Yuxarı

QHT sektorunu çökdürən qərar

QHT sektorunu  çökdürən qərar

  Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı vətəndaş cəmiyyətini narazı saldı Əlməmməd Nuriyev: “QHT-lərin narahatçılıqları aradan qaldırılmalıdır” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ezamiyyə xərclərinin nağdsız ödənişlərə keçirilməsi ilə bağlı verdiyi qərar QHT sektorunda ciddi narazılıq yaradıb. Qeyri Hökumət Təşkilatlarının (QHT) nümayəndələri bu qərara etiraz edirlər. Hesab olunur ki, bu sahədə ciddi problemlər var və bu qərarın inzibati qaydada məcburi tətbiq edilməsi yanlışdır və heç bir effekt verməyəcək. Digər tərəfdən nağdsız hesablaşmaların həyata keçirilməsi üçün infrastruktur demək olar ki, yox səviyyəsindədir. Ancaq ciddi narazılıqlara baxmayaraq, belə görünür ki, Palata verdiyi qərarı dəyişmək fikrində deyil. Digər tərəfdən hüquqşünaslar hesab edir ki, Palatanın bu qərarı vermək hüququ yoxdur. Qeyd edək ki, Palata ezamiyyə xərclərinin nəğdsiz ödənişlərlə həyata keçirilməsi üçün kommersiya banklarına müvafiq göstəriş verib. Bu da xüsusilə QHT-lərin fəaliyyətində ciddi məhdudiyyətin yaranmasına səbəb olub. Digər tərəfdən narazılıqlara baxmayaraq artıq banklar Palatanın göstərişinə əməl edirlər. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Bank Respublika VÖEN hesabına daxil olan qonorarı (xidmət haqqını) da nəğdləşdirmir. “Məbləğındən asılı olmayaraq. Məsələ ondadır ki, həmin hesab üzrə plastik kart da vermirlər ki, heç olmasa qəndə-çaya xərcləyəsən. Səbəbini isə bilən yoxdur. Bunu edənlərin məqsədləri də bəlli deyil”-QHT rəhbəri bildirib. “QHT-lər layihələri icra edə bilməyəcək” Məsələyə münasibət bildirən Konstitutsiya Araşdırmaları Fondunun prezidenti, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev “Cümhuriyət” qəzetinə açıqlamasında Qeyri Hökumət Təşkilatlarının maliyyə imkanlarının zəif olduğunu deyib. Ə.Nuriyev əlavə edib ki, bu qərar tətbiq olunarsa QHT faktiki olaraq öz fəaliyyətini icra edə bilməyəcək: “Bu gün QHT-lərdə maliyyə dayanıqlılığı möhkəm deyil və maliyyə mənbələrinə çıxışla bağlı müəyyən çətinliklər var. Doğrudur, Azərbaycan prezidentinin sərəncamından sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu məsələ bir az yüngülləşdirildi. Amma digər tərəfdən bəzi requlyativ qurumlar tərəfindən elə qərarlar qəbul edilir ki, hüquqi və qeyri-hüquqi şəxslərin, eləcə də QHT-lərin fəaliyyətini məhdudlaşdırılmasına gətirib çıxarır. Xüsusilə də nağdsız hesablaşmalar haqqında qərar qəbul edildikdən sonra, nizamlayıcı qurumlar tərəfindən məhdudlaşmaların miqyası genişlənməyə başladı. Vətəndaş cəmiyyətinə artıq dövlət büdcəsindən ayrılmış vəsaitlərin nağd çıxarılmasına məhdudiyyətlər qoyuldu. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara belə bir göstəriş verilib. Palata bu qərarla bütün hesablaşmaların nağdsız qaydada aparılmasını təklif edir. Bu da əlbəttə ki, QHT-lərin fəaliyyətində müəyyən çətinliklər yaradır. Məsələn, QHT Azərbaycanın hər hansı rayonlarının birində tədbir keçirir. Bu tədbiri keçirərkən marketdən dəftərxana ləvazimatları almalıdır. Qərarda göstərilir ki, həmin 5-10 manat xərc mütləq qaydada hesabdan-hesaba köçürülməlidir. Bu lüzumsuz vaxt itkisinə gətirib çıxarır. Çünki müqavilənin, köçürmə tapşırığının hazırlanması, əqd bağlanması üçün kifayət qədər vaxt lazımdır. Eyni zamanda bir çox hallarda qarşı tərəf ümumiyyətlə bu formatdan istifadə etmək istəmir. Çünki satıcı sadəcə olaraq nağd formada pulunu alır və kassa çekini verir. Satıcı da istəmir ki, bununla süründürməçiliyə, lüzumsuz vaxt itkisinə yol versin. Çünki, bunlar kiçik məbləğlərdir. Digər tərəfdən, ezamiyyətə gedən şəxs tərəfindən nağdlaşdırma zamanı ezamiyyə xərclərinin azalmasına səbəb ola bilir. Bu qərar eyni zamanda tədbirlər vaxtı 30-35 manatlıq çay, kofe saatının hazırlanması üçün müqavilənin imzalanmasını zəruri edir. Belə olan halda QHT faktiki olaraq öz fəaliyyətini icra edə bilmir. Ona görə də bir məsələdən ötrü rayona gedib, müqaviləni bağlayıb geri dönmək və göndərmək uzun vaxt və əlavə xərc tələb edir”. Ə.Nuriyev həmçinin bildirib ki, bu qərarda söhbət satınalmalardan getməlidir və həcmi 5 min manatdan yuxarı olan satınalmalarda nağdsız hesablaşma aparılmalıdır: “Əslində nizamlayıcı orqan belə bir qərar verməklə həm də öz səlahiyyətləri aşıb. Bu QHT-lərin fəaliyyətinə ciddi maneələr yaradır. Bu baxımdan düşünürəm ki, məsələyə aydınlıq gətirilməlidir. Eyni zamanda vergilərlə bağlı da aydın olmayan bir sıra məqamlar var. Bu məsələlərə aydınlıq gətirilməsi üçün Vergilər Nazirliyi ilə QHT-lər arasında görüşün keçirilməsi nəzərdə tutulur. Vergilər Nazirliyinə Açıq Hökumət Qiyabi Platforması adından bir müraciət göndərmişəm. Artıq ilkin razılıq da var ki, QHT-lərlə bir görüş keçirilsin və qanunda olunan son dəyişikliklərlə bağlı bir çox məsələlərə şərhlər verilsin. Yəqin ki, yaxın günlərdə belə bir görüş baş tutacaq. Hesab edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət göndərmək və mövcud vəziyyət haqqında müzakirələr aparmaq vacibdir. Güman edirəm ki, Palata ilə də uyğun bir görüş keçiriləcək. Çünki, bəzi hallarda QHT-lərin fəlsəfəsinin yanlış başa düşülməsi, requlyar qurumların verdiyi qərarlarla QHT-lərin fəaliyyətinə adekvat olmayan məhdudiyyətlərə gətirib çıxarır. Bu baxımdan hesab edirəm ki, bu məsələlərə aydınlıq gətirilməli və QHT-lərin narahatçılıqları aradan qaldırılmalıdır. Çünki, QHT-lər Azərbaycan cəmiyyətinin mühüm bir təchizatıdır. Azərbaycanda prezident tərəfindən QHT-lərin fəaliyyətinə xüsusi diqqət yetirilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərin bir çox dövlət qurumlarının idarə edilməsində ictimai şuralara cəlb edilməsi QHT-lərin nə qədər çox önəmli struktur olduğunu göstərir. Digər tərəfdən Şuranın sədri, deputat Azay Quliyev tərəfindən Parlamentdə QHT-lərin banklarla bağlı probemli qaldırıldı. Bundan əlavə Azay Quliyev verdiyi bütün müsahibələrdə Palatanın qəbul etdiyi qərardan sonra QHT-lərin narazılığını dilə gətirib. Düşünürəm ki, yaxın günlərdə QHT-ləri narahat edən bütün problemlər aradan qaldırılacaqdır”. Əliməmməd Nuriyev hesab edir ki, bu cür qərarların qəbuluna vətəndaş cəmiyyəti nümayəndlərinin cəlb olunması vacibdir ki, gələcəkdə heç bir ziddiyyətə yol verilməsin: “Eyni zamanda bu qərar vətəndaş cəmiyyətinin fəaliyyətində məhdudlaşmalara səbəb olmasın. Həm də bu prosesin daha yaxşı, sürətli həllinə nail olmaq mümkün olsun. Qəbul olunan qərarlar haqqında cəmiyyəti məlumatlandırmaq lazımdır. Bəzi hallarda cəmiyyət qərarların qəbul olunmasından məlumatlı olmur. Belə olan halda isə o, qərarın necə tətbiq olunması ilə bağlı da müəyyən çətinliklərlə üzləşirlər. Bu bütövlükdə həm vətəndaş cəmiyyətinə, həm də özəl sektora aid olan məsələdir. Hətta dövlət qurumlarının özlərində də bu qərarın tətbiqi ilə müəyyən problemlər yaranır. Çünki, hər şeydən əvvəl hər hansı bir qurumla əlaqədar qərar qəbul edəndə onun fəaliyyətini öyrənmək lazımdır. Çünki, QHT-lərin fəaliyyəti bir qədər fərqlidir. Ümid edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaş cəmiyyətilə görüşü səmərəli olacaq və bu kimi problemlər aradan qalxacaq. QHT-lərə Dövlət Dəstəyi Şurası da bu istiqamətdə fəaliyyətini davam etdirir”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları