Yuxarı

Universitetlər də pulsuz qalıb

Universitetlər  də pulsuz qalıb

 Tələbələr təhsil haqqını ödəyə bilmirMənsur İbrahimli: “Universitet rəhbərliyi tələbələrə tədris ili dövründə təhsil haqqını iki dəfəyə ödəməyə icazə verib”Bəhruz Nəzərov: “Təhsil haqqının ödənilməməsi səbəbindən cəmi 38 nəfər tələbə xaric olunub”Məzahir Sultanov: “Tələbələrin 80 faizindən çoxu 100 faiz təhsil haqqını ödəyir”Araz Ağayev: “Problemi olan tələbələr  Maarifçi Tələbə Kredit Fonduna  müraciət edirlər”Bir sıra ali təhsil ocaqlarında tələbələrin külli miqdarda təhsil haqqı borcları yaranıb. Təhsil müəssisələrinin bəziləri müəyyən güzəştlər tətbiq etsələr də tələbələr borcu ödəməkdə çətinlik çəkirlər. Bu səbəbdən bir çox ali təhsil ocaqlarında borcun tamamilə bağlanması üçün tələbələrə mart ayının ortalarına qədər möhlət verilib.Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov “Cümhuriyət” qəzetinə deyib ki,  Pedaqoji Universitetdə hazırda ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrin ümumilikdə 1 milyon 779 min manat, ali təhsilinin magistratura səviyyəsində təhsil alan tələbələrin isə 128 min manat təhsil haqqı borcu var: “ADPU-da indiyə qədər təhsil haqqını ödəyə bilmədiyi üçün hər hansı bir tələbənin təhsilini yarımçıq qoyması faktı qeydə alınmayıb. Burada təhsil haqqını tam ödəməyən tələbə yoxdur.Universitetin rəhbərliyi tərəfindən tələbələrə tədris ili dövründə təhsil haqqını iki dəfəyə ödəməyə icazə verilib. Belə ki, maddi cəhətdən imkansız olan tələbələr təhsil haqqının yarı hissəsini tədris ilinin əvvəlindən yanvar ayına kimi, qalan yarı hissəsini isə tədris ilinin sonuna kimi ödəyirlər. Sadəcə olaraq bir məqamı çatdırmaq istəyirəm. Bəzi media orqanları yazıblar ki, təhsil haqqına görə  yaranan borc  böhranla əlaqədardır. Burada böhran-filan söhbəti yoxdur. Tələbələr təhsil haqqını hissə-hissə ödəyir”.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərovun sözlərinə görə, bu universitetdə də təhsil haqqını tam ödəməyən tələbələr var. Amma bu çox cüzi bir rəqəmdir: “Son 5 il ərzində bizim universitetdən təhsil haqqının ödənilməməsi səbəbindən cəmi 38 nəfər tələbə xaric olunub. Bu illər ərzində təqribən universitetdən 10 min tələbənin məzun olduğunu nəzərə alsaq, bu yarım faizdən də aşağı bir göstəricidir. Bizim ali məktəb təhsil haqqı ən aşağı olan müəssisədir. Yəni, təhsil haqqı 1300 manatdan başlayır. Biz hər hansı bir devalvasiyalara baxmayaraq, təhsil haqqında dəyişikliklərə və artımlara getməmişik”.Bəhruz Nəzərov əlavə edib ki, universitetin mövqeyi ondan ibarətdir ki, maksimal dərəcədə müəyyən güzəştlərə getməklə, hər bir tələbənin tədris zamanı dərsləri mənimsəməyi, nizam-intizamla, davamiyyətlə bağlı problemi olmasın: “Hər gün 3-5 nəfər təhsil haqqında ödənişlər edirlər. Onlara qoyulan vaxt möhlətinə qədər yəqin ki, problem qalmayacaq. Bir çox ali təhsil ocaqları da var ki, təhsil haqqını ödəyə bilməyən tələbələr imtahanlara buraxılmır. Amma bizim tələbələrin hamısı imtahana buraxıldılar”.BDU rektorunun iqtisadi məsələlər üzrə köməkçisi Məzahir Sultanov deyib ki, təhsil haqqı ilə bağlı universitetdə hər hansı problem yoxdur: “99 faiz təhsil haqqı yığılıb.Xırda 1-2 faiz borclar qalıb. Bizdə o məsələ çox ciddidir. Bakı Dövlət Universiteti verdiyi proqnozu yüzdə-yüz yığır. Tələbələrin 80 faizindən çoxu 100 faiz təhsil haqqını ödəyir. Qalan 20-25 faiz imkanı olmayan tələbələrə də şərait yaradılır ki, hissə-hissə təhsil haqqını ödəsinlər. Keçən ildən elə də borc qalmayıb. Yəni, xırda borclar qalıb ki, o da bizim maliyyə, təsərrüfat fəaliyyətinə təsir etməyən amillərdir”.Məzahir Sultanov əlavə edib ki, qalan borc məbləği heç 300 min manat deyil: “Bakı Dövlət Universiteti ən böyük təhsil ocağıdır. Bizim 3000-dən çox professor-müəllim heyəti, 20 mindən çox isə tələbəmiz var. Biz hamıya normal əmək haqqı veririk. Maliyyəsi də başqa ali təhsil ocaqlarına baxanda fərqlənir. Ona görə də biz tələbələrə şərait yaradırıq ki, təhsil haqqını sentyabr ayından yox, 5 ay müddətində hissə-hissə ödəsinlər. İmkanı olan tədris ilinin əvvəlində ödəyir. Universitetimizdə ödənişlə bağlı heç bir problem yoxdur. Başqa təhsil ocaqlarında borclar yığılıb qalır. Bizdə elə problemlər çox az-az olur”.Təhsil haqqına görə xaric olunan tələbə də Bakı Dövlət Universitenin tarixində tək-tük olub. Bizdə kütləvi hal yoxdur”.Azərbaycan Dillər Universitetinin mətbuat katibi Araz Ağayev isə qeyd edib ki, bu universitetdə ümumiyyətlə, təhsil haqqı ilə bağlı borc olan yoxdur: “Biz Maarifçi Tələbə Kredit Fondunun təsisçilərindən biriyik. Problemi olan tələbələr həmin fonda müraciət edirlər. Ödənişlə bağlı müəyyən güzəştlərimiz də var. Tələbələr ödənişləri hissə-hissə ödəyə bilərlər. Təhsil haqqı borcuna görə universitetdən xaric olunan tələbəmiz də olmayıb”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları