Yuxarı

Bahalaşma ilə bağlı yalan statistika

Bahalaşma ilə bağlı  yalan statistika

  Akif Nəsirli: “Statistika Komitəsi qiymət artımını süni şəkildə az göstərməyə çalışır” Bu ilin yanvar-mart aylarında əvvəlki ilin yanvar-mart aylarına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,2 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə ərzaq məhsullarının qiymətləri 17 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,6 faiz artıb. Ötən ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz, o cümlədən, mədənçıxarma sənayesi üzrə 83,3 faiz, emal sənayesi üzrə 38,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6 faiz bahalaşıb. Bu ilin mart ayında fevral ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,3 faiz, o cümlədən, mədənçıxarma sənayesi üzrə 8,7 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,7 faiz, metal filizlərin hasilatı üzrə 5,7 faiz) ucuzlaşıb. İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, vətəndaş üçün məlumdur ki, son aylar ərzaq məhsulularının, geyimin və xidmət sahələrinin qiymətləri ən azı 20 faiz artıb: “Doğrudur, ola bilsin ki, mövsümlə bağlı hansısa ərzaq məhsullarının qiymətində azalmalar olsun. Amma elə ərzaq məhsulları var ki, qış ayları ərzində qiymət 30-50 faizə qədər artıb. Ümumiyyətlə, bir rüb ərzində qiymətlərdə ən azı 20 faiz artım qeydə alınıb. Ola bilsin ki, Statistika Komitəsi qiymətlərin artımını başqa metodla hesablayır, yaxud bəzi tendensiyaları dövlətin siyasətinə uyğunlaşdırır. Bu gün Azərbaycanda qiymətlər artırsa, bu, ölkənin iqtisadi siyasətinə xələl gətirən bir amildir. Statistika Komitəsi dövlət orqanıdır, bu səbəbdən də müəyyən məsələlərdə artımı süni şəkildə az göstərməyə çalışır. Ona görə də belə uyğunsuzluqlar yaranır. Əslində statistika real olsa, daha yaxşı olar. Bu həm dövlət siyasətinin müəyyənləşdirilməsi üçün, həm vətəndaşların ev təsərrüfatını qurması üçün, həm də insanların dövlətə etibar etməsi baxımından çox səmərəlidir. Reallığı əks etdirməyən statistika vətəndaş cəmiyyətində hökumətə etibarı azaldır. Bu tendensiyaya son qoymaq lazımdır. Bir vaxtlar İqtisadi Tədqiqatlar Mərkəzi alternativ statistika aparırdı. Həmin təşkilatın apardığı statistikası ilə dövlət statistikası arasında az qalırdı 50-50-yə fərq olsun. Hesab edirəm ki, Azərbaycan hökuməti öz nüfuzunu, reputasiyasını qorumaq üçün bu məsələlərə son deməlidir. Statistika Komitəsinin qarşısında məsələ qaldırılmalıdır ki, Azərbaycanda iqtisadi göstəriciləri reallığa uyğun müəyyənləşdirsin. Yəni, real olaraq elan etsinlər ki, iqtisadi durum necədir, ölkə əhalisinin gəlirləri nə qədərdir, qiymət artımı nə qədərdir. Bunu dünya ölkələri istifadə etdiyi metodika ilə ölçmək olar. Bu, çətin bir iş deyil. Sadəcə olaraq bu məsələni dövlət iqtisadiyyatına qurban verirlər və zənn edirlər ki, bununla dövlətin siyasətinə müsbət meyillər gətirirlər. Amma düşünmürlər ki, bu, dövlət siyasətinə əks effekt verir”. Ekspertin sözlərinə görə Statistika Komitəsi qiymətləri süni şəkildə azaltsa da, əhaliyə ümumi vəziyyət bəllidir: “Cəmiyyətdə dövlətə qarşı etibar, inam azalıb. Vətəndaş görür ki, təyin olunan statistika saxtadır. Bu da müəyyən psixoloji təsirlər yaradır, eyni zamanda hökuməti nüfuzdan salır. Buna ciddi şəkildə son qoymaq lazımdır. Elə ölkələr var ki, vətəndaş cəmiyyəti nümayəndələri dövlət statistikasına istinad edir və hamı da bunu mötəbər mənbə kimi qəbul edir. Amma Azərbaycanda alternativ statistika aparılan zaman yarıbayarı fərq ortaya çıxmışdı. Bu, dövlət informasiyasının mötəbərliyinə xələl gətirməkdir. Yanlış statistikaya, şişirdilmiş rəqəmlərə son qoymaq lazımdır. Dövlətini, millətini, hökumətini sevən, rəğbət bəsləyən insan başa düşməlidir ki, bu məsələlər heç kimə xeyir gətirmir. Yalan kimə xeyir gətirər?” Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları