Yuxarı

“Çovdar”lıqdan uçuruma

“Çovdar”lıqdan  uçuruma

 

Qanqster general milyonları necə qazandı?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyatda Təhlükəssizlik Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun, onunla birlikdə həbs edilən, MTN-nin idarə rəisi Səlim Məmmədov və qurumun 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini Orxan Osmanovun üzərinə həbs qoyulan əmlaklarının siyahısı məlum olub. Bildirilib ki, təkcə A.Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32 milyon 256 min 900 manat təşkil edir. Akif Çovdarov MTN-də o qədər də yüksək vəzifə tutmurdu. Lakin bu qədər zənginliyi necə əldə etməsi sirr idi.

Təhlükəsizlik üzrə ekspertlər açıqlanan məbləğin Akif Çovdarovun məlum əmlaklarının ümumi dəyəri olduğunu bildirirlər və “odioz general”ın şəxsi bank hesablarında külli miqdarda maddi vəsaitlərin, xarici dövlətlərdə ofşor şirkətlər vasitəsilə yönəltdiyi pullar hesabına dəyəri milyon manatlarla ölçülən daşınmaz əmlaklarının olduğunu istisna etmirlər. Generalın bu qədər maddi vəsaiti hansı yollarla əldə etməsinə gəlincə, əsas diqqət yenə də keçmiş MTN başçısı Eldar Mahmudova çevrilməlidir. Bəllidir ki, Akif Çovdarov E.Mahmudov iş adamları, sahibkarlar, banklar və bir sıra zəngin məmurlardan şantaj yoluyla pul almaq işində ortaq idi. Daha doğrusu MTN “şef”inin “sillə vuranlarından” biriydi. Akif Çovdarov Mahmudovun mafiyasında yeni qurbanlar tapmaq və onları açıq hədəfə gətirmək missiyasının icraçısıydı. Əlbəttə bunun əvəzi Eldar Mahmudov tərəfindən pulla verilirdi.

Mahmudov niyə Çovdarovu seçdi?

Akif Çovdarovun kriminal aləmə qoşulması Eldar Mahmudovdan xeyli əvvələ təsadüf edir. O, vaxtilə DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun kriminal dəstəsinin öndə gedənlərindən idi. Akif Çovdarov Məmmədovun dəstəsində də Mahmudovun mafiyasında olduğu kimi eyni missiyanı yerinə yetirirdi. Yəni, Akif Çovdarov böyük bir səltənəti və milyonlarla manat dövlət vəsaitini uzun illərin “əməyi” nəticəsində qurub, mənimsəyib. Əlbəttə, cinayətkar generalın öz büdcəsini daha da şişirtməsi Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi dönəmə təsadüf edir. Təbii ki, cinayət aləmində adı və peşəkarlığı olan Akif Çovdarov Eldar Mahmudovun maraqları üçün incə formada biçilmiş parçaydı. Uzun zaman Hacı Məmmədovun dəstəsində saysız cinayətlərə imza atmışdı, “patron”unun MTN tərəfindən müdafiəsini təşkil edirdi, cinayətlərini yüksək səviyyədə ört-basdır edirdi, həmçinin zəngin şəxslərin, sahibkarların tərcümeyi-hallarını, əlaqələrini, zəif, güclü tərəflərini yaxşı bilirdi. Bu baxımdan Çovdarovun təcrübəsi MTN “şef”inin işinə yarayırdı.

Məmmədovun boynuna keçirilən “qara kəmər”

Eldar Mahmudov Akif Çovdarovla əlaqələrini polis orqanlarında çalışdığı dövrlərdə qurmuşdu. Həmin vaxt kriminal dəstə başçısı Hacı Məmmədov polis müvəkkili idi. Mahmudov Hacı Məmmədovun hansı işləri icra etdiyini və qurduğu kriminal dəstə üzvlərinin öndə gedənləri barədə məlumatlıydı. Sifarişli cinayətlər törədən Hacı Məmmədovun bundan külli miqdarda maddi vəsait qazandığı barədə məlumat da almışdı, əlində buna dair sübutları vardı. Həmin məlumatlar məhz Akif Çovdarov tərəfindən ötürülürdü. Digər yandan yuxarı dairələrdə Hacı Məmmədovun qələmi qırılmışdı. Akif Çovdarov da tezliklə bu cinayətlərin ifşa olunacağını başa düşürdü. Buna görə də taktiki gediş etdi. Məmmədovun işlədiyi cinayətlərin bir-bir üzə çıxmasına paralel olaraq, Eldar Mahmudov vəzifə yüksəlişi keçirirdi. MTN-ə rəhbər şəxs təyin olunması bunun pik həddi idi. Nəticədə Akif Çovdarov işini möhkəm tutmaq və Məmmədovla birlikdə həbs olunmamaq üçün Hacı Məmmədovun cinayətlərinə dair faktları Mahmudova verir və sürpriz əməliyyatla MTN “şef”i “qara kəmər”i Hacı Məmmədovun boynuna keçirir. Bu, “xidmət”inin mükafatı olaraq, Eldar Mahmudov Çovdarovu həm yaratdığı kriminal dəstəyə cəlb edir, həm vəzifəsini yüksəldir, həm də “Qara kəmər əməliyyat”ının uğurla başa çatmasındakı fəaliyyətinə görə müxtəlif medallarla təltif olunmasına və general rütbəsinin verilməsinə nail olur.

Qanlı generalın acı sonluğu

Akif Çovdarovun bəxti gətirmişdi. Hacı Məmmədov və Eldar Mahmudov kimi hakimiyyətin yuxarı eşalonunda bir sıra şəxslər tərəfindən dəstəklənən cinayətkarların qurduqları mafiyalarda yer almışdı. İstədiyi qədər qazanır, istədiyi adamı aradan götürür, həm də milyonlarla qazancı olurdu və yüksək səviyyədə qorunurdu. Həqiqətlərin ən ali səviyyəyə çatdırılmasıyla öz arasındakı “qara pərdə” onu görünməz edirdi. İşlənən sirli, saysız cinayətlər ifşa olunmurdu. Reallıqları ifşa etməyə cəhd edənlər də asanlıqla aradan götürülürdü. Lakin hakimiyyət daxilində Eldar Mahmudovun cinayətlərinə tuş gəlmiş və ən yüksək dairələrlə geniş əlaqələri olan dövlət adamına sataşması, həmçinin adının siyasi məsələlərdə hallandırılması vəziyyəti kəskin dəyişdirdi. Mahmudov istefaya göndərildi, MTN ləğv olundu, Çovdarov həbs edildi. Məlum oldu ki, Azərbaycanın milli təhlükəsizliyindən məsul, dövlətin “onurğa sütun”u olan struktur cinayətkarlara dayaq tapıb. Lakin Eldar Mahmudovun cinayətlərinə dair rəsmi faktlar açıqlanmadı. Çovdarov isə xilas yollarını axtarır.

Əfqan Ədilov

 





Həftənin ən çox oxunanları