Yuxarı

Fermerlər bu dəfə də sığorta ilə yüklənir

Fermerlər bu dəfə də sığorta ilə yüklənir

Akif Nəsirov: “İndiki durumda fermerin məşğul olduğu sahəni sığorta etmək, onun işində maliyyə xərclərini artırmaqdan başqa bir şey deyil” Ötən gün prezident İlham Əliyev “Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi nəzərdə tutulur. Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı bənddə - kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi; kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması; kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması; kreditlər üçün girov bazasının genişləndirilməsi; kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması; aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmlərin hazırlanması; kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılması yer alır. Aqrar sığortanın inkişaf etdirilməsi ilə bağlı müddəalarda - kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi; kənd təsərrüfatı sahəsi üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi; Sığorta Hadisələri Reyestrinin hazırlanması; karantin rejiminin tətbiqi ilə bağlı kənd təsərrüfatı istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi mexanizminin yaradılması; kənd təsərrüfatı məhsulları istehsalçılarının sığorta savadlılığının artırılması prioritetləri üzrə bəndlər də var. Aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi ilə bağlı bənddə isə - aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin hazırlanması; aqrar sahədə investisiya mühitinin yaxşılaşdırılması nəzərdə tutulur. Kənd təsərrüfatının sığortalanması bu sahənin inkişafına təkan verə biləcəkmi? İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, kənd təsərrüfatında ilkin olaraq sığortalanmadan başlamaq düzgün deyil: “Adətən, sığorta o sahədə tətbiq olunmağa başlayır ki, orada işlək mexanizmlər və gəlir olsun. Kənd təsərrüfatı üçün də sığorta qaçılmazdı. Amma ilk növbədə kənd təsərrüfatı dirçəldilməlidir. İstehsal sahələri, bağçılıq, heyvandarlıq genişləndirilməlidir ki, sığorta kənd təsərrüfatında çalışan fermerlər üçün boyunduruğa çevrilməsin. İndiki durumda fermerin məşğul olduğu sahəni sığorta etmək, onun işində maliyyə xərclərini artırmaqdan başqa bir şey deyil. Bu da ondan irəli gəlir ki, bu gün kənd təsərrüfatı ilə məşğul olan fermerin gəlirləri çox azdır. Gəlirlər aşağı olduğu üçün sığortaya ayrılan vəsait fermerə təsir edir, onun gözünə çox görünür. Amma fermerin təsərrüfatı inkişaf etsə, gəlirləri artsa, bəli, o, sığortanın tətbiqində özü maraqlı olacaq. Bu sahədə inkişafa nail olmaq üçün ardıcıllıq olmalıdır. İlk növbədə kənd təsərrüfatını inkişaf etdirməliyik. Bunun üçün fermerlər yaxşı gəlirlərə malik olmalıdır. Bunun ardınca sığortanı asanlıqla tətbiq etmək olar və bu da çox ciddi səmərələr verə bilər”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları