Yuxarı

Diaspordan xəbərsiz komitə

Diaspordan xəbərsiz komitə

Fəaliyyətsiz dövlət qurumunun ləğvi gündəmə gəldi

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə 24 apreldə qondarma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılıb. R.Tağıyevlə birgə tədbirdə Ukrayna xalq artisti adını almış azərbaycanlı Qurban Abbasovun da iştirak etdiyi bildirilir. Azərbaycanlıları təmsil edən Rövşən Tağıyev qondarma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasimində iştirakına görə qınanılıb. Həddindən artıq tənqid atəşinə tutulan Rövşən Tağıyev ümumilikdə ictimaiyyətin qınağına çevrilib.  

"Cümhuriyət” qəzetinin əməkdaşı məsələni aydınlaşdırmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova ilə əlaqə saxlayıb. Komitə yetkilisinin cavabı belə olub: "Mən şöbədən öyrənərəm. Görək, ümumiyyətlə, bizdə bununla bağlı araşdırmalara başlanılıbmı? Biz prokurorluq və digər orqanlar deyilik ki!...”. Mətbuat katibi şöbədən öyrənməli olduğu məsələ barədə isə zənglərimizi cavabsız qoydu.

Komitə diaspordan niyə məlumatsızdır?

Komitənin görməli olduğu əsas işi, xaricdəki diasporumuzun fəaliyyətilə bağlı mətbuat və ictimaiyyəti məlumatlandırmaqdır. Həmçinin diaspor təşkilatları ilə əlaqəli formada işləmək və xaricdəki fəaliyyəti koordinasiya etməkdir. Elə bu etinasızlığı və işə səthi yanaşmanın, məsuliyyətsizliyin, səhlənkarlığın, laqeydliyin nəticəsidir ki, Rövşən Tağıyev kimi adamlar istədiklərini edirlər. Böyük bir diaspor təşkilatının sədrinin ermənilərin qucağında oturmasının ilk ayıbı cəmiyyət olaraq bizimdirsə, ən böyük və bu ilkdən də ilki Rövşən Tağıyevi və onun kimiləri nəzarətsiz saxlayan Diaspor Komitəsinin adınadır. Elə bu nəzarətsizlik və özbaşınalıqdır ki, xaricdəki diaspor təşkilatlarımız göy-göyərti, pomidor, pal-paltar alveri ilə məşğuldurlar. İnsanlar tərəfindən diaspor nümayəndələrinə "alverçi” adı elə-belə verilməyib.

Odlar Yurdu Azərbaycan

Desək ki, xaricdəki diaspor təşkilatlarına dövlət qayğısı yoxdur, yanılmış olarıq. Az, ya çox dərəcədə həmin təşkilatlara dövlət pul ayırır. Əgər həmin təşkilatların ilk və əsas məqsədi dövlətçilik naminə xidmət olsaydı, gözlərini dövlətin ciblərinə dikməzdilər, öz pul ehtiyatlarını özləri yaradıb xarici dövlətlərin hakimiyyət və dövlət strukturlarında lobbiçilik fəaliyyətini yaradardılar. Amma biz onun şahidiyik ki, dövlətin ayırdığı pulları öz güzəranları və dəbdəbəli həyatları üçün həzm-rabedən keçirən diaspor təşkilatlarının rəhbərləri ermənilərin qurduqları tələlələr düşməklə yanaşı, Azərbaycanı böyük miqyasda ayıblıq etalonuna çevirirlər. Əlbəttə, diasporu güclü olan bir ölkəni İspaniya vətəndaşı şirkət kimi tanımazdı. Elə SOCAR-ın özünün iki il əvvəl İspaniyanın "Atletiko Madrid” futbol klubuna milyonlarla dollar verib, futbolçularının formalarının üzərinə "Odlar Yurdu Azərbaycan” ("Land of Fire Azerbaijan”) şüarını yazdırması düzgün deyildi. Azərbaycan AZTV-dəki Azərbaycandırsa, buna nə lüzum vardı? Əlbəttə, həmin şüarı görən ispan məsələnin məğzini bilmədən Azərbaycanı şirkət, yaxud MMC kimi tanımalıydı. 

"Oğru Cerri”

Rusiyada Ermənistan əhalisinin sayından iki dəfə çox azərbaycanlı yaşayır. Ukraynada da, Türkiyədə də elədir. Amma nə baş verir. Ermənilər Arsen Avakov, Etyen Mahçupyan, Sergey Lavrov, Mariya Zaxarova simalarında Ukrayna, Türkiyə və Rusiyanın siyasi həyatında özlərinə nəfəs tapırlar. Amma bizim telekanallar, dövlət adamları diaspordan danışanda ağızlarına çullu dovşan yerləşdirmək olar. Söhbət ağızı iri açmaqda deyil, söhbət açılan ağızdan nəyin çıxmasından və cəmiyyətin buna inanıb-inanmasından gedir. Əgər Diaspor Komitəsi bu suallara cavab verə bilmirsə, bizə susub, yaxasını kənara çəkib "Cerri” kimi pişiyin ağzından oğurladığı pendir qırığını xımır-xımır yeyən yararsız istehlakçı lazım deyil. Elementar bir suala verməyə cavabları yoxdursa, qulağının dibində nə baş verdiyini bilmək üçün başlarını yana çevirmirlərsə cəmiyyəti aldatmaq lazım deyil. İşini yarıtmayan, bu illər ərzində sanballı diaspor təşkilatları qura bilməyən Dövlət Komitəsinin ləğvi artıq zamanın tələbinə çevrilib. 

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları