Yuxarı

Qızılları oğrulardan qorumağın yolu

Qızılları oğrulardan qorumağın yolu

Oğurluq hadisələri hər zaman aktual olub. Son illərdə daha da artıb. Bunun isə çox sadə səbəbi var: manatın "ölməsi”, iqtisadi böhran, ərzaq məhsullarının və geyim mallarının qiymətinin "ceyran belinə” qalxması, dolanışığın ağırlaşması, insanlar arasında oğurluq hallarının daha da artmasını tətikləyir desək, yanılmarıq.Deyəsən heç, bu gedişlə, kleptomaniyadan əziyyət çəkənlərin sayının azalacağı üfüqdə görünənə bənzəmir axı… Görünür, evdə qızıl-zinət əşyaları, pul saxlamaq daha təhlükəlidir.Belə olan halda ümid qalır, bank seyflərinə.

Bilməyənlərin nəzərinə çatdıraq ki, bank seyfləri qiymətli əşyalar və kağızların saxlanıldığı xüsusi mühafizə olunmuş yerdir. Seyflərin əsas funksiyası onları yanğın, icazəsiz istifadə, təbii fəlakət, oğurluq və s. kimi təhlükələrdən qorumaqdır. Bank seyfi bankın ən təhlükəsiz və adətən, ucqar hissəsində qurulur, zirehli divarla əhatələnir  və kompleks açarla bərkidilir. Bank seyfləri həmçinin özündə ayrılıqda depozit qutularını, nağd pul siyirmələrini və başqa zəruri avadanlıqları ehtiva edir.

Seyflərin dizaynı və təhlükəsizliyi baxımından mütəxəssislər tərəfindən hər gün yeni ideyalar təklif olunur.XIX-XX əsrdə istifadə olunan seyflər nə qədər təhlükəsiz olsalar da, çox əlverişli deyildilər.Bəzən onların qalınlığı 1.5 m -ə, ümumi çəkisi isə yüzlərlə tona çatırdı.Müasir dövrümüzdə seyflər daha yüngül və nazik materiallardan hazırlanır.Belə olduqda onları hissələrə ayırmaq və ya yerini dəyişmək daha asan olur və təhlükəsizlik baxımından da heç bir dəyişiklik olmur.Ümumiyyətlə, qiymətli ləvazimatların qorunmasına ehtiyac ilk dəfə hələ eramızdan əvvəl Misir və Qədim Romada yaranıb.Daha sonra isə kilid texnologiyası daha da təkmilləşərək digər ölkələrə yayılmışdı.

Oğrularla mübarizə həm bank sahibləri, həm də xüsusi mühafizə dəstələri üçün hər zaman aktual problem olaraq qalmaqdadır.Daha qədim dövrlərdə bank seyflərində açarlı kilidlər quraşdırılırdı.Bununla da taymer seyfin qapısı açılan kimi işə düşürdü və təhlükəsizlik işçiləri siqnalizasiya vasitəsilə xəbərdar olunurdular.Daha sonra oğrulara qarşı mübarizədə nitroqliserin adlanan məhlul da istifadə edilməyə başladı.Lakin hər dəfə peşəkar oğrular seyflərə daxil olmağın yolunu axtarıb tapırdılar.
Bank soyğunçuları ilə  mübarizənin ən təkmilləşmiş variantında xüsusi ideal cihazlardan istifadə olunur. İstilik sensorları (hava temperaturundakı hərarətdə fiziki dəyişikliyi dərhal hiss edir), hərəkət detektorları (seyf daxilində, eləcə də seyfin qapısı yaxınlığında ani hərəkətləri  aşkar edir) və həyəcan siqnalları hələ ki oğurluğun qarşısını almaqda istifadə olunan ən son vasitələrdir.

Depozit təhlükəsizlik qutuları fərdi konteyner olub, onların özləri də bank seyflərində saxlanılır.Depozit qutuları adətən, qiymətli metalları, daş-qaşları, valyutanı, vacib sənədləri (məsələn, miras-red), şəxsi mülkiyyət sənədlərini, doğum haqqında şəhadətnamələri və kompüter yaddaşını mühafizə etmək üçün istifadə olunur.Bu cür qutular yalnız bankın xüsusi açarı, məxfi imza və şifrə tətbiq etməklə açıla bilər.

Görəsən Azərbaycanda bank seyfləri nə qədər etibarlıdır? 

Bir neçə bank sözçüsü ilə söhbətimiz zamanı məlum olur ki, banklar əhalinin onlara əmanət etdiyi qiymətli metalları, daş-qaşları, valyuta və sairəni göz bəbəyi kimi qoruyur.

Bank BTB zaman-zaman bank seyflərinin icarəsinə endirimlər də tətbiq edir.Fərdi seyflərdə 1, 3, 6, 9 və 12 ay müddətində icarə götürmək olar. Müxtəlif ölçülərdə, davamlı materiallardan hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri Bank BTB-nin baş ofisində Y.Səfərov küç., 27 ünvanında yerləşir. Tətbiq olunan "iki açar prinsipi (1 açar müştəridə və 1 açar bankda) yüksək məxfiliyi təmin edir.  Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz.

Azərbaycan Beynəlxalq Bankı isə öz müştərilərinə yay istirahətinə gedərkən evdəki pulları, qiymətli əşyaları, mühüm sənədləri harada saxlamaq qayğısından azad edib.Bankın yeni "1+1” kampaniyasından faydalanacaq müştərilər tətil vaxtı bütün bunları Azərbaycan Beynəlxalq Bankına rahatlıqla etibar edə biliblər.Kampaniya dövründə bankdan 1 ay müddətinə depozit seyfi icarəyə götürən hər bir müştəriyə seyfin növbəti bir aylıq icarəsi hədiyyə edilib.Müxtəlif ölçülü depozit seyflərini bankın baş ofisində, eləcə də Bakı və Gəncədəki filiallarında icarəyə götürmək olar.Sözügedən depozit seyfləri ən etibarlı mühafizə sisteminə malik seyflərdir.Məlumat üçün bildirək ki, Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə avtomatlaşdırılmış depozit seyfləri sistemini tətbiq edən ilk bankdır.

Seyflərin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir.Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 manatdan başlayır və seyfin ölçüsündən asılı olaraq dəyişir.
Bank Respublika da qiymətlilərin, zərgərlik məmulatlarının, sənət əsərlərinin, qiymətli kağızların və sənədlərin saxlanılması üçün fərdi və korporativ müştərilərə bank seyflərinin icarəsini təklif edir.Burada da müştərilərin bütün tələb və təklifləri nəzərə alınaraq, yüksək xidmət göstərilir.

PAŞA Bank da pul vəsaitlərinin, zinət əşyalarının, sənədlərin və sair qiymətlilərin etibarlı saxlanılması üçün müştərilərə bank seyfləri xidmətini təqdim edir.PAŞA Bankın təqdim etdiyi seyiflərdən istifadə qiymətli əşyaların oğurluq, yanğın və digər bu kimi hallardan etibarlı mühafizəsini təmin edir.

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət”ə  bildirib ki, bank seyfləri etibarlıdır: "Açığı, indiyə qədər Azərbaycanda hansısa bank seyfindən nəyinsə itdiyinə dair məlumatla rastlaşmamışam. Çünki bank həm qanunvericilik, həm də vətəndaş qarşısında məsuliyyət daşıyır.Azərbaycanda ailə bankları var. Xatirinizdədirsə, "Standart Bank”ın idarə heyətinin sədri ölkədən qaçmışdı.Tutaq ki, həmin bankın seyflərində olan hansısa əşyanı götürüb gedə bilərdi. Ancaq bu halda bank seyfi təhlükəli ola bilər. Qalan hallarda isə hər hansı bir təhlükədən söhbət gedə bilməz”.

Aytən Həsənova





Həftənin ən çox oxunanları