Yuxarı

Direktor seçimi məmurlara qaytarıldı

Direktor seçimi  məmurlara  qaytarıldı

  Kamran Əsədov: “Bu qaydalar ölkə təhsilinə ləkədir” Dövlət İmtahan Mərkəzi məktəb direktorlarının təyinatı ilə bağlı yeni oyuna başlayıb. Əsasən bölgələrdə direktorların işə qəbulu qaydaları sərtləşdirilib. Ağırlaşdırılan qaydalar direktor fəaliyyəti ilə məşğul olmaq istəyənlərin ciddi narazılığına səbəb olub. Beləliklə də kasıb şəxslər yeni mövqe tutmaq imkanından məhrum olacaqlar. Sərtləşdirilmiş qaydaya görə direktorluğa namizəd olan şəxslər müəyyən mərhələlərdən keçməli olacaqlar. Yeni qaydalara əsasən, direktor olmaq istəyən namizədlər 200-250 işarədən ibarət elektron şəkildə esse yazmalıdır. Mərhələlərin elektronlaşdırılması həm də həmin namizədlərin İKT bacarıqlarını yoxlamağa da imkan verir. Müsahibə mərhələsi də bu il tam elektron formatda keçiriləcək. Esselərin mövzuları qabaqcadan elan olunacaq və namizəd test imtahanını başa çatdıran kimi həmin mövzu namizədə təqdim olunacaq. İnşaların yoxlanmasında mövzuya uyğunluq, orfoqrafik qaydalar, üslub və digər meyarlar nəzərə alınacaq. Bu yoxlama işləri Təhsil İnstitutunda xüsusi komissiyalar tərəfindən görüləcək.  Onu da əlavə edək ki, test, esse və müsahibə ayrı-ayrılıqda qiymətləndiriləcək və yekunda bu mərhələlər üzrə qiymətlər toplanaraq ümumi bala uyğun namizədlərin seçdiyi yerə yerləşdirilməsi proqram təminatı vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsində iştirak etməyin son yaş həddi 65-dir. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov sərtləşdirilmiş qaydalarla bağlı “Cümhuriyət” qəzetinə deyib ki, yeni qaydaya uyğun namizədə 40 qapalı test və esse yazmaq təklif ediləcək: “Həm də esse hökmən kompüter vasitəsi ilə yazılmalıdır. Hər bir testə və esseyə 20 bal veriləcək. Lakin əvvəlki qaydaya uyğun olaraq 60 açıq test və esse yazmaq təklif olunurdu. Esse yalnız müsahibə mərhələsində nəzərə alınsa da, ciddi əhəmiyyətə malik deyildi. Lakin hazırda esse nə az, nə çox, düz 20 balla qiymətləndiriləcək. Esseyə testlə müqayisədə bu qədər yüksək balın verilməsi qeyri-obyektivliyə xidmət edio. Testdən yüksək bal toplayan namizəd heç cür yazdığı esseyə az bal verildiyinin və ya testdən az bal toplayan namizədin yazdığı esseyə yüksək bal verildiyinin səbəb və meyarını öyrənə bilməyəcək. Bu da müsabiqə komissiyasına qeyri-obyektiv işləməyə şərait yaracacaq. Həmçinin, yeni qaydaya görə test, esse və hətta müsahibə mərhələsinə  ayrıldıqda bal veriləcək və bunların hər birinə görə keçid balı müəyyən ediləcək. Yəni, test istisna olmaqla esse və müsahibədə namizədin balı azaldıla və ya artırıla bilər. Axırıncı mərhələ olan müsahibə mərhələsinə belə balın verilməsi absurddur. Bu azmış kimi esse və müsahibə mərhələsi üçün keçid balının müəyyən ediləcəyi və hətta qapalı testdən yüksək bal toplayan namizədin esse və müsahibə mərhələsində minimum balı toplaya bilməməsi ehtimalı yaranır. Ya da ki, əksinə... Test mərhələsində müsabiqə komissiyasına aşağı bal toplayan namizədə esse və müsahibə mərhələsində yüksək bal verməklə onun ümumi balını yüksəltmək imkanı yaranır”. Ekspert qeyd edib ki, bu qaydalarda keçid balını toplayan lakin işə təyin olunmayan namizədlər 2 il müddətində ehtiyat kadrlar kimi bazada saxlanılacaq: “Yəni, direktor vəzifəsi il ərzində boşalan kimi bu namizədlərdən direktor təyin edəcəklər. Bu da Təhsil Şöbəsi və yerli icra hakimiyyəti orqanlarına nəyinsə müqabilində bu insanlara vəzifə vermək imkanı yaratmaqdır. Bu qaydaya uyğun əgər işlədiyin məktəbdə direktor vəzifəsi boşalıbsa, ora ehtiyat namizəddən biri təyin ediləcək. Həmin məktəbin müəllim və məktəb rəhbərinin imtahandan keçməsinə imkan verilməyəcək. Direktorların bir məktəbdən digərinə yerdəyişməsinə Təhsil Şöbələri ilə yanaşı Ərazi Maliyyə Hesablama Mərkəzlərinin də rəyi nəzərə alınacaq. Bunu heç cür anlamaq olmur. Direktorun yerini dəyişməyin maliyyələşməyə nə dəxli?” Maraqlıdır, maliyyə idarəsi üçün sərfəli namizədin yeri dəyişdirləcək? Məktəb direktoru təyin edən zaman pedaqoji meyarlar, yoxsa mühasiblərin qoyduğu meyarlar nəzərə alınacaq? Kamran Əsədov vurğulayıb ki, bu qaydalar ölkə təhsilinə ləkədir: “Əvvəlki qaydada qusur olsa da daha obyektiv idi. Heç olmazsa, namizədə özünü sınamaq imkanı verilirdi. Ölkə təhsilinə rəhbərlik edən bir-neçə intellektual qeyri-pedaqoqun təhsilimizə əsas meyar kimi hüquq və maliyyəni hesab etməsinin axırı bundan artıq olmamalı idi. Təhsil Nazirliyi əvvəlki qaydalara uyğun müsabiqədən yüksək bal toplayan namizədlərin yerli icra hakimiyyəti və təhsil idarəetmə orqanlarının mənfi rəyi hesabına təyinatdan kənarda qalması biabırçılığını bu dəfə də yeni qaydalarla kompensasiya etmək istəyir. Bu cəhdinin isə daha böyük biabırçılığa yol açacağının fərqində deyil”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları