Yuxarı

Dəmirçioğlu: "Bəzən itiririk bir-birimizi, tapa bilmirik..."

Dəmirçioğlu:

[caption id="attachment_762" align="alignleft" width="271"]demircioglu Dəmirçioğlu: "Bəzən itiririk bir-birimizi, tapa bilmirik..."[/caption] Söz  güldürür, söz ağladır, söz dindirir, söz susdurur, söz düşündürür, söz danışdırır. Sözün sehri əvəzolunmaz bir qüvvədir. İnsan sözün sehrilə tilsimlənəndə  öz ruhunun səsi ilə baş-başa qalır. Bu gün sözün sehrinə düşən şair- rəssam Məmməd Dəmirçioğlu özünü ruhunun səsi ilə baş- başa buraxmadı, bizi də sözdən və fırçadan xariqələr yaradan könlünün sehrinə qonaq etdi. İlk sualımızın yaranışı heç də təsadüfi olmadı... -Oxucunun  “Məmmədi”ilə daxilinizdəki “Məmmədin” fərqi nədir? -Oxucu bir şairin şeirini oxuyursa, bəyənirsə bu şairin xoşbəxtliyidir. Şairi şair edən onun oxucularıdır. Şairin ruhunu sevən varsa, şeirini sevən varsa, demək, o əsil şairdir. Əsil şairlik bundan başalyır. Şairin vəsiqəsi onun şeiri və oxucularıdır. Hər bir şairin şeirlərinin içindən bir ana xətt keçir. Bu həmin poetik ana xətt şairin özüdür. Oxucuların “Məmmədi” isə Məmməd Dəmirçioğlunun şeirləri və onun şeirlərindəki ana xətdir. -Bəs Məmməd Dəmirçoğlunun ana xətti nədir? -Məni adətən sufi şairi kimi tanıdılar böyük tənqidçilər. Yazılar yazdılar bu haqda, ümumiyyətlə məndə Allaha sevgi bütün sevgilərin başında dayanır. Mənim aləmimdə hər şey Tanrıdan başlayır və hər şey Tanrıda bitir. Bizə işıqlar gəlir, Bizdən o yana yoxdan. Həyan olan nə varsa, Gəlir bəyana yoxdan. Ruh adamı olan insan yer üzünə düşən kimi ya orda qəribsəyir, yada orda darıxır. Çünki şair haqq carçısıdır, şair haqq axtarır. Axtardığı isə bu dünyada yoxdur. Bütün ömrü boyu axtarır və ona çata bilmir. Elə bu baxımdan şair özü istəsə də, istəməsə də müxalifətdə olmur. Olsa da, heç özü də bilmir ki, o niyə müxalifətdədir. -Səhrada gül bitirə bilirsiniz sözlə, bəs insafsızın qəlbində sözlə insaf bitirə bilərsiniz? -Bu səhra gülləri şeirinə hər kəs müxtəlif fikirlər söylədi. Müxtəlif yanaşmalar oldu. Amma mən bunu sırf indiki cəmiyyətimizdən yazmışam. Sanki, indiki cəmiyətimizin çox hissəsi səhraya bənzəyir və bu səhrada da güllər var. Akif Səməd, Məmməd İlqar, Adil Mirseyid... məgər bu şəxsiyyətlər səhra gülləri deyilmi? Bir də mənim bütün şeirlərim səhra gülləridir. Mən öz şeirlərimi sehrada bitirmişəm. Məncə, şairin şeirləri fərdilikdən çıxıb ictimailəşməlidir. O dərd sevilir ki, həmin dərd ictimai dərd olur. Yəni şeir bəşəri olmalıdır. Əsl şair odur ki, o, ən dərdli ürəkdə belə gül bitirməyi bacarır. O zaman həmin şairə əsl şair demək olar. -Ustad, qəzəbinizdən şeir yazmısınız? -Bəli, yazmışam. ”Yaşadım” şeirimi qəzəbdən yazmışam. Amma qəzəblə yazılan şeiri günah hesab edirəm. Çünki şeir sevgidən doğulur. -Mənim fikrimcə əlsində siz o zaman həqiqəti yazmısınız. Çünki insan qəzəbli olanda həqiqəti söyləməyə daha çox qadir olur. Məmməd Dəmirçioğlu üçün söz nədir? -SÖZ Tanrıdır. Salam sözlərin sözüdür, Salam sözlərin gözüdür, Salam Tanrının özüdür, Salam umanlara salam. Yəni söz Tanrının özüdür. Tanrı dünyanı sözdən yaradıb. İlk söz insanın Tanrı deməsidir. -Sözün sehrinə düşmək sizə nələri bəxş edib və nələri öyrədib? -Sözün sehri ən böyük sehrdir. Yəni ən qanmayan insanı sözlə qandırmaq mümkündür. Sözün sehrinə düşə bilən insan içindəki qəzəbi və nifrəti boğa bilər. Ən qəddar hökm belə söz sehrinin qarşısında acizdir. Şair öz oxucusunu, məhz sözün sehri ilə heyrətləndirməlidir. Əgər söz oxucunu heyrətləndirmirsə, demək həmin şeir tam mükəmməl şeir deyil. Sözün sehri poeziyada daha çox görünür. -“Rəsmi görüş- səmimi söhbət” bu anlamı necə qəbul edirsiniz? -Təbii ki, bunu birmənalı və müsbət qarşılamaq olmaz. Çünki kitab təqdimatlari filan, bəzi tədbirlər keçriləndə o, rəsmi görüş kimi qələmə verilir. Amma orda gedən söhbətlərin hamısı rəsmi sohbətlər olmur. Bu hallar ən çox müasir tənqidimizdə özünü göstərir. İndiki tənqidçilərimiz bəzən ən zəif şeirə elə möhtəşəm rəy bildirirlər. Yamanla yaxşıya fərq olmur o zaman. Bu halda isə heç bir səmimiyyətdən söhbət gedə bilməz. Mənə elə gəlir ki, indi tənqidçilər yox tərifçilər var. -İçinizdə sönməyən bir gənclik eşqi var, bunun sirri nədədir? - Mənə elə gəlir ki, yaradıcı insanlar qocalmırlar. Onlar fiziki cəhətdən qocala bilərlər. Amma yaradıcı insanlar ruhən heç vaxt qocala bilməzlər. Mənim ruhumda olan o sevgilər, o eşq 17-18 yaşlarımdakı sevgimdən bir zərrədə olsun nə azalmayıb, nə də qocalmayıb. İnsanın daxilində əbədi bir hiss var. O da sevgi hissidir. -Sizcə hər kəs düşündüyünü yazır? - Hamı düşündüyünü yazır. Kim necə düşünür və ya kim necə düşünə bilir, artıq o insanın beyni ilə ruhunun əlaqəsindən aslıdır. Elə insnalar var ki, şeir yaza bilmir özünü məcbur edib şeir yazmaq istəyir və bununla o, öz ruhunu və sözü zorlamış olur. Ancaq əsil şair, əsil yazıçı özünü yazır. Əslində insanın əil mexaniki alətdir. Çunki ürək, ruh nə deyirsə, əl də onu edir. -Ümumiyyətlə, şairlər cəmiyyətin eyiblərini açıq formada görən yeganə məxluqdur, rəssamlar isə hamıdan qapalı formada görürlər cəmiyyəti. Siz bir ruhunuza iki tərs mütənasibliyi necə yerləşdirmisiniz? -Mənim evimdə iki molbert var. Mən içəri daxil olan kimi onların hər ikisi də mənə baxırlar ki, görək mən hansına tərəf yan alacam. Mən isə könlümün səsini dinləyirəm. Amma mənim üçün hər ikisi möhtəşəm bir sahədir, poeziya da, rəssamlıq da. Mən icimdəki bir fürsəti gözləyirəm ki, zaman gələcək mən öz möhtəşəm əsərimi yaradacam və molbertlə dostlaşacam. -Birdən siz molbertlə yox, sizə məzlumluqla baxan komputerinizlə dostlaşdınız...O zaman molbert inciməz sizdən? -İnciyər, əlbəttə inciyər. Əslində mən poeziyaya meyl etməklə rəssamlığa xəyanət etmiş sayılıram. Çünki əsl sənətim rəssamlıqdır. Poeziya isə könlümün üz tutduğu məkandı. Mən düşünürdüm ki, bu dünyaya rəssam kimi gəlmişəm və ömrümü də rəssam kimi yaşayacam. Ancaq poeziya məni rəssamlıqdan oğurladı. Mən iki hissədən ibarətəm. Bəzən itiririk bir-birimizi tapa bilmirik. -Gənc yazarlardan elə yazar varmı ki,siz onlara yalnız şəxsiyyət kimi hörmət edirsiniz?Yəni ədəbi aləmdə onu qəbul etmirsiniz. -Bilirsiniz, mənim gənc yazarlarla elə də yaxından dostluq- tanışlıq əlaqəm yoxdu. Ancaq bu dövrümüzdə sosial şəbəkələrdə mən bir neçə istedadlı gəncləri tanıdım. Amma qərəzli olaraq elə bir hədəf yoxdur. -Sizin özünüzün bəyəndiyiniz və o şeirdə “siz” olan bir şeiriniz varmı? -Əslində mən hər şeirimi yazıb bitirəndə düşünürəm ki, bu mənim ən yaxşı şeirim olacaq. Amma görürəm ki, yox, mən istədiyimi hələ də yazmamışam. Mənə elə gəlir ki, şair o yerdə tükənir ki, o, özünün möhtəşəm şeir yazdığını blir. Bax o zaman həmin şairin ruhundakı söz eşqi tükənir. -Mən hər müsahibimdən hər zaman nəyisə öyrənirəm. Məmməd Dəmirçioğludan da nələrisə öyrəndim. Yəqin ki, cümlənin quruluşunda fərqə vardınız. Bəs siz necə...bu görüşdən bir pay ala bildinizmi? -Bu görüşdən mənə düşən ən böyük pay bir ümid oldu. Mən buna əmin oldum ki, gələcəyimiz gözəl əllərdədir. Mənim bu gün qazandığım isə yeni bir qələm sahibi və yeni ruh sahibi oldu. Mən buna çox sevindim. -Ugurlar, ustad! ƏNTİQƏ SƏMƏNDƏR    





Həftənin ən çox oxunanları