Yuxarı

Müəllimlərdən nazirliyin qərarına ciddi etiraz

Müəllimlərdən  nazirliyin qərarına  ciddi etiraz

 \\Tədris planına dəyişiklik narazılıq yaratdı\\Cəsarət Valehov: “Əsaslandırılmış qərardır”\\Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında dəyişiklik edilib. Dərs ilinin ikinci yarısından “Həyati bacarıqlara əsaslanan təhsil” kursu, dərsdənkənar məşğələlər, fakültativ, fərdi və qrup məşğələlərinin tədrisi dayandırılıb. Eyni zamanda sinif rəhbəri vəzifəsi ləğv edilib. Bu isə orta məktəb müəllimlərinin narazılığına səbəb olub.\\Cebhe.info-ya müraciət edən müəllimlər bildirib ki, orta məktəblərdə tədris planı avqust - sentyabr aylarında hazırlanıb təsdiq olunur. Eyni zamanda müəllimlərlə əmək müqaviləsi bağlanır. Çünki müəllimin bir tədris ilində alacağı əmək haqqı, görəcəyi işlər qabaqcadan imzalanmış əmək müqaviləsi ilə təsdiq olunur. Müəllimlər Təhsil Nazirliyi tərəfindən verilən bu qərarını birbaşa onların əmək hüquqlarının pozulması kimi qiymətləndiriblər.Təhsil ekspertləri hesab edir ki, həyati bacarıqlar fənni tədris olunmağa başlayanda kifayət qədər əsaslandırılmışdı. Bu əsaslandırmaların müddətinin  bitməsi heç də anlaşılan deyil.\\Yəni, ilin ortasında belə bir qərarın verilməsi məqsədəuyğun addım deyil. Fənnin ləğvini həyata keçirmək üçün ən azı beş ay da gözləmək olardı. Ekspertlərin dediyinə görə, bu addım müəllimlərə qarşı hörmətsizlikdir. Çünki elə müəllimlər var ki, onların 8 saat dərsi var, onun da 6 saatı bu həyati bacarıqlar dərsi idi. Faktiki olaraq bu qərardan sonra indi müəlimlərin bir xeyli əmək haqqı azalacaq.\\Əmək haqqına 30 manat təsir edəcək...\\Laçın rayonu 32 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Elnarə Həsənova “Cümhuriyət” qəzetinə deyib ki, tədrisi dayandırılan həyati bacarıqlar şagirdlər üçün çox mühüm bir fənn idi: “Biz o fənnin jurnalını hazırlayırdıq. Bu fənnin və dərnəklərin yığışdırılması birbaşa bizim maaşımıza təsir edir. Şəxsən mənim maaşıma 30 manata yaxın təsir edəcək.\\Bu fənnin çox dərs saatı, jurnalı var. Əslində bu fənn çox yaxşı və əhəmiyyətli təhsildir. Bu fənnin mövzularının başlıqlarına baxsanız, nə qədər maraqlı və əhəmiyyətli olduğunu görəcəksiniz. Şəxsiyyətin yetişməsinə birbaşa təsir edir. Amma nədənsə onu yığışdırırlar. Dərnəklər də çox vacib idi. Dərsdən sonra şagirdlər məşğələlərə qalaraq müəyyən sahələrlə məşğul olurdular. Musiqi, texnologiya, təsviri incəsənətlə bağlı müəyyən dərslər keçirdilər və orada uşaqların həvəslərini ortaya çıxarırdılar. Bunu fənn müəllimi edə bilmədiyi üçün şagirdlərə həmin vaxt dərnəklərdə ayrılırdı. Bundan əlavə sinif rəhbərləri də ləğv edilir”.\\Elnarə Həsənova onu da əlavə edib ki, bəzi məktəblərdə “Həyat bilgisi” fənninin tədrisinin dayandırıldığını eşidib: “Bir nəfər valideyn var, o deyib ki, bacısı uşaqları Buzovna qəsəbəsindəki məktəblərdən birində oxuyur. Onların oxuduğu məktəbdə “Həyat bilgisi” fənninin tədrisi dayandırılıb. Hətta uşaqların “Həyat bilgisi kitablarını da yığıblar. Bilmirəm bu nə dərəcədə həqiqətə uyğun məlumatdır. Amma belə eşitdim. Həyat bilgisi ilə Həyati bacarıqlar tamamilə ayrı-ayrı fənlərdir. Bunları bir-biri ilə qarışdırmaq olmaz”.\\Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Cebhe.info-ya deyib ki, tədris planında dəyişikliklərdə məqsəd ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesini ağırlaşdıran amillərin aradan qaldırılmasını, şagirdlərin həftəlik təlim yükünün optimal tənzimlənməsini, habelə beşgünlük tədris həftəsinin tətbiqində səmərəliliyin artırılmasını tətbiq etməkdir: “Belə ki, tədris planlarında dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar hesabına təşkil edilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi dayandırılıb. İkinci yarımildən dərsdənkənar məşğələlərə ayrılan saatlar I-VII siniflərin hər biri üçün 1 saat, VIII-IX siniflərin hər biri üçün 2 saat müəyyən ediləcək”.\\Sözügedən qərarla bağlı müəllimlərin etiraz etməsinə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, qərar artıq verilib: “Hər halda bu, əsaslandırılmış qərardır. Bundan əlavə bir şey deyə bilməyəcəyəm”. Qeyd edək ki, ölkə məktəblərində Astronomiya, Azərbaycan Respublikası Konstitusiyası, İqtisadiyyat kimi fənlərin də tədrisi ləğv olunub.\\Əlinin papağı Vəlinin başına...\\Onu da əlavə edək ki, yanvarın 1-dən Azərbaycanda 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərə şamil olunub. Prezidentin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub. Görünür ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında edilən dəyişikliklər məhz buna hesablanıb. Belə çıxır ki, orta məktəblərdə müəyyən fənnləri ləğv etməklə 38 min müəllimin maaşı artırılır. Müəllimlərin bir qismi bu əməkhaqqından yararlandığı halda, digər qisminin isə aldığı əməkhaqqı azaldılır. Bir sözlə, Əlinin papağı Vəlinin başına qoyulur...\\Alçina Amilqızı





Həftənin ən çox oxunanları