Yuxarı

Özəl klinikalar bağlanır

Özəl klinikalar bağlanır

Natiq Cəfərli: "Vergi, kommunal xərclər özəl xəstəxanalarda qiymətlərə təsir edir”

Bakıda fəaliyyət göstərən məşhur klinikalardan biri "Dünyagöz” xəstəxanası iflasın astanasındadır. Xəstəxana  2017-ci ilin aprel ayından fəalliyyət göstərir. Türkiyənin ən böyük göz xəstəxanaları qrupu, tədavül müddəti başa çatmış istiqrazlar üzrə ödənişi həyata keçirə bilmədiyindən müflis olub. Səbəb şirkətin maliyyə çətinlikləri ilə qarşı-qarşıya qalmasıdır. Bu məqsədlə banklar ilə borcun restrukturizasiyası (ödəniş müddətinin uzadılması) üzrə aparılan danışıqlarda razılıq əldə olunmayıb. Danışıqlar 800 milyon lirəlik borcun restrukturizasiyası üzrə aparılırdı. 

Bu aqibət Bakıda fəaliyyət göstərən digər özəl xəstəxanaları da gözləyir desək, yanılmarıq. Bu xəstəxanalarda qiymətlər od tutub yanır. Müayinədən tutmuş əməliyyata qədər bütün xidmətlər olduqca bahadır. Dövlət xəstəxanasında 10 manata başa gələn analiz özəl müəssisələrdə 80-100 arası qiymətlərdə başa gəlir. Digər tibbi müayinə və xidmət növlərini də üstünə gəlsək, xəstə bir dəfə giriş etməklə özəl xəstəxanalara 150-200 manat xərc çəkməli olur. Məsələ burasındadır ki, özəl xəstəxanalar da onlarda olan yüksək xidmət və texnologiyadan istifadəni əsas tutaraq xəstənin sərf etdiyi xərci məqbul sayırlar. Bəzi ekspertlərin fikrincə, çox hallarda özəl xəstəxanalar, klinikalar qiymətlərin bahalığından müştərilərini itirirlər. Müştəri yoxluğundan hətta vaxtaşırı müxtəlif variantlarda kampaniyalar da təşkil edirlər. Bu mənada təklif olunur ki, özəl tibb müəssisələrində qiymətlər aşağı düşsə, müştərilərin sayı daha çox arta bilər və bu da xəstəxanaları müflis olmaqdan xilas edə bilər. 

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, özəl xəstəxanaların verdikləri vergi, çəkdikləri xərc, ödədikləri kommunal xərclər, ödənilən maaşlar qiymətlərin formalaşmasında nəzərə alınır:

"Çox güman ki, heç bir özəl şirkət və ya struktur müflis olmağı, tamam bağlanmağı könüllü olaraq göz önünə almaz. Ən azından gəlirlərini itirir və qazancından məhrum olur. Ona görə də bu məsələnin həlli, nəyə görə xidmətdə qiymətlərin aşağı düşməməsinin səbəblərini axtarmaq üçün mütləq onların xərclərinin ümumi təsnifatını aparmaq lazımdır. Bildiyim qədər özəl xəstəxanaların icarə xərcləri çox bahadır. Əgər şəffaf işləyirsə, vergilərin ödənilməsi mütləq olmalıdır, işçilərlə bağlı alınan maaşlardan əlavə işəgötürən 20 faiz işçi 3 faiz vergi ödəməlidir. Kifayət qədər vergi yükü var. Gündəlik və ya aylıq xərcləri aşağı düşməlidir ki, onlar daha ucuz xidmət göstərsinlər. Görünür, iqtisadi səbəblərdən həmin xəstəxanalar qiymətlərini aşağı çəkə bilmirlər”. 

Ekspert qeyd edib ki, özəl xəstəxanada həkimin qəbuluna düşmək üçün pul ödənilmir:

"Həkimlər 30-40 faizə, bəzən yaxşı iş olan 50 faizə işləyirlər. Ödənilən məbləğin ən azından yarısı və ya yarısından çoxu özəl klinikaya qalır. Bu da klinikanın öz xərclərini ödəmək üçün istifadə edilir. Dövlət xəstəxanasında çalışan həkim baş həkimə bilmirəm nə qədər verir. Bunlar qeyri-leqal ödənişlərdir. Ən azından leqal şəkildə heç bir ödənişi yoxdur. Özəl xəstəxanalardan fərqli olaraq dövlət müəssisələrində xəstələri qəbul edəndə daha ucuz xidmət göstərirlər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları