Yuxarı

Hər nazirliyə bir akademiya

Hər nazirliyə bir akademiya

Kamran Əsədov: "Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün  tələbat azalıb”

Azərbaycanda universitetlərin sayı kifayət qədər çoxdur. Hər il ali təhsil müəssisələri minlərlə məzun buraxır. Digər tərəfdən demək olar ki, ölkədə fəaliyyət göstərən hər nazirliyin nəzdində özünün ali məktəbi (akademiyası, universiteti) var. Bu akademiyalar nazirliyin ehtiyac duyduğu kadr potensialı hazırlayır və ya hazırlamalıdır. Ancaq bu gün ölkədə diplomlu işsizlərin sayı da kifayət qədər çoxdur. Bəs bu qədər ali təhsil müəssisəsi ilə yanaşı, hər bir nazirliyin nəzdində fəaliyyət göstərən akademiyalara ehtiyac varmı? Doğurdanmı bu gün nazirliklərin bu qədər kadra ehtiyacı var?

Təhsil üzrə ekspert Kamran Əsədov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu gün ali təhsil müəssisələrinin hazırladığı kadrlar əmək bazarının tələblərinə uyğun gəlmir: "Ölkəmizdə hər il minlərlə tələbə ali məktəbləri bitirərək iş axtarışına çıxırlar. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir.Bu səbəbdən son illər əmək bazarında ciddi dəyişikliklər baş verib. Bir vaxtlar məşhur olan, hər kəsin oxumağa can atdığı peşələrə bu gün  tələbat azalıb. Valideynlər sovet dövründə olduğu kimi, indi də övladlarının ya hüquq, ya da tibb fakültəsində oxumasına cəhd etsələr də, bazarda belə ixtisaslara tələbatın olmaması vəziyyəti gərginləşdirib.Bu gün əmək bazarında tələblə təklif üst-üstə düşmür.Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır”.

Ekspert xüsusi təyinatlı təhsil müəssisələrinin məzunlarının işlə təminatında digərlərinə nisbətən üstünlük təşkil etdiyini vurğulayıb:

"Ümumitəhsil müəssisələri ilə yanaşı, xüsusi təyinatlı ali təhsil müəssisələri də Azərbaycanda fəaliyyət göstərir. 

Keçmişə nəzər saldıqda görürük ki, sovetlər dövründən fərqli olaraq, xüsusi təyinatlı ali təhsil müəssisələrinin sayı və hazırladığı kadrlarln sayında kəskin şəkildə artım var. Əgər əvvəllər ümumi əsaslı təhsil müəssisələrinin məzunları xüsusi xidmət orqanlarına qəbul edilirdilərsə, son dövlərdə xüsusi təyinatlı ali təhsil müəssisələri artıq tabe olduqları nazirliklərin, xidmətlərin kadr potensialını özü formalaşdırır. Ümumi təyinatlı ali təhsil müəssisələrindən fərqli olaraq, xüsusi təyinatlı ali təhsil müəssisələri məzunlarını işlə təminetmə baxımından üstünlüyə malikdir. Belə ki, xüsusi təyinatlı ali təhsil müəssisələrinin bütün məzunları tam şəkildə tabe olduqları orqanın tabeliyində işlə təmin olunur. 

Kamran Əsədov hesab edir ki, Azərbaycan gənc dövlət olduğu üçün hələ də tam şəkildə öz kadr ehtiyaclarını ödəyə bilmir: "Əgər ümumi təhsil müəssisələri daxildəki kadr ehtiyaclarını hətta əmək bazarının tələblərindən artıq səviyyədə ödəməsinə baxmayaraq, xüsusi təyinatlı ali təhsil müəssisələri tam şəkildə bütün kadr ehtiyaclarını ödəyə bilməyib. Azərbaycan müharibə şəraitində yaşayır. Hər il ordu quruculuğuna böyük diqqət ayrılır. Xüsusi təyinatlı təhsil müəssisələri məhz bu sahə üzrə üstünlük təşkil edir. Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Heydər Əliyev Adında Azərbaycan Ali Hərbi Məktəbi, Cəmşid Naxçıvanski Adına Hərbi Lisey, Heydər Əliyev Adına Hərbi Lisey kimi xüsusi təyinatlı müəssisələr bu sahə üzrə yüksək səviyyəli kadr hazırlığını həyata keçirsə də hələ də daxili ehtiyacı tam şəkildə ödəyə bilməyib”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları