Yuxarı

EFİRDƏ: Savadsız radio aparıcıları və ədəbsiz, etikadan kənar, seksual məzmunlu sözlər

EFİRDƏ: Savadsız radio aparıcıları və ədəbsiz, etikadan kənar, seksual məzmunlu sözlər

Bu gün Azərbaycanda bütün respublika üzrə yayımlanan 13 radio tezlik var. Azərbaycan radiosunda son zamanlar rus mənşəli sözlərə, jarqonlara daha çox müraciət olunur. 100 ilə yaxın tarixi yol keçən Azərbaycan radiosu hələlik ki, bu cür nöqsanların qarşısında aciz qalıb. Əlbəttə, intellektual səviyyənin aşağı, aparıcıların bir qisminin rusdilli olması radiolarda bu arzuolunmaz hallara yol açır.

Media eksperti, televiziya tənqidçisi, professor Qulu Məhərrəmli də radioməkandakı vəziyyətdən narazıdır. Ekspert Cebhe.info-ya açıqlamasında deyib ki, radiolarda bəzi ifadələr yerində səsləndirilmir. Mənası səhv salınan bu ifadələrdən biri də “Sabahınız xeyirli olsun”dur:

“Radiolarda Azərbaycan dilinə xas olmayan ifadələr səslənir. Bəzi ifadələr yersiz səsləndirilir. Məsələn, sabahınız xeyir olsun yox, sabahınız xeyirli olsun deyilir. Bu iki ifadə fərqli anlayışları ifadə edir. Xeyirli olsun ifadəsi kommersiya xarakteri daşıyır, xeyir isə ruhi vəziyyəti ifadə edir. Dilimizdə səslənən bu cür paralel sözlər həddindən artıq çoxalıb. "Belə deyək", "bildiyim qədər" tipli sözlərdən çox istifadə edilir”. 

Q.Məhərrəmli qeyd edib ki, radiolarda Azərbaycan dilini bilməyənlərin sayı artıb. Aparıcılar əcnəbi dillərin intonasiyasına müraciət edir:

“Əcnəbi dillərin intonasiyasına müraciət artıb. Yavaş-yavaş Türkiyə türkcəsinin intonasiyası radiolarda dilimizə oturuşub. Güman edirəm ki, bir sıra əcnəbi sözlər, o cümlədən də "uje", "davay" kimi sözlər dildə işlənmədikcə unudulacaq. Bu sözlərin qarşılığı var. “Artıq” desək heç də "uje"dən pis səslənməyəcək. Dilimizə gənə kimi yapışan bu cür sözləri qoparıb atmaq lazımdır. Mikrofon qarşısında həssas və daha məsuliyyətli olmaq lazımdır”. 

Milli Teleradio Şurasından Cebhe.info-ya verilən açıqlamada isə qeyd olunub ki bu istiqamətdə şura tərəfindən müvafiq Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq var, monitorinqlər aparılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnistitunun Monitorinq şöbəsi də bu işə cəlb olunub. Monitorinq şöbəsinin rəhbəri Sevinc Əliyeva Cebhe.info-ya açıqlamasında qeyd edib ki, hazırda radiolarda monitorinqlərin aparılması hədəfdə deyil. S.Əliyeva vurğulayıb ki, daha çox reklamlarda ədəbi dilin normaları pozulur:

“Reklamların səsləndirilməsində bir sıra dil qüsurlarına yol verilir. Hazırda telekanallarda reklamlarla bağlı tədbirlərimiz var. Dekabrın ilk 10 günlüyündə nəticələri açıqlayacağıq. Bu səbəbdən radiolar hədəfdə deyil. Lakin gündəlik olaraq radio dinləyən biri kimi deyə bilərəm ki, aparıcıların nitqində xeyli sayda nöqsanlar yer alıb”.

S.Əliyeva vurğulayıb ki, aparıcıların nitqində olan əsas nöqsanlardan biri intonasiya və tələffüzlə bağlıdır:

“Bu məsələ bizi çox qıcıqlandırır. Azərbaycanın ədəbi dilinə uyğun tələffüzlə deyil, Türkiyə ləhcəsi, intonasiyası ilə fikir ifadə edilir. Bu dəbdirmi? Son zamanlar bilərəkdən buna cəhd edilir, aparıcıların nitqindən də aydın olur ki, onlar süni olaraq Türkiyə intonasiyası ilə danışır, fikirlərini ifadə edirlər. Türk sözlərinin Azərbaycan ədəbi dilinə yerli-yersiz girişini aradan qaldırmalıyıq”. S.Əliyeva qeyd edib ki, dil nöqsanlarına yol verilib-verilməməsi aparıcı və radio rəhbərliyin vicdanından irəli gələn məsələdir: “Dil nöqsanları radio tezliyin rəhbəri və aparıcının vicdanından asılıdır. Aparıcı gərək ədəbi dilə uyğun olmayan söz, ifadələrin səsləndirilməsini vicdanına sığışdırmasın. Aparıcının nitqi onun dil səviyyəsini göstərir. Bu nöqsanlarla bağlı monitorinq işçiləri ilə müzakirələr aparmışıq”. 

S.Əliyevanın sözlərinə görə, dilimizdə möhkəmlənən rus dilinə aid bəzi sözlərin ədəbi danışıqdan çıxarılması 5-10 gün deyil, uzun illər tələb edən bir prosedurdur.

Milli Teleradio Şurasının Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, mütəmadi olaraq radiolarda monitorinqlər aparılır. Şura tərəfindən kobud, ədəbsiz, etikadan kənar, seksual məzmun daşıyan sözlərin səslənib-səslənməməsinə dair araşdırmalar olub. T.Dadaşov vurğulayıb ki, hələlik bu istiqamətlərdə elə ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda ümumrespublika üzrə 13 radio fəaliyyət göstərir. “Azərbaycan Dövlət Radiosu”, “İctimai Radio”, “Azad Azərbaycan Radiosu”, “Antenn” “Burc Fm”, “106 FM”, “Jazz Fm”, “Space 104 FM”, “Xəzər Fm”, “Media Fm”, “Araz FM”, “Avto Fm”, “ASAN Radio” ümumölkə yayımçısıdır. Bundan başqa 3 regional yayım tezliyi var. Bu tezliklərdən ikisi Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərir, “Naxçıvanın Səsi”, digəri isə Naxçıvan Televiziya və Radio Verlişləri Komitəsinin özəl yayımçısıdır. Regional tezliklərdən digəri isə Gəncədə fəaliyyət göstərən “Kəpəz” radiosudur.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları