Yuxarı

İldırım sürətli Qarabağ savaşı

İldırım sürətli Qarabağ savaşı

Natiq Miri: "Hərbi əməliyyatların alternativi yoxdur”

Aprel döyüşlərində biabırçı məğlubiyyətə düçar olan Ermənistan özünü "cəsarətli" göstərməyə çalışaraq Azərbaycana hədə-qorxu gəlir. Düşmən ölkə Azərbaycan qarşısında elə şərtlər qoyur ki, əvvəldən bu şərtlərlə razı olmayacağımızı bilir. Bununla yanaşı Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Azərbaycanla müharibə onların məhvi deməkdir. Bütün bunları bilə-bilə vaxtaşırı müharibə anonsu vermələri sadəcə gülüş görünür. Artıq Azərbaycan rəhbərliyi sülhdən söhbət belə getmədiyini anlayır. 

Bütün proseslər müharibəyə doğru gedir. Siyasi şərhçilər hesab edir ki, dövlətimiz gec-tez güc variantını seçməli və bununla da öz torpaqlarını azad etməlidir. O da məlumdur ki, Azərbaycan ikinci aprel hadisələrini təkrarlasa, Ermənistan məğlub olacaq və işğal etmiş torpaqlarımızı boşaltmağa razılaşacaq. 

Bəs politoloqlar nə düşünür?

Siyasi şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, təkrar aprel savaşının başlaması tam realdır:

"Sadəcə, zaman məsələsi xüsusi önəm daşıyır ki, bunun üçün hələ strateji yöndə , rəhbərlik səviyyəsində qərar verilməyib. Çünki çözüm üçün başqa yol qalmayıb. Bundan əlavə növbəti sülh danışıqları da atəşkəsi uzatmaq və status-kvonun qorunmasına xidmət edir. Bunu Azərbaycan hökuməti bilməmiş deyil. Ermənistanın bu cür davranması da təsadüf deyil. Ermənistan əgər havadarları tərəfindən müdafiə olunmasa, düşmən ölkə bu səviyyədə bu danışıqlar prosesini sabotaj edə bilməzdi. Məsələ ondan ibarətdir ki, əgər yeni bir aprel savaşı başlayarsa, bu uzunmüddətli olmayacaq. Bunu anlamaq lazımdır. Çünki bu imkanı Azərbaycana heç bir dünya güc mərkəzi tanımır. Söhbət yalnız qısamüddətli, lokal hərbi əməliyyatlardan gedə bilər ki, bu zaman çərçivəsində çox sürətli hərbi əməliyyatlar da bir neçə strateji obyektlər azad olunmalıdır. Söhbət bir neçə kənd və rayonun azad olunmasından gedir ki, məhz bu cür davranış və sürətli lokal-hərbi əməliyyatlar artıq həm Ermənistanı, həm də onun havadarlarını ciddi surətdə sülh masasına oturmağa, eləcə də əsas predmetlər üzrə danışıqlara başlamasına vadar edə bilər. Sadəcə, bunun üçün siyasi iradəyə ehtiyac var”.

Ermənistanın növbəti əməliyyatlarda məğlub olmasına gəlincə, Natiq Miri deyib ki, qətiyyən buna şübhə olmamalıdır:

"Bütün parametrlər üzrə Ermənistan bu gün böhran  yaşayır və erməni ordusu Azərbaycan ordusundan zəifdir. Həm təchizat, həm də mənəvi-psixoloji cəhətdən Azərbaycan ordusu üstündür. Bunu Ermənistana havadar dövlət olan Rusiya da bilməmiş deyil. Hesab edirəm ki, Azərbaycan Ordusu bir neçə test yoxlamasından sonra ola bilsin ki, hansısa anda lokal hərbi əməliyyatlara qərar verəcək. Çünki bunun alternativ görünmür. Ayrıca, Ermənistan prezidentinin son açıqlaması da diqqətdən qaçmamalıdır. O, birmənalı göstərir ki, bundan 20 il sonra keçmiş olsa da Ermənistan heç bir danışığa getməyəcək. Bu artıq danışıqlar prosesinin bitməsi anlamına gəlir və dolayısı ilə Azərbaycana müharibə elanından başqa yol olmur. Artıq Azərbaycan üçün düşünəcək bir yer də qalmayıb. Bundan əlavə bu gün Rusiyanın başı həm Suriyada, həm Ukraynada, həm də regionda digər münaqişlərlə ciddi surətdə qarışıqdır. Belə bir vəziyyətdə Azərbaycan qısa və qəfləti hərbi əməliyyatlar keçirə bilər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları