Yuxarı

Xocalıdan əvvəlki erməni cinayətləri

Xocalıdan əvvəlki erməni cinayətləri

Azərbaycan xalqının tarixinə soyqırım kimi yazılmış və siyasi-hüquqi qiymət almış hadisələr tarixi kökü etibarı ilə Osmanlı imperiyasının ərazilərinin bölüşdürülməsi - “Şərq məsələsinin həyata keçirilməsi” adlı uydurulmuş“erməni məsələsi” ilə bağlıdır. Bir zamanlar ermənilər özlərini dünyaya Osmanlı Türkiyəsinin Rusiya da daxil olmaqla Qərb sivilizasiyası arasında siyasi vasitəçi rolu oynayan mədəni və zəki xalq kimi təqdim edirdilər. Sonradan bu “rol” onların işinə yaradı və bu siyasətdən yetərincə bəhrələndilər. Lakin bununla yetinmədilər, özlərini zərərdidə xalq kimi təqdim edərək, söndürülməsi mümkün olmayan qan ocağı yaratdılar. XX yüzilliyin əvvəllərində Anadolu və Azərbaycan türklərinə qarşı hərbi cinayətlər törətmiş Qaregin Njde (Qaregin ter-Arutyunyan) yazırdı: “Sülh şəraitini normal adlandırmaq olmaz. Şərqdə hökm sürən sülh bizim tədricən məhvolmamızdır...”. Njdenin dostu Maykl Arlenə yazdığı bu açıq məktubdan 100 il keçir və hər şey onun dediyi kimidir.XVIII əsrin sonlarından başlayaraq ermənilər Türkiyə, XIX əsrdən isə Azərbayan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq niyyətlərini həyata keçirmək üçün Türkiyə və Azərbaycanın müxtəlif bölgələrində zaman-zaman qırğınlar, insanlıq əleyhinə cinayətlər törətmişlər. Saysız cinayət və soyqırımlardan biri də XX yüzilliyin sonlarında törədilmiş Xocalı və ondan 20 gün əvvəl baş vermiş, lakin sirləri hələ də açılmamış Malıbəyli-Quşçular, Qaradağlıdır, soyqırımlardır. Dağlıq Qarabağın hər üç kəndində baş verən zorakı cinayətlər Xocalı soyqırımından fərqli deyildir. Xatırladım ki, bütün zamanlarda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların ssenari müəllifi və baş rolun ifaçısı Rusiya və ordusu olmuşdur.Tarixə baxsaq görərik ki, istər İranın, Təbrizin, Sank-Peterburqun, Moskvanın, istərsə də Azərbaycanın və Ermənistanın (Ermənistan hələ də arxivlərinin açılmasına izn verməyib) arxivlərində İrəvan əsrlər boyu müsəlman yurdu kimi göstərilmiş, düşmən qüvvələri qarşısında möhkəm qala kimi istifadə olunmuşdur. Təbrizli tədqiqatçı S.Sərdarniyanın və erməni tədqiqatçı Anahid Terminayan əsərlərində göstərilir ki, 1917-ci ilə qədər ermənilər Güney Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmiş və onların müəyyən hüquqi əraziləri olmamışdır. S.Sərdariniyanın “İrəvan yek vilayət-e moselmanneşin bud” adlı tədqiqat əsərində qədim adı Çuxursəd olan İrəvan bina olunduğu gündən daşnakların azərbaycanlıları soyqırımı etdikləri günümüzə qədər işıqlandırılır. Kitabın “İrəvanın coğrafi mövqeyi” bölməsində müəllif İrəvanın müxtəlif dövrlərdə Azərbaycanın Çuxursəd vilayətinin paytaxtı olduğunu qeyd edərək yazır: “Çuxursəd Azərbaycanın dörd böyük vilayətindən biri idi, sonra İrəvan xanlığı, İrəvan vilayəti, sonda Ermənistan Respublikası olmuşdur. XX əsrin əvvəllərində bu vilayətin müsəlman əhalisnin cəsədləri üzərində Ermənistan respublikası yaradılmışdır. Bundan şirniklənən ermənilər Azərbaycanın digər torpaqlarına təcavüz edərək Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərini işğal etmişdir”.İlk hədəf Malıbəyli Quşçular idi 1992-ci il yanvarın 25-də Şuşa yaxınığındakı Daşaltı kəndində uğursuz “Qanlı dərə” əməliyyatından sonra düşmən bizim həm psixoloji cəhətdən müharibəyə hazır olmadığımızı, həm də silah-sursat yoxluğumuzu sınaqdan keçirdi. Bu da qarşı tərəfə irəliləmək və məqsədinə çatmaq fürsəti verdi. Odur ki, bir ayın içində küllü Qarabağı cəhənnəmə çevirib, ayın tamamında Xocalı soyqırımını törətdi. Dağlıq Qarabağın ən iri yaşayış məntəqələrindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri Şuşa rayonunda, Qarabağ silsiləsinin dağətəyi ərazisində, rayon mərkəzindən 14 kilometr şimal-şərqdə, Xankəndi şəhərinin 2,5 kilometrliyində, Ağdam-Şuşa avtomobil yolundan 2 km aralıda yerləşirdi. Qədim tarixə və zəngin mədəniyyətə malik Qarabağın türk obalarından olan Malıbəyli və Quşçular tarixən ticarət mərkəzi olmuş, burada karvansaralar, əttar, əllaf, baqqal dükanları, aşxanalar, çayxanalar, hamam, məscid, qala divarları, hətta kanalizasiya xətti də varmış. İşğal ərəfəsində kəndin 4 min nəfərə yaxın əhalisi var idi. Əhalinin əsas məşğuliyyəti əkinçilik və tərəvəzçilik olub. Kənddə 2 orta məktəb, kitabxana, mədəniyyət evi, klub, kinoqurğu, məişət evi, poçt-rabitə şöbəsi, ambulatoriya, minarəli məscid, çay daşlarından tikilmiş hamam kompleksi, tunc dövrünə aid kurqanlar var idi. XX əsrin əvvəllərində - 1909-cu ildə dövrünün ziyalısı Məmməd Qarayev Malıbəyli kəndində qızlar üçün əyalətdə ilk rus-tatar məktəbini açdırıb. Kəndin şimal-şərqində yaşı 300 ili çoxdan adlamış Səfəvi dövrünün yadigarı olan səkkizguşəli, çatma tağlı, iki günbəzdən və su hovuzundan ibarət hamam tikilisi də var idi.Hadisələri gözü ilə görmüş amerikalı jurnalistlər Robert Goldman, Svante Kornell və Tomas de Valın 1992-i ildə çap etdikləri “Bloodshed in the Caucasus: escalation of the armed conflict in Nagorno Garabagh” adlı məqaləsində yazılır: “1992-ci il fevralın 8-dən 12-dək ərazisinə, əhali sayına görə Xocalı qədər olan azərbaycanlılar yaşayan Malıbəyli kəndinə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Kəndin dörd bir tərəfi erməni kəndləri idi. Hansı istiqamətdən bölgəni tərk etmək istəsəydin, mütləq erməni kəndlərinin içərisindən keçməli idin. 366-cı sovet polku ağır texnika saxlanılan bokslarının qapılarını açıb, texnikanı sadəcə boksdan 2-3 metr çıxarıb birbaşa Kərkicahanı və Malıbəylini atəşə tuturdular. Mərmiləri qurtaran kimi boksda doldurub yenidən atəş açırdılar. Malıbəylidə bu atəş nəticəsində daş-daş üstündə qalmamışdı. Fevralın 10-da gecə yarısı, 366-cı alayın köməyilə ermənilər Malıbəyli kəndinə yenidən hücum etdi. Qadınlar və uşaqlar Malıbəylidən Quşçulara köçürüldü. Lakin Malıbəylidən sonra Quşçular başlayırdı. Kəndin müdafiəçiləri Azay Kərimovun başçılığı altında saat 12-yə qədər mübarizə apardılar. Şuşa və Xocalıya gedən bütün yollar bağlanmışdı.Ağdama yaxın Abdal Gülablı kəndinə gedən yol isə erməni kəndləri daxilindən keçirdi”. Çarles van der Leeuw “Azerbaijan: A quest for identity” və Monte Melikonyanın qardaşı- Markar Melkonyanın yazdığı “My brother's road” adlı kitablarda Malıbəyli və Quşçulara hücum edən ermənilərin əksəriyyətinin Suriya, Livan, Amerika Birləşmiş Ştatları və Fransadan gəldikləri bildirilir. “The Deseret News” 5 mart 2012-ci il buraxılışında kəndin azərbaycanlılardan təmizlənərək onlarla insan meyidi ilə birlikdə yandırılması bildirilir: “Kənddə 50-70 arası şəxs öldürüldü, 15 nəfər əsir düşmüş, yaralananların çoxu Ağdam xəstəxanasında ölmüşdü. Kənddə yalnız qoca bir kişi anasının yataq xəstəsi olması səbəbiylə qalmışdı. Qadının yaşı 90-dan artıq olardı. İşğaldan sonra hər ikisi məktəbin həyətində üstlərinə benzin tökülərək yandırıldı”.Malıbəylidən sonra gələn Quşçular kəndi eyniadlı çayın sahilində yerləşirdi. Quşçular oykonimi Qarabağda yaşamış türkdilli quşçu tayfalarının adı ilə bağlıdır. Aşağı və Yuxarı Quşçular və Malıbəyli kəndləri Xocalı rayonu ərazisində bir ada kimi idilər. Odur ki, erməni qüvvələri Xocalını işğal etmək üçün ilk növbədə Malıbəyli və Quşçular kəndlərini zəbt etdilər. Fevralın 10-da erməni birləşmiş hərbi hissələri 366-cı polkun silahları və canlı qüvvəsilə Quşçuları da hər tərəfdən atəşə tutdular. Quşçuları kəndin əhalisi mərdliklə qoruyurdu. Lakin kəndin müdafiə dəstələrinin silah-sursatı, ov tüfəngi də olmadığından düşmənin mühasirə halqası daralırdı. Düşmən Xocalı istiqamətində əhalini qırmaq və girov götürmək üçün güclü hazırlıq işləri görmüşdü. Malıbəylinin qadın, uşaq və qocaları da Quşçulara qaçmışdı. Fevralın 11-dən 12-nə keçən gecə kəndi tamamilə mühasirəyə alan 366-ı alay döyüşçüləri kəndin müdafiəçilərini və silahsız insanları qətlə yetirərək Malıbəylidən sonra Quşçular işğal etdi.Qeyd edək ki, ermənilərin Malıbəyli və Quşçularıişğal etməsi bölgədə Avropa sülhmərəamlı misiyası (ATƏT) aparılan zamanı baş vermişdi. Mixael Kroissant “The Armenia-Azerbaijan conflict: causes and implications” və Robert Goldman “Bloodshed in the Caucasus: escalation of the armed conflict in Nagorno Garabagh” adlı kitablarında ermənilərin Malıbəyliyə əsas hücum səbəbini gələcəkdə qurudan Xankəndinə aparılacaq genişmiqyaslı əməliyyat təhlükəsinin aradan qaldırılması üçün edildiyini bildirirlər. Cohannes Rau “Der Nagorno-Garabach-Konflikt” və Pellat Katlen “Nagorno-Garabagh, Abkhazia and Chechnya: Violence and autonomy in Eurasia's secessionist conflicts” adlı kitablarında isə Malıbəyli və Quşçuların işğalını Qaradağlı, Ağdaban və Xocalı kimi soyqırımlarının başlanğıc səbəbi kimi qeyd edirlər.Qaradağlı soyqırımı Malıbəyli və Quşçuların işğalından 2-3 gün sonra ermənilər Dağlıq Qarabağın ən qədim və iri yaşayış məskənlərindən olan Qaradağlını mühasirəyə aldılar. Fevralın 15-də təpədən-dırnağa silahlanmış erməni-rus hərbi birləşmələri Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ən iri yaşayış məntəqəsi olan Qaradağlıya hücum etdilər.  Həmin gün ağır qurbanlar hesabına Qaradağlı əhalisi düşməni kəndə girməyə qoymadılar. Lakin fevralın 16-da səhər tezdən erməni terrorçuları daha böyük qüvvə ilə kəndinə güclü atəş açdılar. Səhərdən axşama qədər gedən qanlı döyüşlərdə hər iki tərəf saysız itki vermişdi. Lakin Azərbaycan könüllü döyüşçülərinin silahı bitmiş, Bakı ilə heç bir əlaqə yarada bilmirdilər.Fevralın 17-si gecəsi də səhərə qədər döyüş getdi. Kəndi zəbt edə bilməyən düşmən qüvvələri Xankəndidə yerləşən Rusiyanın 23-cü diviziyasının 366-cı motoatıcı alayının əsgər və zabit heyəti və xarici ölkələrdən gətirilmiş muzdlu qatillərlə birlikdə müxtəlif istiqamətlərdən Qaradağlı kəndinə həlledici hücuma keçdilər. Fevralın 17-də axşama yaxın müdafiəçilərin istehkam kimi seçdikləri kənd sovetinin binası da düşmən  tərəfindən tutuldu. Axşama doğru Qaradağlı kəndi tamamilə süqut etdi. Kəndin hər 10 sakinindən biri amansızlıqla qətlə yetirilmiş, meyitlər səpəli halda qalmışdı. 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülmüşdü. Onların çoxu əsirlikdə öldürüldü. Qətlə yetirilən, əsir alınan və itkin düşənlərlə bərabər Qaradağlı kəndində 200 nəfərdən çox itki verildi. Ermənilər ölənləri silos quyularına doldurur, girovlara dəhşətli işgəncələr veririrdilər.(ardı var)Toğrul





Həftənin ən çox oxunanları