Yuxarı

Uşaqlarınız məktəbdə qripə yoluxur?

Uşaqlarınız məktəbdə qripə yoluxur?

İnfeksion xəstəliklər daha çox bağça, məktəb, universitet kimi yerlərdə yayılır xestelik 2015-2016-cı tədris ilində ümumtəhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alır. Ölkə üzrə I sinfə başlayan şagirdlərin sayı 150 mindən çoxdur. Azərbaycan Respublikası Təhsil Nazirliyindən aldığımız məlumata görə, bu il Bakı şəhəri üzrə I sinfə gedən şagirdlərin sayı 42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumtəhsil orta məktəblərdə 347 891 nəfər şagird təhsil alır.   Xüsusilə də məktəbə yeni başlayan uşaqlar ilk dəfə daxil olduqları mühitdə özünü yad hiss edə, narahat ola bilər. Birinci sinfə başlayan uşaqların bir çoxunda məktəbə fobiya, narahatçılıq da müşahidə edilir. Eyni zamanda  bu izdiham içində infeksiyon xəstəliklərə yoluxa bilər. Uşaqların immun sistemi qripə qarşı zəif olduğu üçün onlar tez yoluxurlar. Buna görə də həkimlər valideynlərə məsləhət görür ki, övladlarına gigiyena məsələsində təməl məlumatlar versin. Pediatr Şəhla Quliyeva soyuqdəymə, qrip, qızdırma əlamətləri olan uşağın məktəbə göndərilməsini məsləhət görmür: “Bir uşaq sinifdə 20-25 uşağın qripə yoluxmasına səbəb ola bilər, hər uşaq bir ailədən gəlir, evə qayıdanda o uşaqların hərəsi ailədə 1 nəfəri yoluxdursa görün nə qədər insan infeksiya daşıyıcısı olur. Xüsusilə 1-ci sinfə başlayan uşaqlara diqqət eləmək vacibdir, çantalarına nəm salfetlər qoymaq, hər tənəffüsdə əllərini silməyi başa salmaq lazımdır. Yaxşı olar ki, məktəblərdə uşaqlara əllərini sabunla yumaq üçün imkanlar yaradılsın. Uşaqlar anlamalıdır ki, sinif yoldaşlarının su qabından su içmək, dəsmalı ilə əlini silmək olmaz, bu əşyalar fərdidir və gigiyenik baxımdan başqasının istifadə etməsi düzgün deyil”. Həkim deyir ki, infeksiyanın yayılmasına məhz bu amillər səbəb olur: “Uşaqlara gigiyena qaydalarını vaxtında başa salmaq lazımdır, tutaq ki, evdə bacısının su içdiyi stəkandan su içən uşaq bunu məktəbdə parta yoldaşı ilə də təkrarlayacaq. Məhz bu səbəbdən də tədris ili başlayan ərəfədə infeksion xəstəliklər 2 dəfə artıq müşahidə edilir”. infeksiyon Müsahibimiz məsləhət görür ki, məktəbli övladı olan valideynlər uşaqları hər ay qeydiyyatda olduğu poliklinikalarda müayinədən keçirsin: “Müayinə cəmi 10 dəqiə vaxt aparacaq, amma uşaqların səhhəti üçün vacibdir. Bir çox valideyn övladı  məktəbə başlayanda təhsil müəssisəsinin tələb etdiyi sağlamlıq kağızını rüşvətlə almaq istəyir, “həkim, 5-10 manat verim, bir şey yaz ver, tələsirəm” deyib uşağı müayinələrdən keçirmir. Vicdanı olan həkim razılıq vermir, bəzən isə valideyn elə istədiyi formada arayışı alıb uşağı məktəbə yazdırır. Nəticədə bilirsinizmi nə olur? Uşaq hansısa bir virusu bütün məktəbə yaya bilir və yaxud əksinə, özünün immun sistemi o qədər zəif olur ki, məktəbə getdiyi ilk günlərdəcə xəstələnir”. Həkim xüsusilə də peyvənd məsələsində diqqətli olmağı tapşırır: “Bir çox valideynlər gəlib ərizə yazır, peyvənddən imtina edir. Başa sala bilmirik ki, sənin övladın kütlə içinə çıxacaq, izdihamlı yerdə olacaq və virusa yoluxma riski daha çoxdur. Sinifdə bir nəfər suçiçəyi xəstəliyi daşıyıcısıdırsa və bu gec bilinirsə, deməli, bütün sinif risk altındadır. Peyvənd olunanların orqanizmi onları müdafiə edəcək, bəs peyvənd olunmayanlar? Belə uşaqlar xəstəliyi maqnit kimi özünə çəkir, sonra da valideyn gətirir ki, müalicə kursu təyin edək, antibiotik yazaq. Axı vaxtında peyvəndini etdirsəydin, buna ehtiyac olmayacaqdı”. Həkim bir vacib məsələyə diqqət yetirməyi tövsiyə edir: “Bir çox valideyn məktəbli övladı soyuqlayanda, qrip olanda öz bildiyi formada antibiotik alıb tətbiq edir. Olduqca ciddi təhlükə yarada bilər, etməyin. Uşaq xəstələnə bilər, bu normaldır. Amma öskürən kimi, bir az istiliyi qalxan kimi dərman tətbiq etmək olmaz. Ən az 24-48 saat gözləmək lazımdır. Antibiotik təyinini mütləq peşəkar etməlidir, aptekdə əczaçının məsləhəti ilə övladınıza antibiotik verməyin. Sağalanadək məktəbə getməsin, çünki sinif yoldaşlarını da yoluxduraraq virusun yayılmasına səbəb ola bilər. Evdə dincəlmək, bol-bol maye qəbul etmək xəstəliyi daha tez sağaldır”.   Uşaqlara gigiyena qaydalarını ən xırda detallarına qədər anlatmağın vacibliyindən bəhs edən Şəhla Quliyeva “Uşaqların immun sistemi tam formalaşmadığı üçün məktəbdə xəstələnmə ehtimalları çoxdur, yoluxmanı minimuma endirmək üçün qidalanmasına diqqət etmək vacibdir, ağartı məhsulları, meyvə menyularında üstünlük təşkil etməlidir. Məktəb çantasına evdə bişmiş şirniyyat və meyvə qoymaq lazımdır, uşaqları mağazadan alınmış hazır qidalardan uzaq saxlayın. Meyvə olmayan mövsümlərdə meyvə quruları yesinlər, hər gün süd içsinlər. Uşağa meyvə verməyən valideynlər var ki, gəlib vitamin yazmağımızı istəyirlər. Axı təbiətdə bu qədər vitamin anbarı var” deyir.   DİQQƏT: Uşaqlar arasında virus infeksiyası ən çox bu səbəblərdən yaranır: Əllərini gec-gec yuması Çirkli əşyaları ağızlarına alması Başqasının qabından su içməsi Sabundan az istifadə etməsi Keyfiyyətsiz məktəb ləvazimatları İmmun sisteminin zəif olması   Uşaqların hər gün, ən azı 2 dəfə əllərini sabunla yumasına diqqət etmək lazımdır, həkim valideynləri xüsusilə də məktəbli uşaqları məktəbdən gələn kimi barmaqlarının aralarını diqqqətlə sabunla yuması barədə məlumatlandırmağı məsləhət görür. Altay Bayramlı





Həftənin ən çox oxunanları