Yuxarı

Neftçilər xəstəxanasında rəzalət

Neftçilər  xəstəxanasında rəzalət

 Həkim səhlənkarlığı xəstəni şikəst etdi“İnsan qanından düzəlmiş məhlul mənə “at dozası” ilə vurulurdu”Fariz Həsənov: “Həkim Abbasəli Abbasəliyev damarıma virus saldı”Bakının tanınmış xəstəxanalarından birində növbəti biabırçı olay yaşanıb. Qəflətən infarkt keçirən Ağsu rayon sakini Fariz Həsənov üz tutduğu Mərkəzi Neftçilər Xəstəxanasında ölümcül hala salınıb. İş o yerə çatıb ki, xəstəxana həkiminin səhlənkarlığı və səriştəsizliyi ucbatından şikəst qalan Ağsu sakini son anda qurtulmaq üçün qonşu ölkənin səhiyyə ocaqlarından birinə yerləşdirilib. Sağalması üçün külli miqdarda borca girən Fariz Həsənovun həyatını Türkiyə həkimləri xilas edə biliblər. Bu barədə “Cümhuriyət” qəzetinə müraciət edən Fariz Həsənov Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Abbasəli Abbasəliyev tərəfindən başına gətirilən müsibətlərdən danışıb. 48 gün xəstəxanada müalicə alan şikayətçi hər günün onun üçün əsl kabus olduğunu deyib.Bu məhlulun 6 qramı 750 manatdır...2014-cü il yanvarın 13-də ağır infarkt keçirən Ağsu sakini təcili yardım maşını ilə Bakı şəhərindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutuna gətirilib. İki gün sonra öz istəyilə Mərkəzi Neftçilər xəstəxanasına üz tutub.Həkim Abbasəli Abbasəliyev Fariz Həsənovun sağ bud nahiyyəsindən damara müalicə etməklə ürəyi anjoqrafiya müayinəsindən keçirib. Bundan sonra həkimlər ürək əməliyyatına qərar veriblər: “Müayinədən keçəndən sonra axşam anju oldum. Bu kiçik əməliyyata yaxın bir prosesdir. Birinci dəfə 2007-ci ildə anju olunmuşam. Əməliyyat bitəndən sonra həkimlər məni hərəkət etməyə, yeriməyə qoymadılar. Səhəri gördüm ki, ayaqlarım işləmir. Birinci sağ ayağımdan olmaqla hər iki ayağımdan başlayan keyləşmə üzü yuxarı qalxırdı. Beləliklə, ayaqlarımda hərəkət tamamilə dayandı. Xəstəxanadan nervpatoloq gətirildi və məni diaqnostik müayinələrdən keçirdi. Ayağımın tutulmasının başımla bağlı olmadığı aydınlaşdı. Həkimlər aralarında nəsə söhbət etsələr də mənə heç nə deyilmədi. Nervpatoloq kənardan “immunel” adlı bahalı bir sistem gətirtdi. Hansı ki, insan qanından düzəldilmiş bu məhlulun 6 qramı 750 manatdır. Kardioloqlar araşdırsalar da adı çəkilən sindroma nə üçün tutulmağımın səbəbini demədilər. Təxminən bir həftə sonra həkim Nigar İsmayılzadə mənim GBS adlı nevroloji xəstəliyə tutulduğumu təsdiq etdi. Müalicəyə başlanada artıq gec idi. Cünki bütün bədənim keyləşmişdi və artıq udquna da bilmirdim. Yeməyi burnumdan xüsusi şlanq vasitəsilə verirdilər. Həkim deyirdi ki, bu keyləşmə ürəyə çatsa, infarkt keçirmiş ürək buna tab gətirməyəcək. Ona görə də insan qanından düzəlmiş məhluldan artıq mənə “at dozası” vurulurdu. Ancaq təsiri olmurdu, nəinki ayaq, əl, hətta barmaqlar belə hərəkət etmirdi. Sadəcə, arxası üstə uzanılı qalırdım. Elə bir vəziyyətə düşdüm ki, məni hıçqırıq tutdu. Günlərlə bu hıçqıraq keçmək bilmirdi. Danışığım tamamilə dəyişdi.Bu xəstəxana yalnız bir məsələdə ciddidir...Həmin vaxtdan mənə aydın oldu ki, anjoqrafiya zamanı həkimin damara düşdüyü yerdə aorta, vena və sinir toplum şəklindədir. Hesab etdim ki, həkim səhlənkarlığı baş verib. Belə ki, həkim Abbasəli Abbasəliyev damara düşərkən sinirə toxunulmaqla damarıma virus salıb. Bu azmış kimi günlərlə arxası üstə uzanmaqdan belimə yataq yarası düşdü. Yaxınlarımı da yanıma gəlməyə qoymurdular. Heç olmasa, yoldaşım və ya oğlum gəlsəydi, yarama baxacaqdılar. Bu xəstəxana yalnız bir məsələdə ciddidir. O da xəstələrin yanına heç kimi buraxmamaq... Nəhayət ki, əlacım kəsildi və yanımda yatan xəstədən xahiş etdim ki, vəziyyətimlə bağlı ailəmə xəbər versin. O, isə “problem yoxdur, səni narahat edən nə varsa, söylə, görüntü çəkim ailənə göndərim” dedi.Vəziyyətimdən xəbər tutan ailəm halımı görəndən sonra hər şey dəyişdi. Təcili Türkiyədə müalicə olunmağım üçün “MedClub” MMC ilə danışıqlar aparıldı və Türkiyədə yerləşən Avrasiya Hospitalına aparıldım. Təyyarədə uzanılı vəziyyətdə 4 nəfərin yer pulunu ödəməli oldum”.Fariz Həsənovun sözlərinə görə, iki aya yaxın eyni yataqda hərəkət edilmədən uzanılı qalıb: “48 gün əl ilə çevrilən yatar xəstə kimi qaldım. Əgər həkim A.Abbasəliyev və digər kardioloqlar GBS-in məhz anjoqrafiya əməliyyatı zamanı yoluxa biləcəyini vaxtında desəydilər, müalicə də vaxtında başlayardı, mən də bu gün şikəst qalmazdım. Ayaqlarım hərəkətsiz olduğundan ürəyimdə əməliyyat etmədilər və 29 yanvar 2014-cü il tarixində ürəyimin bir damarına stend qoymaqla kifayətləndilər.Mərkəzi Neftçilər Xəstəxanasında barəmdə tərtib olunan işin içərisində olan gündəlikdə yaranın yarandığı vaxtdan 38 gün ərzində cəmisi 8 qrafada yataq yarasının adı çəkilb. Həmin müayinə gündəliyində yara 25 yanvardan əmələ gəlməsinə baxmayaraq bir ay izlənilməyib. Bu yaranı mən ki, evdən gətirməmişdim, bu tibb heyətinin baxımsızlığı üzündən xəstəxana şəraitində baş vermişdi. Sizə təqdim etdiyim şəkildən belimdəki yaraya neçə baxılması bəlli olur. Mənim yarama lazımı qaydada baxılmırdı. Yatdığım yataqa yara üçün xüsusi döşəyi salmamışdılar. Məni heç kim sağ və sol tərəfə cevirib qan dövranının bərpası üçün lazım olan əl çırpmalarını etmirdilər. Əgər o yaraya düzgün baxılsaydı, yara xəstəxana şəraitində (10x10sm) 3-cü dərəcəyə çevrilməzdi. Məcbur olub qohumlarımın maddi köməyi ilə qonşu ölkəyə getdim. 04 mart 2014-cü ildən 19 aprel 2014-cü il tarixə kimi 45 gün Türkiyədəki hospitalda qaldım. Yaraya Mərkəzi Neftçilər Xəstəxanasından çox fərqli baxdılar. Əməliyyat etdilər. Çünki bu yara çətin hesab olunan yaralardan idi”.Mərkəzi Neftçilər Xəstəxanasının Kardioreanimasiya şöbəsində yataq xəstəsi kimi ağır durumda olan Fariz Həsənov müalicəsi üçün tələb olunan pulları ödədiyini deyib: “Biz bu xəstəxananın bütün tələb olunan xərclərini ödəyəndən sonra maddi sıxıntı çəkdik. Həmin ərəfədə maddi durumumuz xəstəxana məsrəflərini ödəməyə yetmədiyindən övladlarım müalicəmə kömək məqsədilə bir neçə instansiyalara üz tutdu. Çünki həmin an xəstəxanadan çıxarılsaydım, ölə bilərdim. Oğlum Neftçilər Xəstəxanasının direktoru Leyla Seyidbəyliyə, Səhiyyə Naziri Oqtay Şirəliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktub ünvanladı. Amma bu qurumlardan da səs çıxmadı”.“Aldıqları pul haramları olsun”Şikayətçi qeyd edib ki, bu gün cavabdehlər sübuta yetirməyə çalışırlar ki, GBS onda əvvəldən olub. Amma internet məlumatında da yazılır ki, bu xəstəlik yaxın zamanda keçirilən əməliyyat nəticəsində də yoluxa bilər: “Sübut etmək istəyirlər ki, mən şəkər xəstəsi olduğuma görə bu böyüklükdə yataq yarasının əmələ gəlməsi labüd idi. Özlərinə irad tutmurlar ki, şəkər xəstəsi olan xəstənin yarasına əvvəlcədən lazımı qaydada qulluq olmalıdır ki, xəstə ölümcül vəziyyətə düşməsin. Azərbaycanda labüd qəbul edilən yaranı şəkər xəstəsi olsam belə, Türkiyədə sağaltdılar. Xəstəxanada qalmaq üçün hər gün pul ödəməli olurduq. İki aya yaxın orada qaldım. Belə bir xidməti burda mənə etmədilər. Düzdür, çox xərc çıxdı, amma onların aldığı pul halaldır. Mərkəzi Neftçilər Xəstəxanasında isə çəkilən xərclər onların haramı olsun. Bu gün də mən oturmaq istəyəndə əziyyət çəkirəm”.Fariz Həsənov Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin səhlənkarlığı ucbatından çəkdiyi xərclərdən də danışıb. O, deyib ki, təkcə Mərkəzi Neftçilər Xəstəxanasının hesabına 10 min 820 manat pul ödəyib. Tamamilə sağalması üçün yaxın ətrafı və qohumlarından borc götürüb. Xəstənin müalicəsi üçün çəkilən xərcləri təqdim edirik:

  1. 10.820 manat MNX-nın hesabına
  2. 6.090 manat İmunel sisteminə iş məhkəməyə verilənə kimi
  3. 4.114 manat “MedClub” MMCnin hesabına məni Türkiyəyə aparmaq üçün
  4. 1.955 manat MedClub” MMC-nin işçilərinə və məni uzanmış veziyyətdə apardıqları üçün iki əlavə yerə görə
  5. 3.000 ABŞ dollar Türkiyə Gazi Osmanpaşa Hospitalı
  6. 75. 000 ABŞ dollar Avrasiya Hospitalına
  7. 4.500 ABŞ dollar. Oğlum Nailin palatada baxıcı kimi yanımda qalmasına
  8. 1500 ABŞ dollar yemək pulu
  9. 450 manat Azərbaycana uçuş biletləri üçün
  10. 1230 manat Fizioterapiya üçün özəl klinikaya
“Həkim şikəst qalmağıma görə cavab verməlidir”Qeyd edək ki, Fariz Həsənovla bağlı iş hazırda Xətai rayon məhkəməsinin hakimi Səadət Səlimovanın icraatındadır. Şikayətçi bu işdə günahkar sayılan Abbasəli Abbasəliyevi məhkəməyə verib. Hələlik məhkəmə tibbi ekspertizası təyin edildiyindən işin icraatı dayandırılıb.Ağsu sakini sağlamlığına dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir: “Mən Abbasəli Abbasəliyevin həbs olunmağını istəmirəm. O, hələ ki heç bir prosesə qatılmayıb. Onu məhkəməyə gətirə bilmirlər... Şikəst qalmağıma cavab verməlidir. Sadəcə, mənə dəyən zərərin məbləği ödənilsin. Yarıcanam, otura, rahat hərəkət edə bilmirəm. Özümdən asılı olmayaraq məni bu vəziyyətə saldılar. Hələ mütəmadi müalicələr götürməliyəm. Məhkəmədə də tələbim müalicə xərclərimin və sağlamlığıma dəyən ziyanın ödənilməsi olub. Ayaqda qalmağım üçün təxminən 100 min manat xərçim çıxıb. Hələ də borc ödəyirəm”.Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.Alçina Amilqızı