Yuxarı

Gəncləri radikal qruplara itələyən kasıblıq

Gəncləri radikal  qruplara  itələyən kasıblıq

 

Vaqif Cəlaloğlu: “Siz görmüsünüz ki, hansısa icra başçısının, nazirin oğlu İŞİD-ə qoşulsun?”

Gənclərin radikal cərəyanlara meyllənməsi artıq sosial problemə çevrilib. Əsasən yeniyetmə dövründən etibarən müəyyən təsir altına düşən, bəzi radikal cərəyanların məqbul təbliğatlarına uyan gənclərimiz getdikləri yolda təhlükəli məqamlardan xəbərsiz qalırlar. Dəfələrlə ölkədə dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları ilə bağlı müzakirələr, konfranslar, ictimai söhbətlər aparılsa da, nəticə göründüyündən artıq gərginləşir.

Din adı altında pərdələnən gənclərimiz əslində böyük bir təhlükənin, radikal qrup və cərəyanların maraqlarına xidmət etməklə, həm özlərinə, həm ailələrinə, həm də ölkələrinə zərər gətirirlər. Buna maraqlı olan qruplar, cərəyanlar isə hər an onların təsiri altına düşmək üçün əsl mənada “canfəşanlıq” göstərirlər. Bəzi dinşünaslar hesab edirlər ki, hökumət tərəfindən dini maarifləndirmə düzgün istiqamətdə aparılmır, dinin mahiyyəti və məramı onlara düzgün anladılmır. Bu səbəbdən gənclərin radikal dini cərəyanlara qoşulmaları baş verir. Hətta bu sayın çoxalma ehtimalı da böyükdür. Ekspertlərin fikrincə, cəmiyyətdə radikallığa meylli dini qrupların nümayəndələri mahiyyət və məğzinə baxmayaraq “Quran”ın ayələrindən istifadə edərək radikal xarakterli şüarlar səsləndirirlər. İraqda, Suriyada belə proseslər gedir. Yəni belə “Quran” ayələrindən istifadə edilərək, o mahiyyəti başa düşməyənlərin məqsədi cəmiyyəti ayağa qaldırmaqdır. İraqda, Suriyada belə proseslər gedir. Yəni, belə “Quran” ayələrindən istifadə edilərək, o mahiyyəti başa düşməyənlərin məqsədi cəmiyyəti ayağa qaldırmaqdır.

Bütün bu problemlərin fonunda bir tərəfdən də gənclərin radikal dini cərəyanlara meyllənməsində valideynlər və müəllimlər günahlandırılır. Bildirilir ki, müəllim və valideynlərin nəzarətindən kənar qalan gənclər əsasən bu tip qruplara meyllənirlər.

Dinşünas Vaqif Cəlaloğlu “Cümhuriyət” qəzetinə deyib ki, gənclərin radikal dini cərəyanlara meyllənməsində günahkar olan valideynlər və müəllimlərdirsə, digər tərəfdən  dövlət və cəmiyyətdir: “Müasir gənclərimizin radikal dini cərəyanlara qoşulmasının səbəblərindən biri valideynlər və məktəbdir. Bu ancaq bir hissədir. Gənclərimizin, gələcəyimizin əsasını isə bizə cəmiyyət verir. Eyni zamanda məktəb, bağça, hər birimiz və ən əsası cəmiyyətimiz cavabdehdir. Dövlətin himayəsi altında olan müəssisələrlə yanaşı ictimaiyyət də bu məsələdə məsuliyyət daşıyır. Əgər bir kənd İŞİD təşkilatına qoşulursa, orada öldürülürsə və ya öldürürsə, bunun günahı İslam şəriətinə görə həmin gənci yetişdirən dövlət və cəmiyyət daşıyır”.

Vaqif Cəlaloğlu vurğulayıb ki, gənclərimizin radikal dini cərəyanlara meyllənməsinin səbəblərindən biri də təəssüf ki, həmin gənclərin sosial baxımdan müdafiəsiz qalmasıdır: “Əgər bir İŞİD dəstəsində ölən, öldürülən gənclərimizin siyahısına diqqətlə baxsaq və ya o siyahı təhlil olunsa, görərik ki, o gənclərin çoxu sosial təminatı çətin olan ailələrdən çıxıblar. Sizə şahid olduğum xırda bir detalı demək istəyirəm. Mənim tanıdığım ailənin yeganə bir oğlu var idi. O oğlan əvvəlcə idmana getdi, idmanda öz yerini tuta bilmədi. Sonra universiteti bitirdi, iş tapa bilmədi. Elə oldu ki, İŞİD-in təsiri altına düşdü. 6 aydan sonra xəbər gəldi ki, oğlan öldürülüb. Heç meyidini də evə gətirə bilmədilər. Orada dəfn elədilər. Bəlamızın biri də sosial təminatı zəif olan ailələrdəki uşaqların belə cərəyanlara qoşulmalarıdır. Siz görmüsünüzmü ki, hər hansı bir məmurun, icra başçısının, nazirin oğlu İŞİD-ə qoşulsun? Yox...”.

Alçina Amilqızı

 





Həftənin ən çox oxunanları