Yuxarı

Qonşu ölkələrdən Gürcüstana köç

Qonşu ölkələrdən Gürcüstana köç

Zəlimxan Məmmədli: "Orda qanunlar işləyir”

Sosial durum ağır olan ölkə vətəndaşları pul qazanmaq üçün xarici ölkələrə üz tuturlar.Bu artıq günümüzün reallığına çevrilib.Ancaq fərqli "köçmə”lərin də şahidi oluruq.Gürcüstan Ədliyyə Nazirliyi maraqlı bir statistik məlumat açıqlayıb. Statistikadan belə məlum olur ki, hər il dünya ölkələrindən Gürcüstana vətəndaşlıq üçün müraciət edən şəxslərin sayı günü-gündən artır. Ədliyyə Nazirliyinin məlumatına görə 2012-2017-ci illərdə 500 Azərbaycan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.

Bu müddət ərzində ümumilikdə 32 017 nəfərə Gürcüstan vətəndaşlığı verilib.Bundan əlavə 19 597 Rusiya, 1 686 ABŞ, 1 122 Ermənistan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.Eyni zamanda, analoji dövr ərzində 7 264 Azərbaycan vətəndaşı Gürcüstanda yaşamaq icazəsi alıb.Yaşamaq icazəsi alanların ümumi sayı 76 585 nəfər olub.Onlardan 4 666-sı ermənistanlı, 9 515-i rusiyalı, 657-si britaniyalı, 635-i almaniyalı və s. olub. Bundan əlavə, 2013-cü ildən 2017-ci il mayın 24-dək 631 Azərbaycan vətəndaşı Gürcüstanda topraq sahəsi əldə edib. Bəs bu ölkələrin vətəndaşları niyə məhz Gürcüstanı seçirlər?

"Polis küçənin ortasında 1 lari dilənirdi”

Əslən Borçalıdan olan politoloq Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında insanların Gürcüstana üz tutmasını oradakı azad bazar mühiti və siyasi azadlıqlarla əlaqələndirib:

"Gürcüstan Saakaşvili dönəmində qlobal bir dönüş yaşadı. Gürcüstan bununla da avtoritar rejimlərin qorxduğu demokratiyanı Qafqaza gətirdi.Saakaşvilidən öncə bataqlıqda inildəyən bir Gürcüstan var idi.Qanun-qayda yox idi.Gürcü polislər küçənin ortasında 1 lari dilənirdi.Amma indi qanunlar işləyir, hakimiyyətin dinc-demokratik əsaslarla dəyişdirilməsinin əsasları qoyulub, siyasi çoxpartiyalı sistem var. QHT sektoru kiminsə əlinə baxmır, heç kimdən asılı olmadan qrantlarını alıb fəaliyyət göstərirlər.

Enerjilərini cəmiyyətin problemlərin öyrənilməsinə həsr edirlər.Bir sözlə Gürcüstanda hüquq alidir və işləyir. Qanun ali olan yerlərə isə insanlar üz tuturlar. İnsanlar istəyir ki, sosial vəziyyəti yaxşılaşsın, əməyi düzgün qiymətləndirilsin, investisiyalar qoyub gəlir götürə bilsin.Vergi sistemi şəffaf olan cəmiyyətə insanlar inteqrasiya edirlər. Azərbaycandan da iş adamlarının, o, cümlədən, əslən gürcüstanlı olan şəxslərin Gürcüstanı seçməsinin kökündə duran əsas amil məhz budur. MDB məkanında Gürcüstan və Ukrayna parıltılı bir demokratik imicdədirlər.Demokratiya milli, dini, irqi ayrıseçkilik tanımaz”.

Zəlimxan Məmmədli həmçinin bildirib ki, göstərilən amillər Gürcüstanın cazibə qüvvəsini artırır:

"Baxmayaraq ki, biz uzun müddətdir ki, bunun mübarizəsini aparırıq, amma Azərbaycanda "Soydaşlar haqqında” qanun qəbul edilmir. Gürcüstanda isə bu qanun qüvvədədir.Gürcüstan kökənli kənarda yaşayan şəxslərin ölkəyə birbaşa vizasız daxil olması, uzun müddət oturub qalmasına bu qanun icazə verir.Bu qanun yalnız seçib-seçilmək hüququ vermir.Bütün bu sadalananlar da Gürcüstanın cazibə qüvvəsini yaradır. Azərbaycanda özünü realizə edə bilməyən insanlar var ki, artıq onlar Gürcüstanda iş qurublar.

Kifayət qədər tanıdığım insanlar var ki, artıq onlar da Gürcüstana investisiya qoymaq niyyətindədirlər.Yurd əldən düşənlər üçün qəbiristanlıq deyil.Yurd insanların enerjili vaxtı fəaliyyət göstərməyi üçün bir məkandır.Təəssüf ki, Gürcüstan hökuməti ciddi yanlışlığa yol verib və mən 2014-cü ildən ora girə bilmirəm.Amma ilk qapı açılanda Gürcüstana dönmək, vətəndaşlıq almaq, Borçalıda yaşamaq istəyənlərdən biri mənəm.Borçalı Cəmiyyətinin sədri olaraq mənin də öz yurduma getmək istəyim var”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları