Yuxarı

“Azərbaycan Jirinovskinin cavabını verməlidir”

“Azərbaycan  Jirinovskinin  cavabını  verməlidir”

 Akif Nağı: “Jirinovskinin açıqlaması Lapşin məsələsi ilə bağlı Rusiyanın təzyiqidir”Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski növbəti sərsəm bəyanatı ilə çıxış edib. O, Azərbaycanda və Türkiyədə separatizmə dəstək verən fikirlər səsləndirib. "Ermənilər öz torpaqlarını geri qaytarmaq üçün diplomatik, iqtisadi, siyasi vasitələrdən istifadə etməlidir". Jirinovski bildirib ki, kürdlər kimi ermənilər də silahla öz torpaq iddiaları uğrunda döyüşməlidir:"Qoy ermənilər qərar versinlər. Kürdlər dövlət yaradılması üçün görün necə vuruşurlar? Əllərində silahla döyüşlər aparırlar. Ermənilər isə öz torpaqlarını geri almaq üçün diplomatik, iqtisadi, siyasi vasitələrdən istifadə edir. Ancaq görünür yekunda ermənilərə silah yolu ilə torpaqlarını qaytarmaq lazım gələcək", - deyə Jirinovski söyləyib. Rusiya Liberal-Demokrat Partiyasının başçısı Türkiyəyə qarşı sərt mövqeyini də açıqlayıb: "Ermənilər, kürdlər, yunanlar, bolqarlar və suriyalılar Türkiyəyə düşmən olub. Onlar hamısı Türkiyəyə nifrət edirlər. Türkiyə rəqiblər tərəfindən mühasirəyə alınıb: qərbdə -bolqarlar və yunanlar, şərqdə-ermənilər və kürdlər, cənubda - Suriya. Türkiyənin sonudur! Amma bu beş ildən sonra olacaq, on ildən sonra bunu dəqiq bilmirəm. Türkiyə onsuz da dağılacaq və regionda heç bir rol oynamayacaq. Amma Rusiyanın Liberal Demokrat Partiyasının konkret mövqeyi müstəqil kürd dövlətini dəstəkləməkdir. Kürdlər Türkiyədə, Suriyada, İranda və İraqda yaşayırlar və onların sayı 40 milyondan çoxdur". Erməniləri müharibəyə başlamağa çağıran Jirinovski Rusiya hakimiyyətinin onların arxasında dayandığını da söyləməyi unutmayıb: “Ermənilər müharibəyə hazırlaşsın, Putin dəstək verəcək".“Onun açıqlamaları məqsədyönlüdür”Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, V.Jiinovskinin açıqlamasına qeyri-ciddi yanaşmaq olmaz. Onun bəyanatları Rusiyanın dövlət siyasəti ilə birbaşa bağlıdır: “Jirinovski göründüyü kimi də axmaq deyil. Yəni hər hansı bir ifadəni dəlicəsinə işlətmir. İstənilən şəkildə, istənilən bir situasiyaya uyğun olaraq, məqsədyönlü açıqlamalar verir. Rusiya hakimiyyəti rəsmi qaydada deyə bilmədiyini Jirinovskinin dili ilə qeyri-rəsmi səviyyədə deyir. Onun açıqlamaları Rusiyanın siyasətini bir daha açır. Jirinovskinin fikirləri Rusiyanın Ermənistanı dəstəklədiyini bir daha sübut edir. İkincisi, qeyd edim ki, Lapşin məsələsi ilə əlaqədar Azərbaycana Rusiya tərəfindən böyük təzyiq var idi. Buna baxmayaraq, Azərbaycan müstəqil siyasi mövqe nümayiş etdirərək öz istədiyinə nail oldu. Ona görə də ola bilər ki, Jirinovskinin açıqlaması Rusiya hakimiyyətinin Azərbaycana qarşı qəzəbini ifadə edir və hədələmək məqsədi daşıyır”. Akif Nağının sözlərinə görə, Azərbaycan Jirinovskinin Azərbaycanda separatçılığa və düşmənin xeyrinə yönəlmiş bəyanatlarını cavabsız buraxmamalıdır: “Rusiya hakimiyyəti Azərbaycana qarşı mövqeyini rəsmi qaydada ifadə edə bilmədiyi üçün Jirinovski kimi adamların dilindən səsləndirir. Azərbaycan tərəfi hansısa şəkildə, ona uyğun açıqlama verilməlidir. Çünki Azərbaycana qarşı dövlət səviyyəsində təhdid olsaydı, o halda Azərbaycan rəsmiləri də ona cavab verməli idi. Əgər rəsmi deyilsə, Azərbaycanın dövlət səviyyəsində münasibət bildirməsi düzgün olmaz. Ancaq Jirinovski deputatdır və Rusiyanın mövqeyini dolayısı ilə ortaya qoyur. Azərbaycan ya deputatlar, ya da QHT-lərin rəhbəri vasitəsilə Jirinovskinin cavabını verməlidir”.Müşfiq Abdulla