Yuxarı

Nifrət və kinlə yoğrulmuş Elçibəy düşmənçiliyi

Nifrət və kinlə  yoğrulmuş Elçibəy düşmənçiliyi

 Uğursuzluğun Zərdüşt Əlizadə misalıZərdüşt Əlizadə yenə özünün “qıcqırmış qatıq bankası”nın qapağını açıb və “qatığı” sağa-sola töküb. Kəramət Böyükçölə müsahibəsində türklərin, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin, Bakını işğaldan azad etmiş Türk Qurtuluş Ordusunun komandanı Nuru Paşanın əleyhinə ağlına yox, ağzına gələni deyib. Nuru Paşa və Əbülfəz Elçibəyi Azərbaycanın başına gəlmiş müsibətlərin “səbəbkarları” adlandırıb. Bir az da irəli gedərək “ziyankar” və “Şeyx Nəsrullah” adlandırdığı Elçibəyi Dağlıq Qarabağı ermənilərə rus qoşunlarının Azərbaycandan çıxarılması müqabilində verdiyini bildirib.Danışmayanda yaxşı görünən4 il əvvəl Rusiya Novosibirsk Dövlət Texniki Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının professoru Nikolay Rozov Bakıda fəaliyyət göstərən mehmanxanalardan birində mətbuat konfransı keçirirdi. Rusiya, Gürcüstan və Azərbaycandan xeyli siyasət adamı qatılmışdı, Zərdüşt Əlizadə də oradaydı. Fürsət düşmüşkən tanış olub nömrəsini almaq istəyəndə bir partiya sədri məni bu fikrimdən daşındırmağa çalışdı. Kənara çəkib, bir xeyli Əlizadədən danışdı. Dedi ki, “Sən hələ jurnalistikada yenisən, heç kəsi, elə bu Zərdüştü yaxşı tanımırsan. Balam ölsün, bu adam danışmayanda yaxşı görünür. İnanmırsansa, ona söz veriləndə bax, ağıllı-ağıllı danışıb hamıya məsləhətlər verməyə başlayacaq. Guya burada budur, Bağdadda da kor xəlifə”.Divana yayılmış “yuxa”Məni elə ciddi-cəhdlə Zərdüşt Əlizadə ilə tanış olmaqdan çəkindirirdi ki, bu boyda partiya sədrinin niyə belə elədiyini başa düşmürdüm. Elə bildim dəlidir. Konfrans fasiləyə çıxanda Zərdüşt Əlizadəyə yaxınlaşdım. Foyedəki divanda əyləşmişdi. Yaxınlıqda çoxlu sayda həmkarı və onu tanıyan jurnalist, siyasət adamlarının olmasına baxmayaraq heç kəs onunla kəlmə kəsmirdi. Yaxınlaşdım. Özümü təqdim etdim, əyləşdim. Ordan-burdan söhbətlər etdi, sual da verdim. Mənə məsləhət verməyə başladı. Əslində başqasına məsləhət vermək özünü tərifləməkdir, özünü ağıllı olduğunu göstərməkdir. Bu, dünyanın ən gərəksiz işi idi ki, Zərdüşt Əlizadə həmin vaxt bunu etməklə məşğul idi. Bir az əsəbi, bir az da gərgin olduğum üçün mənlə danışan, xüsusilə, özünü tərif üstündə söhbət quran adamın gözlərinə baxa bilmirəm. Çünki bir qayda olaraq, içində özünün əskik, yararsız, perspektiv çatışmazlığı olduğunu fikirləşən insanlar özlərini tərifləməyə meyilli olurlar. Belə adamlarla danışarkən çox vaxt çalışıram ki, başının arxasına baxım, nəyə görəsə bunu edəndə özünü tərifləyən adama qarşı içimdə yaratdığım ikrah hissindən xilas ola bilirəm. Bir az yanakı dayandım, özümü tamamilə divanın arxa tərəfinə yıxdım. Özünü tərifləməyə başlayan Zərdüşt Əlizadənin adda-budda tük qalmış başının arxasına yan tərəfdən baxmağa başladım. İçimdəki ikrah hissi yox oldu. Mən hiss edirdim ki, Zərdüşt Əlizadəyə yazığım gəlir. Kədərli idi, fiziologiyası, jarqonu eybəcər olan bu adamın ancaq savadlı olmasına sevinirdim. Çünki sahib olduğu bu siyasi savadının onun yeganə sevinəcək yeri olduğunu düşünürdüm. Bütün hallarda hər kəsin özünü önəmli hiss edəcək bir üstünlüyü olmalıdır, əks halda intihar qaçılmazdır.“Hə”Əlimdə tutduğum fincandakı çay soyumuşdu. Ədəb qaydalarını pozmayıb verdiyim bir sualı Antarktidadan başlayıb Kamçatka yarımadasınadək iri regionlara bölən Zərdüşt Əlizadəni dinləyirdim. Azərbaycanda müxalifətin olmadığını, hakimiyyətin korrupsioner olduğunu, Elçibəyin ölkəmizə ziyan vurduğunu, ən əsası da mənim uşaq olduğumu, bunları bilmədiyimi, zamanla hər şeyi başa düşəcəyimi dedi. Heç nə demədim, məni kədərləndirən başının arxa hissəsinə görə dinmədim. O isə danışırdı, Qərb imperialistdir, Rusiya təcavüzkardır, Ermənistanı axmaqlar idarə edir, Ərdoğan Türkiyəni məhv edir və İran böyük dövlətdir, Çin gələcəyin gücüdür. İran məsələsində etiraz etdim, dedi ki, hələ uşağam, bunları bilmərəm. Mən formal olaraq başımı yelləyib “hə” dedim.“Qara qatıq prinsipi”Zərdüşt Əlizadəni bu görüşədək az danışan adam bilirdim. Bu dəfə çox danışırdı, çünki konfransda heç kəsin saya salmadığı bu adamın o vaxt ürəyini boşaldacağı bir adam vardı: o da mən - hər şeyi gələcəkdə biləcək südəmər jurnalist. Məni də qeyri-ciddi, amma dediklərinə etiraz etməyəcək saf uşaq kimi qəbul etdiyi üçün rahat idi. Əmin idi ki, yenicə başlamış tanışlığı pozmaq istəməyən südəmər jurnalist etiraz etməyəcək. Uzun illərin siyasi qovğalarından keçmiş bu sima jurnalistikada hələ yenicə iməkləməyə başlayan jurnalistin üzündən bunu mahircə oxumuşdu. Buna görə də ağına-bozuna baxmadan nə gəldi döşəyərdi. Mənim onun üçün maraqsız söhbət müqabili olduğumu ondan anlayırdım ki, gözləri ətrafda fırlanırdı, ətrafını çoxaldıb özünü önəmli hiss etmək istəyirdi. Lakin heç kəs ayaqlarını biri-birinin üstünə aşırıb, yuxa kimi divana yayılmış bu politoloqla söhbət etmək istəmirdi. Söhbət də o fonda baş verirdi ki, Zərdüşt Əlizadənin bu dediklərinin fonunda partiya sədrinin “o, danışmayanda yaxşı görünür” çağırışını eşidirdim.Zərdüşt Əlizadə sadə anlaşılan bir tənlikdir. Əgər Azərbaycanda hamı Elçibəyi tərifləsə, ona bütə inandığı kimi inansa belə, bu adam onu pisləyəcək. Amma ona görə yox ki, bildiyi nəsə var, sadəcə nifrətindən. Yaxud hamı bir ağızdan “Türkiyə pisdir desə” bu, “yaxşıdır”, deyəcək. Bəs nədən? Çünki həmişə çoxluğun qarşısında olmağa çalışan “ağıllı” olmaq istəyib. Aradan keçən 4 il ərzində mehmanxanada aldığım nömrəyə zəng edib Zərdüşt Əlizadədən onlarla açıqlama alımışam. Hər verilən suala da bir cümlə deyib, müdrikcə susub, guya aforizm deyib, başqa ekspertlərin 15-20 cümləlik açıqlamalarını bir cümlədə ifadə edib. Rəhim Qazıyevin sözü olmasın, bu adam özünü ağıllı hesab edəndə adam dəli olur. Necə deyərlər, açılmış süfrənin bir eyibi var, açılmamış süfrənin min.Mənsur





Həftənin ən çox oxunanları