Yuxarı

Millətə istiqlal dadızdıran lider

Millətə istiqlal  dadızdıran lider

 Qəriblikdə uyuyan böyük Məmməd Əminin işıqlı xatirəsinə“Azadlığımızı əlimizdən alan millətdən qorxmuyorlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq əldə etsinlər”Məhəmməd Əmin Rəsulzadənin “Amerikanın səsi” radiosu ilə Azərbaycana xitabı(1953-cü il mayın 28-də lentə alınmışdır).Ankaraya ilk səfərim idi. Qızıma İspaniya səfirliyindən sənəd alacaqdıq. Bu qısamüddətli- 2 günlük səfərdə mütləq imkan tapıb istiqlal fədaisinin ziyarətgahına getməyə hələ Bakıda ikən qərarlıydım. Bu məqsədlə əl etdiyim ilk taksi sürücüsü- onun məzarını tanıyıram - deyəndə çox şad oldum. Çankayadan Əsri məzarıstanlığına gedən yolboyu əslən ankaralı sürücü Turqut Nizami həyəcanla Məhəmməd Əmin haqqında danışırdı. Azadlığın dadını, nübarını ilk dəfə millətimizə dadızdıran böyük şəxsiyyət haqqında türk qardaşımın belə danışmağı məni çox bəxtiyar edirdi. Qürurum aşıb-daşırdı, qızımla mən sakit, bir məmnunluqla ona qulaq asırdıq.Böyük məzarlığa girəndə “28 Mayıs sokağı” lövhəsini görəndə keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Qoşa bayraqlı iki uca dirəyi uzaqdan görüncə, səbrim tükəndi, ora tez çatmaq üçün ürəyim də sürətini artırdı.Bura mənimçün bir azadlıq düşərgəsi idi. Lal-dinməz dayanıb onun baş daşına baxırdım. Keşikçi əsgər kimi saatlarla belə dursam, yorulmazdım. Çünki bu torpaq çox hüzurlu məkandır. Sanki bir əsr geriyə qayıtmışdım. Mən o zamanın adamı idim, yaşlaşmışdım, nəsə axtara-axtara bura gəlmişdim, dinclik tapmışdım, başımı qaldırıb bayraqlara fəxrlə baxırdım. Sanki M.Ə.Rəsulzadənin əsərlərini, Bakıda çap olunmuş ikicildlik məqalələrini kitablardan oxumamışdım, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində hələ 1981-1986-cı illərdə Şirməmməd müəllimdən öyrənməmişdim, elə bil ki, o dərsləri indi müəllifin özündən dinləyəcəkdim. O mübarizəli, mücadiləli mühacirət illərini sanki mən də yaşamışdım.İlk dəfəydi, “Bir kərə yüksələn bayraq, bir daha enməz” - deyən  ustadın ruhuyla torpağa qarışmış cisminin çox yaxınlığında dayanmışdım. Sanki indiyədək gördüyüm minlərlə üç rəngli Azərbaycan Bayrağı qürurunu bu bayraqdan almışdı. Bu bayraqların qoşa keşikçi kimi durduğu məkandakı məzar daşları çox adi daşlardır, başqa qəbirlərdən təkcə bayraqlı olması ilə fərqlənir. Adi, soyuq daşlara səpdiyim bir şüşə su qaldıqca ürəyimi sərinlədirdi. Bu məkanda vaxt yadından çıxır. Nə zaman gəldin, getmək lazımdır, səni gözləyirlər - fikirləri bura üçün nəzərdə tutulmayıb.Qəribədir, Turqut bəy, qızım və mən təkrar “Fatihə” surəsi oxuduq, lakin vidalaşıb gedə bilmirdik. Sanki, o danışırdı, müdrik bir ağsaqqalın sözünü yarımçıq qoyub getmək olmazdı. Bu səssiz söhbət çoxları ilə səsli, bəlağətli danışıqdan daha məzmunlu idi.Millətinə azadlıq bəxş etdiyi torpaqda ona son mənzil qismət olmamışdı. Bu, Allahın işidir, onun məsləhətinə hörmətlə, Məhəmməd Əmin Hacı Ələkbər oğlunun ruhuna sədaqətlə ziyarətimiz sona çatdı. Ancaq sonsuz təəssüratlar, yalnız mühacirətdə yaşayan eloğullarının dərk edəcəyi təəssüflər ömürlük məndə qaldı. Heç zaman o azadlıq düşərgəsində duyduğum rahatlığı, hüzuru unutmayacağam. Yadıma publisist, M.Ə.Rəsulzadə tədqiqatçısı tələbə yoldaşım Nəsiman Yaqublunun “O məzardan qorxmayın” yazısı düşdü :“M. Ə.Rəsulzadənn məzarı ətrafında dolanarkən qəfildən bir qoca mənə yaxınlaşdı. Sorğusuz-sualsız sözə başladı:-Keçən il yanvar ayında yaxın adamımı ziyarət etmək üçün məzarıstanlığa gəlmişdim. Elə bil qəbrin yanından keçəndə birdən inilti səsi eşitdim. Yanılmamışdım, səs bu qəbirdən gəlirdi, ağrılı, şikayətli, iniltili səs idi. Mən xoflanıb tez bu qəbirdən uzaqlaşdım. Bir müddət özümə gələ bilmədim. Əhvalatı kimə danışdımsa, inanmadılar, dedilər, səni qara basıb. Amma, məni qətiyyən qara basmırdı, o qəbirdən doğrudan da inilti səsi gəlirdi.Qəribə heyrət içində qocadan soruşdum :-Siz keçən il yanvarın neçəsində burada olduğunuzu xatırlayırsınızmı?-Ayın ya 19, ya da 20-si idi. Çünki mən həmin günlərdə yaxın adamımın ziyarətinə gəlirəm. O səs indi də qulaqlarımdadır.Qoca bu sözləri deyib çıxıb getdi....Nahaq, çox nahaq o məzardan qorxursunuz . Hərdən yolunuz düşəndə o məzara da baş çəkin, gedin, ziyarət edin. Qarşısında baş əyin. Gülünüz-çiçəyiniz də lazım deyil, eləcə gedib o məzarın başında durun. O bizim müqəddəs andımız, sitayiş yerimizdir. O bizim azadlıq və istiqlaliyyət yolunda yanan məşəlimizdir, müstəqillik və hüriyyət məşəlidir. (Nəsiman Yaqublu M.Ə.Rəsulzadə, fevral-mart 1991, Bakı, Gənclik nəşriyyatı 1991, səh. 304)Bizə azadlıq bağışlayanları yad etməmək, qədirbilməzlik və unutqanlıqdır. Unudanları tarix unutduracaqdır. Tarixi unutmamaq üçün onu təkrar səhifələmək, oxumaq vacibdir. Şəxsiyyətinə və qələminə pərəstiş etdiyim insanlardan biri, publisist sələfim M.Ə.Rəsulzadə Vətənimizi o dünyada da unutmamaq üçün “Azərbaycan” kəlməsini son nəfəsində üç dəfə təkrar etdiyinə öz varlığım kimi inanıram.Tamella Həmidqızı