Yuxarı

Ziyalı ailələrdə də zorakılıq artıb

Ziyalı ailələrdə də zorakılıq artıb

"Bu il ərzində 2 müəllim qadının ailədaxili zorakılığa məruz qalması ilə bağlı fakt bizə bəlli olub”

Mehriban Zeynalova: "Cəmiyyətin ziyalı təbəqəsi də zorakılıq faktlarını gizlədir”

1993-cü ildə BMT-nin Baş Assambleyasında qadın zorakılıqlarının aradan qaldırılması üçün bəyanat qəbul edilib. 20 ildən artıq müddətin keçməsinə baxmayaraq dünyada qadın zorakılıqlarının sayı azalmaq bilmir. BMT tərəfindən hazırlanan hesabatlarda qeyd olunur ki, dünyada hər 3 qadından biri zorakılıq qurbanıdır. Bura məişət, fiziki, psixoloji, cinsi və s zorakılıq növləri daxildir. BMT-nin  hesabatında qeyd olunur ki, qadınların 35 faizi həyatlarının bir dönəmində başqa bir kişi tərəfindən zorakılığa məruz qalıb. Bu qadınların 70 faizi əlaqədə olduqları partnyorları tərəfindən daha çox fiziki və cinsi zorakılığa məruz qalır. 

Partnyorları tərəfindən fiziki və cinsi zorakılığa məruz qalan qadınların sayı abort etdirənlərdən iki dəfə üstündür. Partnyorları tərəfindən zorakılığa məruz qalmayanlarla müqayisədə bu cür qadınlar arasında QİÇS-ə yoluxanların sayı 1.5 dəfəyədək artıqdır. BMT-nin ötən ilki iclasında qeyd olunub ki, hazırda bir çox ölkələr tərəfindən psixoloji zorakılıqların ölkələr və müxtəlif mədəniyyətlərə görə necə təsnifləşməsi, ölçü meyarları mövzusunda böyük dəyişikliklər mövcuddur. Avropa Birliyinin üzvü olan 28 ölkədə qadınların 43 faizi həyatı boyu partnyorları tərəfindən bəzi psixoloji zorakılıqlara məruz qalır. 2012-ci ildə qlobal miqyasda öldürülən qadınların tən yarısının münasibətdə olduqları şəxs, yaxud da ailə üzvləri tərəfindən qətlə yetirildikləri müəyyənləşib. Elə həmin ildə qətlə yetirilən kişilərin sayı isə 6 faizdən daha az olub. Dünya miqyasında bu gün 700 milyondan artıq qadın uşaq evliliyi (18 yaşdan aşağı) yaşayır. Bu qadınların 3-də biri, belə desək, 250 milyonu 15 yaşdan daha erkən ailə həyatı qurub. Uşaq gəlinlərin QİÇS və bu kimi viruslara yoluxma ehtimallarının daha böyük olduğu təsbit edilib. Həmçinin bildirilir ki, uşaq gəlinlər arasında erkən hamiləlik faizi də yüksəkdir.

Dünya çapında 120 milyon qız (10 yaşından yuxarı) həyatlarının bir dönəmində cinsi zorakılığın qurbanı olub. Hesabatda qeyd olunur ki, onlar əksər hallarda hazırkı, yaxud da keçmiş həyat yoldaşları, partnyorları, oğlan dostları tərəfindən cinsi zorakılığa məruz qalırlar. Ötən il Qadınların Genital Soyğunçuluğunun Sıfır Həddi Beynəlxalq Gününə həsr olunan görüşdə BMT tərəfindən açıqlanan rəqəmlərə görə dünyanın 30 ölkəsində 200 milyon qız sünnət edilir. Qeyd olunur ki, bir çox ölkələrdə qadınların sünnəti 5 yaşdan daha erkən reallaşdırılır.

İnsan alverinin qurbanı olanlar sırasında yetkin qadınlar təxminən 50 faiz təşkil edir. İnsan alverinini qurbanı olan hər 3 nəfərdən ikisi qadın və qızlardır. Ümumilikdə insan alverinin qurbanı olanların 70 faizini qadın və qızlar təşkil edir. Bununla yanaşı qadınlar həm də kiber təcavüzə məruz qalırlar. Belə ki Avropa Birliyinə üzv olan ölkələrdə yaşayan, 15 yaşdan yuxarı olan  hər 10 qadından birinə kiber təcavüz göstərilib. Yəni onların istəyi olmadan cinsi mövzuda mesajlar, elektron poçtlar, sosial paylaşım linkləri əldə edirlər. Bu risk əsasən 18-29 yaşlı gənc qadınlar arasında üstünlük təşkil edir. Hər il dünyada 246 milyondan artıq qız və oğlan uşaqlarına məktəbdə zorakılıq tətbiq edilir. Hər 4 qızdan biri isə qatıldığı sorğuda bildirir ki, onlar məktəbin ayaqyolusundan istifadə etdikləri üçün narahatlıq keçirir, buna görə özlərini rahat hiss edə bilmirlər.
Aparılan araşdırmalar zamanı bəlli olub ki, oğlan uşaqları ilə müqayisədə qızlar zorakılıq, təcavüzə məruz qalmaq baxımından daha böyük risk qrupuna daxildirlər. Bir çox ölkələrdə təhsil sistemində olan problemlər qızların təhsil alması üçün böyük əngələ çevrilib. Maraqlı nüanslardan biri də budur ki, zorakılığa məruz qalan qadınların çox cüzi faizi, yardım istəyir, müvafiq qurumlara müraciət edir. Qadınların daha çox şiddət gördüyü ölkələrdə zorakılığa məruz qalan qadınların 40 faizindən daha azı yardım istəyir. Bu ölkələrdə yaşayan qadınlar həyatlarını ailəsinə həsr etdikləri üçün əlaqədar qurumlar haqda daha az məlumatlı olublar. Hesabatda qeyd olunur ki, şiddətə məruz qalan bu cür qadınların 10 faizindən daha azı polisə müraciət edir.

Bu vaxtadək azı 119 ölkədə ailədaxili zorakılıq əleyhinə qanunlar hazırlanıb. Belə qanunlardan 125-i cinsi zorakılıq əleyhinə, 52-ci isə ailədaxili zorakılıq hallarına görə təsbit edilib. 1995-ci ildən etibarən 100-dən artıq ölkədə araşdırma aparılıb. 44 ölkə 1995-2004-cü illəri əhatə edən bir anket hazırladı. Digər 89 ölkədə isə bu anket 2005-2014-cü illəri əhatə edib. 2014-cü ildə Avropa Birliyində 23 faiz heteroseksual olmayan qadınlarla təşkil olunan görüşlərdə bəlli olub ki, onlar fiziki və seksual zorakılığa məruz qalıblar. 

Bütün bunlar BMT tərəfindən açıqlanan rəqəmlər idi. Azərbaycanda da bu istiqamətdə vəziyyət ürəkaçan deyil. Xüsusən, son illər ailədaxili zorakılıq, qadın qətllərinin sayının artması ölkəmizdəki mövcud mənzərənin bariz nümunəsidir. 2016-cı ildə məişət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib. Onların 807 nəfəri qadın olub. Qadınların 1-i 18 yaşadək, 1-i isə hamilə olub.


"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Cümhuriyət”ə açıqlamasında deyib  ki, son 10 gündə ölkədə ailədaxili zorakılıq faktları artıb: "Bizə yalnız müraciət edən zərərçəkmiş qadınlar haqda məlumatlar bəllidir. Elə qadınlar var ki, onlar stereotipləri qıra, evinin sözünü yaya bilmirlər. Bizdə bir deyim var: ev mənim qalamdır, nə sirrim varsa, orda qalmalıdır. Bu deyim hələ də qalmaqdadır. Son illər ölkəmizdə zorakılıq faktları ilə bağlı dinamikanın artdığı müşahidə edilir. Bir müddət öncə atası tərəfindən ağır zərbələr vurulan qız dünyasını dəyişdi. Son 10 gündə ölkədə ailədaxili qətl və zorakılıq faktlarında artım müşahidə edilib. Bu cür hadisələrin kökündə qısqanclıq, etimadsızlıq, psixoloji gərginlik, sosial şəbəkələrdəki neqativ məlumatların yayılması (bir çox sosial şəbəkələrdə qadın xəyanəti haqda materiallar yayılır) bu cür hadisələrin baş verməsinə əsas səbəb olur. Bununla yanaşı valideynlərindən aqressiya görən şəxslər də bu gün ailəbaşçısı kimi zorakılıq edirlər. Son zamanlar kişilər tərəfindın qadınlara qarşı cəmiyyətdə aqressiv mesajlar verilir”. 

Xüsusən də 2003-2004-cü illərdən etibarən məişətdə zorakılıq faktlarının sayı artdı: 

"Daha sonra məişət zorakılığı haqda qanun qəbul edildi. Bir qisim qadın azadlığını, digər qisim isə mental dəyərlərin üstün tutulmasının tərəfdarı oldu. Hələ də qanuna söykənməyi, məsuliyyətimizi dərk etməyi öyrənməmişik. Hazırda məişət zorakılığı termini altında cəza tədbirləri nəzərdə tutulmayıb. Məişət zorakılığı anlayışı cinayət məcəlləsində yoxdur. Cinayət məcəlləsində bununla yanaşı kimisə intihar həddinə çatdırmaq maddəsinə görə məsuliyyət yoxdur”.

Bu hadisələrin konkret hər hansı bölgələrdə daha çox üstün olduğunu necə, demək olarmı? M.Zeynalovanın sözlərinə görə, öncələr aparılan monitorinqlər zamanı müxtəlif bölgələrdə bu cür hadisələrin baş verdiyi müşahidə edilib: "Bu hadisələri konkret bir bölgəyə şamil etmək olmaz. Biz daha çox xəsarət alanlarla bağlı məlumat alırıq. Hələlik bizə bəlli olan əsas məlumatlar fiziki zorakılıqla bağlıdır. İqtisadi, ekoloji və digər zorakılıq növləri ilə bağlı vəziyyət necədir, hansı cəza növü var? Bu suallar hələlik cavabsız qalıb. Ölkəmizdə bu istiqamətdə zorakılıq faktlarının araşdırılaraq gündəmə gətirilməsinə ehtiyac var”.

M.Zeynalovanın sözlərinə görə, mövsümi  amillərdən asılı olaraq insanlarda aqressiya artır. Hətta havaların isti keçməsi, günün zərərləri də təsiredici amildir. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılmalıdır.

M.Zeynalova bildirir ki, cəmiyyətin ziyalı təbəqəsi də zorakılıq faktlarını gizlədir: 

"Bu təbəqənin nümayəndələri adətən, özlərini qorumaq üçün susurlar. Bu il ərzində 2 müəllim qadının ailədaxili zorakılığa məruz qalması ilə bağlı fakt bizə bəlli olub. Fiziki zorakılıq olduğu üçün bu faktlar aşkarlandı. Qadınlar bir çox hallarda psixoloji zorakılığa məruz qalır. Hətta bu zorakılıq o həddə çatır ki, şəxsin əmək keyfiyyəti bütünlüklə məhv olur. Hələ o həddə çatmamışıq ki, intellektual və intellektual olmayan insanların zorakılıqları ilə bağlı araşdırma apararaq, öyrənək ki, bu zorakılıq faktları onların işlərinə necə təsir edir”. Maraqlıdır, Azərbaycanda psixoloji zorakılıq faktları necə, üstünlük təşkil edirmi? M.Zeynalovanın sözlərinə görə Azərbaycanda insanlar psixoloji zorakılığa məruz qalmaqla bağlı informasiyaları qapalı saxlayır: "Kimdən soruşsan, deyəcək ki, ərimdir. Yaxud da kişi deyəcək ki, arvadımdır. Nə zaman istəsəm, onunla münasibətdə ola bilərəm. Yəni qadın durumdan asılı olaraq bu münasibəti istəyib, istəməməsi qarşı tərəf üçün önəm daşımır. Əslində bu çox əhəmiyyətli mövzu olsa da, tərəflər bunu müzakirə etmirlər. İqtisadi və psixoloji zorakılıqlar gündəlik həyatımızı əhatə edib. Sadəcə olaraq bu zorakılıq növlərinin indikatorlarını müəyyənləşdirmək lazımdır. Şəxs hansı indikatorla məhkəməyə müraciət edib deməldir ki, ailəsində psixoloji zorakılığa məruz qalıb? Bir müddətdən sonra bu məsələləri də araşdırmağa çalışacağıq”.

Azərbaycanda ailəli olanlar arasında cinsi istək olmadan zorakılıq faktları çoxluq təşkil edirmi? Sığınacağa müraciət edən qadınlara istinad edərək, sadəcə bəlli təcrübədən yararlanaraq bu haqda nə demək olar? M.Zeynalovanın sözlərinə görə bu cür faktlar çoxluq təşkil edir: 

"Hansı ər qadından soruşur ki, onunla cinsi münasibətdə olmaq istəyir, ya yox? Ümumiyyətlə, Azərbaycanda qadının istəklərini büruzə verməsi biabırçılıq hesab edilir. Kişi dərhal ona sərt münasibət göstərir. Hətta rayon yerlərində kişi maraqlanır ki, qadın niyə bu cür münasibət  göstərir, kim ona bu cür şeyləri başa salıb. Kişi düşünür ki, bəlkə də qadın keçmişində nəsə yaşayıb. Bu səbəbdən qadınlar bir çox hallarda istəklərini boğaraq hisslərini büruzə vermirlər. Bir çox ailələrdə belədir. Lakin kişinin istəkləri normal qəbul edilir: bu qayda-qanundur. Cinsi münasibətlər gözəl olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda bir çox hallarda bu münasibətlərə vəhşilik kimi baxılır. Kişi ailə qurmazdan öncə də gələcək qadınına deyir ki, mən səni alıram. Yəni, qadın onun əşyası hesab edilir. Kişi qadını məcbur etməməlidir, öncədən onu bu münasibətə hazırlamalıdır”. 

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları