Yuxarı

"Azərsu”dan həkimlərə ittiham

"Sudan zəhərlənmə savadsız həkimlərin diaqnozudur” 

Son günlər Bakıda, xüsusilə, uşaqlar arasında ürəkbulanma, qusma əlamətləri ilə xəstəxanalara müraciətlərin sayı artıb. Müracətlər edənlərin əksəriyyəti azyaşlılardır. Əsasən sudan infeksiyaya yoluxma ehtimalı üzərində dayanılır. Xatırladaq ki, bir müddət əvvəl Sumqayıtda azyaşlılar arasında sudan kütləvi zəhərlənmə hadisəsi baş vermişdi. Həmin hadisədə də azyaşlılar ürəkbulanma, qusma əlamətləri ilə xəstəxanaya müraciət etmişdilər. İndiki müraciətlərdə də oxşar əlamətlər müşahidə edilir. Hesab edilir ki, yoluxma çiy sudan istifadə ilə bağlıdır.

Məsələ ilə bağlı "Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəis müavini Zahid Qasımov "Cümhuriyət” qəzetinin sullarını cavablandırıb. 

- Zahid müəllim, son vaxtlar uşaqlar arasında ürəkbulanma, qusma əlamətləri ilə xəstəxanalara müraciətlərin sayı artıb. Müracətlərdə sudan infeksiyaya yoluxma ehtimalı dayanır. Nə baş verir? 
- Əhalinin içməli suya tələbatını dövlət yerinə yetirir. Bu işlə dövlət məşğul olur. Mətbuat isə əks təbliğat aparmaqla məlum olmur ki, nəyə xidmət edir. 

- Bir müddət əvvəl Sumqayıtda su ilə bağlı zəhərlənmə olayı yaşanmışdı.
- Olmuşdu, amma təsdiqini tapmadı. 

- Səhiyyə Nazirliyi və onun tərkibində olan Gigiyena və Epidemiologiya Mərkəzi də təsdiqlədi ki, sudan zəhərlənmə olub. Yəni suda rotavirus aşkarlanıb…
- Siz sənədi ortaya qoyun və mən də baxım sizə cavab verim. Olmaz e, olmaz. Düşünülməmiş bəyanatlardan danışırsız.

- Ortada dövlət qurumlarının rəsmi mövqeyi açıqlanmışdı və biz də onlara istinadən danışırıq... 
- Mən sizinlə o zaman danışacam ki, mənə hansı qəzet və ya saytda bununla bağlı rəsmi yazı getdiyini sübut edəcəksiniz. Mən hamısını izləmişəm. O məlumatların heç birinin ciddi və rəsmi əsasları yoxdur. Hamısı düşünülməmiş bəyanatlardır. Başqa heç nə…Baş pediatr Nəsib Quliyev bəyanat yaydı ki, zəhərlənmə sudan yayılıb. İndi fikir verin… Baş pediatrın elə söz deməyə ixtiyarı varmı? Baş pediatr həkimdir, xəstəni qəbul edir, onun müayinəsini aparır və müalicə edir. Ancaq virusun tapılıb sübut edilməsi Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən götürülmüş nümunələr əsasında müəyyən olunur. Yəni onlar elan etməlidir ki, filan şəxslərin iştirakı ilə nümunələr götürdük və bu da nəticəsi…Belə olmur axı… Virusla yayılan çoxlu xəstəliklərin əsasən əlamətləri oxşardır. Yəni qızdırma, ishal kimi əlamətlər bu xəstəliklərə xarakterikdir. Həmin vaxt başqa bir həkim də çıxıb dedi ki, yayılma intensivliyinə görə zəhərlənməni bu xəstəliyə şamil etmək olar. Yayılma intensivliyinə görə niyə su? Sumqayıtın bu başından o biri başına suyun nəql olub getməsi üçün iki saat yarım vaxt lazımdır. Ancaq dükanlarda camaata butulkalarda antisanitar vəziyyətdə süd satılır. O südün Sümqayıtın bu başından o biri başına getməsi üçün 15 dəqiqə vaxt bəs edir. İndi hansı intensiv yayılır? Əslində həmin xəstəliyin qidalarla yayılması daha xarakterikdir, nəinki su ilə… Rusiya kimi aparıcı ölkənin sənədini sizə təqdim edə bilərəm ki, bu xəstəlik yalnız qida ilə yayılır. 

- Kütləvi zəhərlənmədən söhbət gedirsə, bir anda hamısı eyni qidanı necə qəbul edə bilər?
- Bəziləri var ki, südü alanda 10 gün müddətində saxlayır sonra içir. Anadı südü qabdan qaba boşaldır, qucağında da uşaq… İkinci qabı dodağına da, əlinə də vurur…Bələkdə olan uşaq, hətta 5 yaşına qədər olan azyaşlılar da rotavirus infeksiyasına daha tez tutulur, nəinki 8 yaşından 12-13 yaşına qədər … Beynəlxalq hesabatlarda göstərilir ki, dünyada yaşayan insanların hər iki nəfərdən biri bu infeksiyaya tutulur. Qeyri-adi xəstəlik deyil, yəni məişətdə, hər yerdə bu var. Sadəcə olaraq az inkişaf etmiş və səhiyyəsi zəif olan ölkələr üçün bu xarakterikdir. Hətta utandırıcıdır. 

- İddia edirsiz ki, suda heç bir problem yoxdur…
- Əgər problem varsa, səhiyyə orqanının hər hansı bir laboratoriyası gəlsin və sübut etsin ki, problem var. Bir məqamı da deyim ki, viruslarla məşğul olan laboratoriyalar dövlətin nəzarətində olan qurumlardır. Heç kimin ixtiyarı yoxdur ki, virusların çoxalması ilə, onun təyinatı ilə məşğul olsun. Virus bioloji silah sayılır. Kim gəldi özündən bəyanat versin və onu yaysın, belə söhbətlər olmamalıdır. 

- Sumqayıt olayında rəsmi qurumlar bəyan etdi ki, suya hər hansı toksinlər qarışıb…
- Yalan söhbətdi. Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində su dayandı və ya verildi, belə bir söhbət olmayıb. Nə də orada su qıtlığı olub… Valideynlər də qəribədir. Deyirlər ki, su içən kimi uşaq zəhərləndi. Bir-iki sutka keçməlidir ki, o su bədəndə yayılsın, qızdırma versin. O xəstəlik uşaqda var imiş deyə su içən kimi ona təsir edir. 

- Zahid müəllim, sudan zəhərlənmənin olduğunu valideynlər özlərindən icad etmir. Onlara bu diaqnozu həkimlər qoyur…
- Bu savadsız həkimlərin özlərinin ifadələridir, başqa heç nə deyil… Su ilə oynamaq olmaz. Su Allahın verdiyi nemətdir. Bilirsiz ki, Ceyranbatan su anbarı istisna olmaqla Bakı şəhərinə gələn su yeraltı sulardı. Yəni su qoruna-qoruna gəlir. Özü də bakteriya suya düşəndə o yayıla bilmir. Olduğu kimi də qalır. Necə ola bilər ki, virusu ora tökəsən, yetişə-yetişə gələ və epidemik hal yarada…Amma qeyri-qanuni qoyulmuş ağzıaçıq çən epidemik hal yarada bilər. Hər hansı bir quş qidalanır və su içmək üçün ağzı açıq çənin içinə başını salır. Bu da şərtdir…

- Hazırda cəmiyyətdə çiy su içmək qorxusu var. Rəsmi qurum nümayəndəsi kimi insanlarımıza çiy su içməyi tövsiyyə edirsizmi?
- Heç bir qorxuya əsas yoxdur. Su bütün normativlərə cavab verir. Bu, bu günün məsələsi deyil. Su mənbələrdən götürüləndə tədqiq olunur. O mənbə yararlığı yoxlanılır. Sonra layihələr həyata keçir. Sanitar normalara və dezinfeksiya qaydalarına əməl edilir. Hər gün su yoxlanılır. Sumqayıt şəhərində sudan hər gün analiz götürülür. Analizi götürülmənin isə öz qaydaları var. O virus varsa, hər yerdə var. Sadəcə onu yetişdirən yayılan mühitlə həkimlər məşğul olmalıdır. Sterilizə olunmamış qablara südü doldurub gətirir və camaata verirlər. Hansı xarici ölkədə kənardan gələn meyvə bazara girə bilir. Azərbaycandan başqa heç yerdə…Bu meyvələr gələndə analiz götürülməli, streilizə olunmalı və camaata satılmalıdır. Meyvələr ağacların dibindən yığılıb gətirilir və bazarda satılır. Yeməlidir, ya yeməli deyil, təyin edilmir. O virus böyük yaşlı adamlarda ilk təsirini göstərmir. Mədədə oturur, 60 yaşdan sonra qızdırma və digər əlamətlərlə özünü büruzə verir. 

Alçina Amilqızı






Həftənin ən çox oxunanları