Yuxarı

17 min tələbə universitetdən qovulub?

17 min tələbə universitetdən qovulub?

Kamran Əsədov: “Təkcə bir universitetə tələbələrin 300 min manat borcu var”Fevralın 2-də təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkədə maraqlı bir paylaşımla diqqət çəkib. Ekspert yazıb: “Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin bu təhsil ocağına 300 min manat borcu var. (Təhsil haqqını ödəyə bilməyənlərin borcudur). O gənclərin də Gənclər günü mübarək olsun”. Məsələyə aydınlıq gətirmək üçün elə təhsil eksperti Kamran Əsədovun özünə müraciət etdik.Ekspert “Cümhuriyət” qəzetinə bildirib ki, məlumatı ona Azərbaycan Texniki Universitetinin keçmiş rektoru Havar Məmmədov verib. O, bu məlumatı 2016-cı ilin yanvarında rəsmi şəkildə mətbuata açıqlamışdı: “Rektor Azərbaycan Texniki Universitetinin özü-özünü maliyyələşdirdiyini və tələbələrin 37 faizinin dövlət sifarişi əsasında, 63 faizini isə ödənişli əsaslarla təhsil aldığını da demişdi. Tələbələr təhsil haqqını verməkdə çətinlik çəkdiyi zaman əmək haqqının verilməsində problem yaranır. O bildirmişdi ki, Texniki Universitetdə 9 min 600 tələbə təhsil alır, təhsil haqqı orta hesabla 1 000 manatdır. Nəzərə alsaq ki, tələbələrin 300 nəfəri ali təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşir, demək, ciddi şəkildə maliyyə itkisinə gətirib çıxardacaq. 2016-cı ilin aprelində TQDK-nın məlumatı var idi ki, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə təhsilini yarımçıq qoymuşdu. Danılmaz faktdır ki, tələbələrin təhsil haqqını ödəməsilə bağlı ciddi problemlər var. Hazırda Azərbaycanda bakalavr pilləsində 170 min, magistraturada 14 min, doktorantura pilləsində 2 000 nəfər tələbə təhsil alır. Ümumilikdə isə 180 minə yaxın tələbə ali təhsil müəssisələrində təhsil alır. Onların 75 faizi ödənişli əsaslarla təhsil alır. Universitetlərdə təhsil haqqının ödənilməsi ilə bağlı problemlər olmasaydı, Maarifçilik Kredit Fondu yaradılmazdı. Sadəcə olaraq universitetlər özlərini qorumaq, mənfi imic yaratmamaq üçün bu addımı atırlar. Məndə olan məlumata görə, son 5 il ərzində cəmi 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric olunub. Sonra isə TQDK-dan əldə etdiyim məlumatda bu rəqəm 17 min nəfər idi. Hətta mənim özümə yüzlərlə müraciət olunub ki, təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Qanunvericilikdə də göstərilib ki, dövlətin təməl prinsipi maddi imkanı zəif olan tələbələrin təhsilinə kömək etməkdir.Slavyan Universitetindən misal göstərə bilərəm. Təhsillərini bitirib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün diplomlarını ala bilməyən tələbələrlə bağlı xahiş etmişdim. Sağ olsunlar, müəyyən güzəştlər etmişdilər. Universitetlər nə qədər təkzib etsələr də, bu problem var və ciddidir. Hazırda ali təhsil müəssisələrində təhsil haqqını ödəyə bilməyən minlərlə tələbə var”.Ekspert onu da vurğulayıb ki, Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqları fantastik həddədir: “Bir çox universitetlərdə magistr pilləsində 2500 manatdan aşağı təhsil haqqı yoxdur. Ən aşağı təhsil haqqı Texniki Universitetdir ki, burda qiymət 1600 manatdır. Valideynlərin imkanı yoxdur ki, bu qədər vəsaiti ödəsin. ABŞ-ın və Almaniyanın nüfuzlu universitetlərini Azərbaycanla müqayisə etdikdə görürük ki, təhsil haqqı 1000-1500 manat arası dəyişilir. Halbuki həmin ali təhsil ocaqları dünya reytinq cədvəlində Azərbaycandakı universitetlərdən dəfələrlə qabaqdadır. Azərbaycan tələbəsi bu gün təhsil haqqı ödəməklə bağlı ciddi problem yaşayır. Çünki orta aylıq əmək haqqı heç 500 manat deyil. Ölkə əhalisinin 2.5 milyon nəfərinin banklara kredit borcu var. Onların da içində təxminən 10 min nəfərinin övladı ali təhsil alır. Orta məktəblərdə 1 milyon 500 min nəfər, ali məktəblərdə 2 180 min nəfər təhsil alan var. Necə ola bilər ki, universitetlərdə bu problem olmasın?”Kamran Əsədov əvvəllər hər il Dağıstandan, Ukraynadan, Rusiyadan kifayət qədər tələbə köçürmələri baş verdiyinə diqqət çəkib: “Universitetlər bilirdi ki, onsuz da semestrin sonunda köçürmələr olacaq. Yəni, müxtəlif səbəblərdən universitetlərdən xaric edilən tələbələrin yerini xaricdən gələn köçürmələr əsasında doldura bilirdilər. Amma 2016-cı ildən etibarən bu məsələni tam şəffaf şəkildə Təhsil Nazirliyi həyata keçirməyə başladı. Məhz buna görə də, 2016-cı ildə qəbul zamanı plan yerini 90 faiz doldura bilməyən özəl universitetlər kampaniyalar keçirməyə başladı. Belə ki, onlar təhsil haqqından endirimlər, hissə-hissə ödəniş etmək kimi güzəştlər etməyə başladılar. Sual olunur, niyə indiyə qədər bunu etmirdilər? Çünki bilirdilər ki, xaricdən gəlir əldə edə biləcəkləri kanal bağlanıb”. Ekspert tələbələrin təhsil haqqını ödəməsi qaydaları ilə bağlı aidiyyəti qurumlara təklif göndərdiyini də vurğulayıb: “Bundan sonra güzəştlər olunmalıdır. Bəlkə tələbə bir il oxuyandan sonra o ali təhsil müəssisəsinin verdiyi təhsil onu qane etməyəcək? Dünyanın ilk yüzlüyündə olan universitetlərin qaydalarında təhsil haqqının müəyyən hissəsi öncədən ödənilir. Sonra təhsil tələbəni qane edirsə, qalan hissəsini ödəyir. Azərbaycanda isə tələbə birinci kursa daxil olan ki, mütləq şəkildə təhsil haqqını ödəməlidir. Bu mexanizm dəyişdirilməli, təhsil haqqı hissə-hissə ödənməlidir. Dövlət təhsil alanlara həmişə dəstək olub. Amma təəssüflər olsun ki, universitetlər bu məsələdə dövlətin siyasətini davam etdirmir. Bu gün universitetlər tələbə yetişdirməyi yox, ancaq maddi qazanc əldə etmək uğrunda mübarizə aparır. Ali təhsil müəssisləri ilə bağlı ciddi islahatlar aparılmalıdır”.Yeganə Oqtayqızı