Yuxarı

Vətəndaşları aldadan saxta iş elanları

Vətəndaşları aldadan saxta iş elanları

is elanlari Ekspert: “Bu dələduz firmalar cəmiyyətin bəlasına çevrilib” Elektron kütləvi informasiya vasitələrində, İctimai nəqliyyatda, avtobus dayanacaqlarında və insanların sıx hərəkət etdikləri yerlərdə iş elanları ilə qarşılaşırıq. Yüksək əmək haqqı və iş yeri sərbəstliyi ilə təklif olunan bu elanların arxasında olan məqamları aydınlaşdırarkən məlum olur ki, reallıq heç də elanda yazılan kimi deyil. Yəni işsiz qalan bir insan elanlarda işçilər üçün yaradılan şəraiti yüksək dəyərləndirərək oraya müraciət edir. Hətta bu kimi iş elanları qadın alverinə, fahişəliyə belə səbəb olur. Ekspertlər təklif edir ki, vətəndaşların iş elanlarında olan saxta təkliflərlə aldanılmaması üçün bu yöndə maarifləndirmə işi aparılmalıdır. TV-lərdə xüsusi maarifləndirmə reklamları yerləşdirilməlidir ki, vətəndaşlar bu kimi elanlara aldanmasınlar. Bu işlə məşğul olan insanlar isə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Lüdvik Həsənov deyir ki, nazirlik 2002-ci ildən iş elanları yayan müəssisələrə lisenziya verirdi və hətta onların fəaliyyətinə nəzarət edirdi: “Sonradan həmin lisenziyalar ləğv edildiyindən, onlara nəzarət edə bilmirik. Bizim hüquqi normativ bazamız yoxdur. Belə müəssisələr birlik olaraq təşkilatlanırlar və özlərinə əsasnamə, nizamnamə tərtib edərək işədüzəltmə firması kimi fəaliyyət göstərirlər. Biz də heç cür onların işinə qarışa bilmirik”. Lüdvik Həsənov onu da əlavə edib ki, nazirlik tərəfindən belə saxta işədüzəltmə agentliklərinin fəaliyyətinə nəzarət olmadığı üçün vətəndaşlar iş elanlarında olan saxta təkliflərlə aldadıldıqda hüquq mühafizə orqanlarına müraciət etməlidirlər ki, onlar barədə müvafiq ölçülər götürülsün: “Vətəndaşları KİV vasitəsilə savadlandırmaq, onlara bilgi vermək lazımdır. Düzdür elə işədüzəltmə agentlikləri var ki, onların işi realdır. Amma neqativ hallara yol verənlər daha çoxdur. Ona görə ehtiyatlı olmaq vacibdir”. Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov yüksək əmək haqqı və iş yeri sərbəstliyi ilə firmalar tərəfindən təklif olunan iş elanlarının əməlli-başlı dələduzluqla məşğul olduqlarını dedi. Onun sözlərinə görə, bu tipli elanlar şirnikləşdirici xarakter daşıyaraq, vətəndaşların belə iş elanlarına daha tez cəlb olunması məqsədi daşıyır: “İş üçün gələnlərə yüksək əməkhaqqı vəd edilir, adətən anket doldurtduraraq, onlardan kiçik məbləğ – yəni 10-15 manat tələb olunur. İş üçün gələn vətəndaşı yayındıraraq onunla əlaqə saxlayacaqlarını bildirirlər. Amma əlaqə saxlamırlar. Vətəndaş başa düşür ki, aldadılıb və kişik məbləğə görə heç bir yerə şikayət etmir. Çünki 15 manata görə şikayət etsə, məhkəmədə dəfələrlə bundan çox xərci çıxacaq. Belə işbazlar, yəni “lotular” ayda 300 nəfəri belə aldatsalar, xeyli pul əldə etmiş olurlar ”. Sahib Məmmədov saxta iş elanları ilə məşğul olan belə şirkətlərin bir neçə yerdə paralel olaraq fəaliyyətdə olduğunu da önə çəkib. O, həmin firmaların tez-tez sonra fəaliyyət yerini dəyişdiyini də deyib: “Bu firmaların fəaliyyəti saxta olduğu üçün 3-5 aydan bir yerdəyişmə edirlər. Bu adi dələduzluq cəmiyyətin bəlasına çevrilib”. Hüquq müdafiəçisi xarici ölkələrdə vəd olunan iş elanlarının daha təhlükəli olduğunu vurğulayıb: “Orada təklif olunan işlərdə vətəndaşlar insan alveri qurbanına cevrilə bilərlər. Seksual əməyə və zorakı istismar hallarında daha böyük təhlükə var. Bu sahədə lisenziyalaşmanın olmadığını deyən Sahib Məmmədov ölkədə bununla bağlı hec bir monitorinqlərin aparılmadığını diqqətə çatdirib: “Heç mən lisenziyalaşmanın tərəfdarı da deyiləm. Hərə bir MMC açır və belə addımlar atır. Bu məsələdə vətəndaş fəallığı əsas tutulmalıdır. Aldadılan insanlar tərəfindən hər dəfə lazımi orqanlara şikayətlər çatdırılsa, onlarla bağlı tədbir görülə bilər. Şikayət yoxdu deyə əks tərəf tədbir görə bilmir”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları