Yuxarı

Köçkünlərə yenidən “çörək pulu” veriləcək

Köçkünlərə yenidən  “çörək pulu” veriləcək

 Prezident fərmanında dəyişiklik edilibRəşad Həsənov: “Həmin müavinət əvvəlcədən də bu şəkildə bölüşdürülürdü”Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Cebhe.info xəbər verir ki, sənədə aşağıdakı məzmunda 1-1-ci, 1-2-ci və 1-3-cü hissələr əlavə edilir:“1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.1-2. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin”. Vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilib.Fərmanı Cebhe.info-ya şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, vahid müavinətin verilməsilə bağlı sərəncamdan sonra, Nazirlər Kabineti bu müavinəti ala biləcək şəxslər statusunu müəyyənləşdirən qaydaları təsdiqləyib: “Bu statusa uyğun vətəndaşların böyük bir qismi vahid müavinət alanlar sırasından çıxarıldı, nəticədə bu insanların ödədiyi kommunal xidmətlərin dəyəri onlar üçün əlavə xərc yükü formalaşdırdı. Bununla bağlı müəyyən etirazlar baş qaldırdı. Təbii ki, bu etirazlar düzgündür. Çünki biz fərmanın imzalanmasından sonra vahid müavinətlə bağlı mexanizmin özünü mütərəqqi, eyni zamanda korrupsiya yolu açmayan daha təkmini mexanizm hesab etdik. Amma daha sonra bu qaydaların Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi vəziyyəti dəyişdirdi. Bu baxımdan xüsusilə müəyyən hallarda diskriminasiya ortaya çıxır. Hazırda ən ucuz enerji vasitəsi “mavi yanacaq”dır. Amma məcburi köçkünlərin çoxunun məskunlaşdığı ərazilərdə qaz təchizatı yoxdur. Belə olan halda onlar məcburdur ki, bütün enerji tələbatlarını elektrik enerjisi hesabına ödəsinlər. Məlumdur ki, 300 kilovatdan artıq elektrik enerjisi istifadə edənlərin 11 qəpiklik enerji sərfiyyatı ortaya çıxır. Bu da ona gətirib çıxarır ki, əslində mavi yanacaqla təmin olunmuş məcburi köçkünlərlə müqayisədə digərləri daha çox enerji xərcləməli olacaqlar. Sonda bu qeyri-müəyyənliyin və sosial problemlərin ortaya çıxması ilə nəticələnir. Beləliklə, hazırkı fərman kütləvi yaşayış məntəqələrində məskunlaşmış məcburi köçkünlər üçün əvvəlki şərtlərin bərpa edilməsini və onlara vahid müavinət mexanizmində nəzərdə tutulan 16 manatlıq kommunal xidmətlərin verilməsinin dayandırılmasını, istifadə olunan kommunal xidmətlərin dəyərini isə mərkəzləşdirilmiş formada dövlət büdcəsi tərəfindən aidiyyəti qurumlara ödənilməsini nəzərdə tutur. Yəni, burda qeyd olunan statusda olan insanların kommunal xidmətlərdən istifadə və vahid əmanət almaq şərtlərini “çörək pulu” ilə müqayisə etsək, tam əvvəlki qaydasına qaytarılıb. Həmçinin bura həmin insanların yeni yaşayış yerlərinə köçürülənə və qazla təmin edilənə qədər və.s şərtlər daxildir. Yəni, hazırki yaşayış şərtləri dəyişdikdən sonra bu insanlar zaman-zaman vahid müavinət mexanizmində nəzərdə tutulan kateqoriyaya daxil olacaq”.Ekspert bildirib ki, məcburi köçkünlərə ayrılan 36 manatın 16 manatı kommunal xidmətlər məqsədilə ayrılmış vəsait hesab olunurdu: “Həmin müavinət əvvəlcədən də bu şəkildə bölüşdürülürdü. Fərmanda konkret olaraq ayırma olmasa da, amma məbləğ  böyük ehtimalla Nazirlər Kabineti tərəfindən işlənib hazırlanmışdı. Əvvəlki dövrlərdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştli kommunal xidmətlərin hazırki tariflərlə ümumi dəyəri və “çörək pulu” birlikdə ifadə olunurdu. Hazırda “çörək pulu”nun verilməsi davam etdiriləcək, amma kommunal xidmətlərin verilməsi dayandırılacaq. Bu vəsait birbaşa dövlət büdcəsindən aidiyyəti qurumlara, yəni, “Azəriqaz” İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödəbniləcəkdir”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları