Yuxarı

Nazirliklərin səlahiyyəti azaldılır

Nazirliklərin  səlahiyyəti azaldılır

  Qubad İbadoğlu: “Fəaliyyətlərin mərkəzləşdirilməsinə ehtiyac var” Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov gələn ilin yanvarın 1-dən Azərbaycanda fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyindən danışıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, Ə.Əhmədov QTA-nın yaradılmasında məqsədin bu sahədə olan problemlərin aradan qaldırılmasına hesablandığını diqqətə çatdırıb. Baş nazirin müavini qeyd edib ki, ilk növbədə vacib mexanizmlər yaradılmalıdır: “Bura qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş, müvafiq qurumun formalaşdırılmasına qədər olan məsələlər daxildir. Qarşımızda duran digər məsələ isə Azərbaycanda yerli məhsulların xarici ölkələrə ixracı ilə bağlı mexanizmin hazırlanmasıdır. Bütün bunlarla müvafiq komissiya və gələcəkdə yaradılacaq agentlik məşğul olacaq. Amma narahatedici məqam odur ki, bəzi sahibkarlar vicdan hisslərini itiriblər və təhlükəli qidanın idxalı ilə məşğuldurlar. Güman edirəm ki, fəaliyyətə başlayan komissiyamız bunun qarşısını alacaq. Mən istərdim ki, bütün bu məsələlərin müsbət həlli üçün ictimai nəzarət də öz rolunu oynasın, dövlətə dəstək olsun. İctimai nəzarət dövlətin qarşısına qoyduğu məqsədlərə çatmaqda mühüm rol oynayır”. Hansı nazirliklərin səlahiyyətləri azaldılacaq? Ekspertlər Əli Əhmədovun bu açıqlamasını il ərzində aparılacaq struktur islahatları üçün edilən xəbərdarlıq olduğunu istisna etmirlər. Hesab etmək olar ki, qida təhlükəsizliyi və sahibkarların fəaliyyətlərinin yönəldilməsi ilə əlaqədar bir sıra səlahiyyətlər Kənd Təsərrüfat və İqtisadiyyat Nazirliklərindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə veriləcək. Nəzərə alsaq ki, sahibkarlıq sektoru İqtisadiyyat Nazirliyinə, istehlakçıların keyfiyyətli və təhlükəsiz qida ilə təmin olunması işi ilə Kənd Təsərrüfatı Nazirliyi məşğul olur, bu baxımdan bu iki sahəyə nəzarətin QTA-ya veriləcəyi gözləniləndir. Əli Əhmədov da jurnalistlərə açıqlamasında məhz bu iki məsələnin üzərində dayandı. Bir sıra səlahiyyətlərin bu nazirliklərdən alınaraq QTA-ya verilməsindən sonra atılacaq addımlara gəlincə, hesab olunur ki, növbəti addımda biri-birinin təkrarı hesab olunan bu strukturların birləşdirilməsi üzərində işə start veriləcək. Ekspertlərə görə əgər gözlənilən məntiq özünü doğrultsa, Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdiriləcək. “Müəyyən səlahiyyətlər bu nazirliklərdən alınacaq” ADR Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu “Cümhuriyət” qəzetinə İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin səlahiyyətlərinin bir qisminin bu agentliyə veriləcəyinin o qədər inandırıcı olmadığını deyib. Q.İbadoğlu bununla belə fəaliyyətin mərkəzləşdirilməsinə ehtiyacın olduğunu diqqətə çatdırıb: “Hesab etmirəm ki, bu iki nazirliyin səlahiyyətlərinin bir qismi qida təhlükəsizliyi ilə bağlıdır. Amma təbii ki, nazirliyin biri istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğuldur, digəri də istehlakçıları keyfiyyətli qida ilə təmin etmək üçün fəaliyyət göstərir. İstənilən halda bu fəaliyyətlərin mərkəzləşdirilməsinə ehtiyac var. Düşünürəm ki, bu istiqamətdə müəyyən səlahiyyətlər həmin nazirliklərdən alınacaq. Hesab edirəm ki, bu baxımdan da Mərkəzi idarəetmə strukturunun formalaşdırılmasına daha çox diqqət ediləcək”. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları