Yuxarı

Qazın “yoxa çıxmasının” səbəbi bilindi

Qazın “yoxa  çıxmasının”  səbəbi bilindi

  İlham Şaban: “Bunun səbəbi həftəlik qaz hasilatının aşağı düşməsilə bağlıdır” Bu ilin sonuna qədər Gürcüstan təbii qazı yalnız Azərbaycandan alacaq. Gürcüstan hökuməti Rusiyadan qaz almağı planlaşdırmır. Tiflis Ermənistana qaz tranzitinə dair “Qazprom”la müqavilə imzaladıqdan sonra belə bir qərara gəlib. Əgər əvvəllər ixracatçı tərəf Gürcüstana tranzit haqqını təbii qazla ödəyirdisə, bundan sonra yalnız nağd pulla həyata keçirəcək. Analitiklər Tiflisin addımını siyasi qərar hesab edirlər. Gürcüstan müxalifəti isə yeni müqavilənin əlverişsiz olduğunu bildirib. Baş nazirin müavini və energetika naziri Kaxa Kaladzenin sözlərinə görə bu ilin sonuna qədər Rusiya qazının alışı ilə bağlı heç bir müqavilə imzalanmayacaq: “Bu ilin yanvar-mart aylarında Rusiyadan alınan qazın həcmi 100 milyon kubmetr təşkil edib. Bu həcmin 70 milyon kubmetri fevral ayında alınıb. Aprel ayından Gürcüstan əhalinin və müəssisələrin qazla təminatını tamamilə Azərbaycan qazı hesabına ödəyəcək”. Energetika Nazirliyinin məlumatına görə bu il Gürcüstana 2,457 milyard kubmetr qaz nəql olunacaq. Bu həcmin 2,347 milyard kubmetrini (95,5 faiz) Azərbaycan qazı təşkil edəcək. Rusiya qazının ümumi idxalda payı 4 faiz olacaq. Eyni zamanda, bu il Gürcüstan ərazisində qaz hasilatının həcmi 10 milyon kubmetr olacağı hesablanır. O, həmçinin qeyd edib ki, “Qazprom”la bağlanmış müqavilənin nəticəsində Gürcüstanın enerji ehtiyatını genişləndirmək məqsədilə ölkədə qaz anbarları tikilməlidir: “Həmin anbarların 2020-ci ildə istismara verilməsi planlaşdırılır. Rusiyanın Ermənistana nəql etdiyi təbii qaza görə ödədiyi vəsaitə Azərbaycandan, ehtiyac yaranarsa, İrandan qaz almağı düşünürük”. Kaxa Kaladze bildirib ki, Gürcüstan Rusiyadan güzəştli şərtlərlə qaz ala bilər. Belə ki, rəsmi Tiflis “Qazprom”dan qazın hər 1000 kubmetrinin satış qiymətini 215 dollardan 185 dollara qədər aşağı salmağı təklif edir. Qeyd edək ki, Gürcüstan 2017-ci ildən Rusiyadan təbii qaz almır. "Qazprom-Eksport" MMC-nin Gürcüstan hökuməti ilə bağladığı müqavilənin müddəti cari ilin yanvarın 1-də başa çatıb. 2017-ci ilə qədər Gürcüstan Ermənistana nəql olunan Rusiya qazının ümumi həcminin 10 faizini tranzit haqqı kimi alır. Danışıqların uzanmasına səbəb isə "Qazprom"un tranzit haqqını qazla deyil, pulla ödənilməsində israr etməsi olub. Gürcüstan tərəfinin güzəştə getməsi nəticəsində 2017-ci ilin yanvar ayında iki illik müddətə razılaşma əldə olunub. Həmin sənədə əsasən Rusiya təbii qazın nəqlinə görə ödənişin bir hissəsini mavi yanacaqla, bir hissəsini isə nağd pulla ödəməli idi. 2018-ci ildən nağd ödəniş sisteminə keçilməsi nəzərdə tutulurdu. Gürcüstanın qaza olan illik tələbatı 2,5 milyard kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40 faizdir. Rusiyanın Energetika Təhlükəsizliyi Milli Fondunun direktor müavini Aleksey Qrivaç bildirib ki, Gürcüstanın Rusiya qazından imtina etməsi siyasi oyunlara xidmət edən bəhanədir. “Bu qərar əvvəlcədən qəbul olunub”- Qrivaç belə deyib. Rusiya tərəfi Azərbaycan qazının qış aylarında Gürcüstanın tələbatını kifayət qədər ödəmədiyini iddia edir. Əslində Rusiya tərəfinin bu iddiada olması heç də təəccüblü deyil. Çünki bu il qışda “Azəriqaz” İstehsalat Birliyi ölkə vətəndaşlarına sözün əsil mənasında qənim kəsildi. Qışın soyuğunda təbii qazın verilməsində tez-tez fasilələrin yaranması, əhali arasında ən çox müzakirə olunan məsələ oldu. Baxmayaraq ki, bu il qış soyuq keçdi, amma “Azəriqaz” İB bunu nəzərə almayaraq təmir-bərpa işlərini davam etdirdi. Belə olan halda Azərbaycan Gürcüstanın təbii qaza olan tələbatını tam qarşılaya biləcəyi sual doğurur. “Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, 2016-cı ilin nəticələrinə görə, Gürcüstanın qaz təminatının 94.6 faizi Azərbaycan qazı hesabına ödənilir: “Rəsmi Tiflis indi də bunu yeni proporsiyada edir. Azərbaycan bu missiyanı öz üzərinə götürür. Yeniliyə əsasən Azərbaycanın Gürcüstana idxal etdiyi qazın həcmi artacaq. Burada hər hansı gərginlik, yaxud problem yoxdur. Bunun 1.2 milyardı Dövlət Neft Şirkətinin üzərinə, təqribən 800 milyon kubmetri isə Şah-Dəniz qazı hesabına olacaq. Bu, son 5 ilin praktikasıdır”. Ötən qış Azərbaycanda qaz təminatında yaranan kəsintilərə gəlincə, ekspert bunun səbəbini həftəlik qaz hasilatı aşağı düşməsilə əlaqələndirib: “Statistika göstərir ki, indiki halda qaz hasilatı artıb. Buna görə də, əlavə heç bir problem olmayacaq”. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları