbəkələrdə də görürük. Rəylərdən və sorğulardan belə qənaətə gəlmək olar ki, sosial şəbəkə istifadəçilərin əksəriyyəti keçmiş sovet respublikaları, xüsusən Rusiya ilə inteqrasiyanı dəstəkləyirlər. Və hesab edirlər ki, Azərbaycan Sovet rejimi şəraitində daha güclü iqtisadiyyata malik bir ölkə ola bilər. Hətta maliyyə böhranı başlayanda hökumətin pambıqçılığın inkişafına maliyyə ayırması cəmiyyət tərəfindən “Sovet dövrünə qayıdış” kimi qiymətləndirildi”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları