Yuxarı

Beynəlxalq Bankın işində gəlişmə

Beynəlxalq Bankın  işində gəlişmə

 Yeni həbslər gözlənilirNatiq Cəfərli: “Ordan kredit götürənlər tanınmış insanlardır”Azərbaycan Beynəlxalq Bankı (ABB) haqqında açılmış istintaq işi davam edir. Hökumətin əsas probleminə çevrilən bankın özəlləşdirilməsi gündəmə gəlsə də hələ ki, Beynəlxalq Bankın sağlamlaşdırılması prosesi gedir. ABB üzərində xarici ölkələrə çıxarılan milyardlarla vəsaitin geri qayıtmaması bankın maliyyə resurslarına ciddi təsir etdi. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Bank dövlətin idarəçiliyində olan qurumdur. ABB-də uzun müddət aparılan pul-kredit siyasəti bu gün dövlət vəsaitlərinin külli miqdarda mənimsənilməsi faktını ortalığı çıxarır. Ölkədən çıxarılan milyarlarla vəsait ölkə iqtisadiyyatına və ümumilikdə dövlət büdcəsinə ciddi zərbə vurdu. ABB ətrafında isə araşdırmalar davam edir və hər gün yeni cinayət əməlləri gündəmə gəlir.Ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Daxili İşlər Nazirliyinin məktubuna əsasən Fövqəladə Hallar Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə birgə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə əvvəllər başlanmış nəzarət tədbirləri davam etdirilib. Maliyyə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, bu günə kimi 63 hüquqi və 156 fiziki şəxsə kreditlərin verilməsi üzrə, həmçinin 69 qeyri-rezident hüquqi şəxsin veksel alışı əməliyyatlarına dair nəzarət tədbirləri başa çatdırılaraq yoxlama materiallarına hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib. Bu isə ABB-da yeni həbslərin olacağı ehtimalını gücləndirir.ABB ətrafında gedən prosesi “Cümhuriyət” qəzetinə şərh edən iqtisadi-ekspert Natiq Cəfərli deyib ki, Beynəlxalq Bankla bağlı məsələlər düşündüyümüzdən də dərindir: “10 milyarda yaxın kredit Beynəlxalq Bankda “silindi” və bu il də təqribən 5-6 milyarda yaxın kreditlərin silinməsi gözlənilir. Bu isə o deməkdir ki, Beynəlxalq Bankda çox bərbad idarəetmə sistemi olub. Kreditlərin verilməsi, nəzarət mexanizmi, risk menecmenti normal qaydada qurulmayıb. Bu durumda Beynəlxaq Bankın yürütdüyü pul-kredit siyasti nəticəsində dövlətə külli miqdarda ziyan dəyib. Dövlətə dəyən zərərin kompensasiyası üçün həmin məbləğlərin ödəniş mexanizmi tapılmalıdır. Son yoxlamadan sonra çox güman ki, hüquq-mühafizə orqanları növbəti araşdırmaya başlayacaq. İstisna deyil ki, bu prosesdə adı keçən həm hüquqi, həm də fiziki şəxslər barəsində həbs qərarı veriləcək. Çünki, kifayət qədər böyük həcmli məbləğlərdən söhbət gedir və eyni zamanda adı çəkilən fiziki şəslərin də sayı çoxdur. Əgər həmin fiziki və hüquqi şəslər öz kredit borclarını vaxtında ödəyəcəklərsə çox güman ki, həmin şəxslər araşdırmadan kənarda qalacaqlar. Təbii ki, burada söhbət təkcə kredit borcundan gedirsə həmin şəxslərin borclarını qaytarıb prosesdən kənar qala biləcəklər. Amma kreditləri ödəyə bilməyənlərlə bağlı hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirəcəklər. Bütün bunlar onu deməyə əsas verir ki, Beynəlxalq Bank ətrafında daha çox səs-küyə səbəb olacaq hadisələrin şahidi olacağıq”.Ekspert əlavə edib ki, Beynəlxalq Bank işi üzrə aparılan istintaqda yeni həbslərin olacağı gözləniləndir. N.Cəfərli bildirib ki, Beynəlxalq Bankdan kredit götürən şəxslərin bir çoxu tanınmış insanlar və bəzi məmurlarla yaxın olan şirkətlərdir: “Ola bilsin ki, bu araşdırma nəticəsində nəinki kredit, hətta çox yüksək vəzifəli məmurlar haqqında maraqlı faktlar ortalığa çıxsın. Beynəlxalq Bankla bağlı iş sona çatdırıldıqda vətəndaşları da şoka sala biləcək məlumatlar yayıla bilər. Çünki, Beynəlxalq Bankın kredit verdiyi şirkətlər məmurlara bağlı olanlardır. Beynəlxalq Bankın sağlamlaşdırılmasında isə ilkin mərhələ artıq sona çatıb. 10 milyard manatlıq kreditlər artıq silinib. Bu il də 5-6 milyard məbləğində kreditin silinməsi gözlənilir. Ola bilər ki, bank problemli kreditlərdən tam təmizləndikdən, Beynəlxalq Bank müsbət saldoya çıxdıqdan sonra özəlləşməyə açıq elan olunsun. Amma bunun üçün xarici investorların prosesə cəlb olunması çox vacibdir. Xarici investorlar olmasa, təkcə daxildəki banklar hesabına özəlləşdirmə həyata keçirilsə heç bir effekt verməyəcək. Çünki, ölkəyə valyuta lazımdır və bunu da xarici investorlar vasitəsilə etmək mümkündür. Ümid edək ki, sağlamlaşdırma prosesi normal şəkildə bitəcək və ilin sonunda çox tanınmış banklardan, maliyyə qurumlarından biri Beynəlxalq Bankı almaq üçün müraciət edəcək. Belə bir şərait olmasa daxili resurslar hesabına özəlləşmənin heç bir effekti olmayacaq”.Vilayət Muxtar





Həftənin ən çox oxunanları