Yuxarı

İnhisarçılar parlamentin sənədini yoxa çıxarıblər

İnhisarçılar  parlamentin  sənədini  yoxa çıxarıblər

 Vahid Əhmədov: “Rəqabət Məcəlləsi haqqında qanun Azərbaycan üçün əhəmiyyət kəsb edir”Fevralın 1-də parlamentin sonuncu plenar iclasında deputat Vahid Əhmədov bildirib ki, Milli Məclisin əvvəlki iclaslarında Rəqabət Məcəlləsi 2-ci oxunuşdan keçsə də, sonradan qanun layihəsi “yoxa çıxıb”. “Lakin sonradan Rəqabət Məcəlləsi hara yoxa çıxdı, bilmirəm. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur. Niyə Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?” Milli Məclisin iclasında çıxış edən millət vəkili Vahid Əhmədov hesab edir ki, rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək istəyiriksə, Rəqabət Məcəlləsi qəbul edilməlidir:“Monopoliyanı aradan qaldırmaq lazımdır. Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub. Hansı qüvvələr istəmir ki, Rəqabət Məcəlləsi qəbul olunsun? Xahiş edirəm ki, Rəqabət Məcəlləsi bundan sonrakı iclaslarda gündəliyə salınsın və 3-cü oxunuşda müzakirə edilsin”. Spiker Oqtay Əsədov deputata cavabında bildirib ki, Rəqabət Məcəlləsi 2 dəfə Milli Məclisdə müzakirə edilib: “Bu qanunun təşəbbüskarı var. 2008-ci ildən başlanan iqtisadi böhrandan sonra iqtisadi şərtlər də dəyişib. Buna görə də Rəqabət Məcəlləsi dəyişdirilməlidir. Bunun üzərində iş gedir. Nə zaman tam hazır olacaq, onda da Milli Məclisə daxil olacaq”. Maraqlıdır, Rəqabət Məcəlləsi ilk növbədə nələrə təsir göstərəcək ki, 11 ildir bu qanun qəbul edilmir? Məcəllənin qəbul olunmasına kimlər mane olur?Deputat Vahid Əhmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsində əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanda haqsız rəqabət olmasın: “Həmçinin sahibkarlar, eləcə də bir neçə məmur başda olan insanlar rahat şəkildə Azərbaycanın bazarına daxil ola bilsin. Sahibkarlar arasında rəqabət daha da güclü olsun ki, istənilən məhsulu istehsal edib satışa çıxara bilsinlər. Son zamanlar ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nı imzalanıb. Orada da plan var. Azad rəqabəti təmin etmək üçün belə bir məcəlləni qəbul etməliyik. Buna görə də, Milli Məclisdə məsələni qaldırmışıq ki, Rəqabət Məcəlləsi haqqında qanun qüvvəyə minsin. Bu qanun Azərbaycan üçün əhəmiyyət kəsb edir. Rəqabət olmayan yerdə müəyyən inhisarçılıq halları baş verir. İnsanlar bundan sui-istifadə edir, bazarda rahat mexanizm olmur. Rəqabət olmayan yerdə bazar iqtisadiyyatının prinsipləri pozulur və sair. Bu kimi bir sıra səbəblərdən bu məcəllə vacibdir”.Deputat bu məcəllənin qəbul olunmasına kimlərin mane olması barədə danışmaq istəməyib: “Amma indiki şərait üçün Rəqabət Məcəlləsinin qəbul olunmasına ehtiyac var. Ümumiyyətlə, bu, çoxdan qəbul olunmalı məcəllədir. Çünki bu məcəllənin Azərbaycan iqtisadiyyatına yalnız xeyri var. Demirəm ki, bu məcəlləni bu gün qəbul etdik, sabahısı gün haqsız rəqabət təmin ediləcək, digər məsələlər öz həllini tapacaq. Amma bazarda müəyyən qədər məsələlər öz həllini tapacaq. Buna nəzarət edəcək müəyyən bir rəqabət orqan olmalıdır. Burda çox ciddi analizlər aparılıb və belə qənaətə gəlmişik ki, bu qəbul olunması çox vacib olan bir məcəllədir”.Yeganə Oqtayqızı