Yuxarı

Azərbaycanda nazirlərlə necə görüşmək olar?

Azərbaycanda nazirlərlə necə görüşmək olar?

"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanuna görə, mərkəzi icra hakimiyyəti orqanlarında – nazirlik və komitələrdə-vətəndaşlar qəbul edilib dinlənilməli, onların müraciətləri müvafiq vaxtda araşdırılmalı və cavab verilməlidir. Qanuna əsasən, nazir və komitə sədrləri özləri də heç olmasa ayda bir dəfə qəbul günü keçirməlidir. Heç kimə sirr deyil ki, bir sıra hallarda birinci şəxslər öz qəbul günlərində iştirak etmir, vətəndaşları dinləyib yola salmağı öz köməkçilərinə həvalə edirlər. Köməkçilər isə şikayətə gələnləri mümkün üsullarla geri qaytarmağa çalışır ki, onlar birinci şəxsləri narahat etməsinlər... 

Ümumiyyətlə, bəzi yüksək vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu müşkül məsələyə çevrilib. Belə qəbula düşmək lotoreyada ev və ya avtomobil udmağa bərabər sayılır. 

Cebhe.info xəbər verir ki, nazir və komitə sədrlərinin qəbul günü, yüksək vəzifələr tutan məmurların özlərinin elektron poçt ünvanları (e-mail), telefon nömrələri də var. Bizi maraqlandıran odur ki, həmin günlərdə onlar vətəndaşları qəbul edirlərmi? 

Biz oxucularımıza nazirlər və komitə sədrlərilə əlaqə yaratmağın mümkün yollarını göstəririk. 

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov hər həftənin cümə günü saat 17:00-dan vətəndaşları şəxsən qəbul edir. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hər ayın sonuncu şənbə günü vətəndaşlar üçün qəbul saatı keçirir. 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun elektron poçtu [email protected] ünvanlıdır. Hər ayın 1-i Nazirlər Kabinetində, 15-i isə "Dövlətqaçqınkom"da Əli Həsənovun qəbul günləridir. 

Səhiyyə naziri Oqtay Şirəliyev hər ayın I və III həftəsinin bazar ertəsi, saat 17:00-dan qəbul həyata keçirir. Nazirə elektron məktubu bu ünvana yaza bilərsiniz - [email protected]

Hər həftənin bazar ertəsi saat 15:00-dan 18:00-dək təhsil nazir Mikayıl Cabbarovun qəbul günüdür. Nazirin qəbuluna düşmək üçün gərək qabaqcadan - 5-ci gündən növbəyə yazılasan. Nazirin iş telefonunu və elektron poçtunu bilməyənlər üçün xatırladırıq: 012 496 34 00 [email protected]

İqtisadi İnkişaf naziri Şahin Mustafayev hər ayın ilk şənbə günü saat 10.00 - 13.00, 14.00 - 17.00 arasında vətəndaşları qəbul edir. Naziirn iş telefonu 012 493-88-67 (20/95), e-maili [email protected] –dır. 
Vergilər naziri Fazil Məmmədov hər ayın son həftəsində saat 12:00 - 18:00 arasında vətəndaşları qəbul edir. Qəbula yazılanlara nazirin həftənin hansı günü qəbul keçirəcəyi barədə məlumat verilir. Nazirin iş telefonunu bilməyənlər bilsin – 012 430 16 56. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər həftənin 2-ci günü, saat 15.00-dan sonra qəbula yazılanları dinləyir. Nazirin telefonu belədir – 012 493-43-98. 

Daxili işlər naziri Ramil Usubovun da vətəndaşların qəbulu üçün ayrıca günü var. Nazir hər ayın ikinci həftəsinin şənbə günü saat 11:00-da vətəndaşları qəbul edib, dinləyir. Qəbula hər ayın birinci həftəsinin cümə günü, saat 10:00-dan saat 17:00-dək yazılmaq olar. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hər ayın 2-ci və 4-cü həftəsinin cümə günləri qəbul həyata keçiri. Hacıbala müəllimin e-mail adresi yoxdur. Onun qəbul otağının müdiri Tahir Məsimovla (tel: 012 492 63 11; 012 492 64 19) əlaqə saxlamaqla qəbula yazılmaq olar. 

Sonda... "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanuna görə, mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaşlar qəbul edilib, dinlənilməli, onların müraciətləri müvafiq vaxtda araşdırılmalı və cavab verilməlidir. O ki qaldı hansı nazirin şəxsən qəbulda iştirak edib-etməməsinə, bunu yoxlamaq yuxarıda qeyd etdiyimiz günlər qəbula getmək lazımdır. 

Aytən 





Həftənin ən çox oxunanları