Yuxarı

Mənzil bazarında fırıldaqçılar meydan sulayır

Mənzil bazarında fırıldaqçılar meydan sulayır

Azərbaycanda daşınmaz əmlak bazarında fırıldaqçıların sayı artıb. Tez-tez bir neçə MTK-nın vətəndaşları aldatması ilə bağlı xəbərlər alırıq. Bununla bağlı cinayət işləri açılır. Amma dələduzluğun qarşısı alınmır. MTK sahibləri bir mənzili bir neçə vətəndaşa satdıqdan, saxta müqavilələr tərtib etdikdən sonra ortadan yox olurlar. Bundan əlavə son vaxtlar çox ucuz qiymətlərlə təklif olunan və təcili satılan mənzillərin satışında da fırıldaqçılığa əl atılır. Belə ki, mənzil satışı ilə məşğul olan makler və ya mənzil sahibi təklif etdiyi əmlakı təcili satdığını əsas gətirərək çox ucuz qiymətə təklif edir.

Mənzili vətəndaşa saxta və təsdiqi olmayan sənədlərlə sataraq aradan çıxır. Bu cür hallar son vaxtlar daha çox müşahidə edilir.Amma MTK-lar tərəfindən mənzil fırıldaqçıları uzun müddətdir ki, mövcuddur.

Ekspertlərin fikrincə, bütün mənzil-tikinti kooperativləri və MMC-lərlə istehlakçı arasında bağlanan müqavilələrin notariat şəkildə təsdiq olunması təmin olunmalıdır. Bunun üçün qanunvericilikdə dəyişiklik edilərək, şərt kimi qoyulmalıdır. Nə qədər ki, müqavilələr notariat şəkildə təsdiqlənməyəcək, istehlakçıların hüquqlarının arxa planda qaldığı kontraktlar mövcud olacaq, belə təhlükələr hər zaman qalacaq. Ümumiyyətlə, əmlak bazarında fırıldaqçılığa tək ilkin mənzillərdə deyil, təkrar mənzil və torpaq bazarında da tez-tez rast gəlinir.

Vətəndaşlar daşınmaz əmlak alarkən nələrə diqqət yetirməlidir ki, dələduzların qurbanına çevrilməsinlər?

Əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev "Cümhuriyət” qəzetinə bildirib ki,  dələduzluq halları əsasən yeni tikililərdə baş verir: "Əsas səbəblərdən biri də odur ki, yeni tikililərdən mənzil alarkən həmin əmlakın heç bir dövlət reyestri aparılmır. Söhbət tikilməkdə olan, istifadəyə verilməyən mənzillərdən gedir.Mənzili alarkən əmlakın kimə məxsus olması haqqında məlumat yalnız bina tikən şirkətdə olur.Ona görə də fırıldağın başında ilk növbədə MTK-nın özü dayanır. Bu o deməkdir ki, bundan heç kim sığortalanmayıb. Əvvəllər bu məsələnin həll olunması məqsədilə belə bir qərar qəbul edilmişdi ki, ümumiyyətlə, tikilməkdə olan binalar üzrə hüquqların reyestri formalaşdırlsın ki, bu da adi mənzillərdəki kimi hüquqların qeydiyyatı aparılsın.Belə olan təqdirdə artıq fırıldaqçılığın qarşısı alınacaqdı. Görünür, bu proses hələ xeyli vaxt çəkəcək. Amma istənilən halda MTK-dan mənzil alqı-satqısında həmişə risk olacaq.Çünki satılan mənzil haqqında məlumat ancaq MTK-ın özündə olur”.

Ekspertin sözlərinə görə, MTK-da istifadəyə verilməmiş binalarda alıcı ilə satıcı arasında müqavilə olur: "Müqavilənin də aparılması yalnız MTK-nın özündə baş verir. Yəni dövlət qurumlarının bu məsələdən heç bir məlumatı olmur.MTK-lar istəyəndə bunu fırıldaq alətinə çevirə bilirlər.Bu reyestr dövlət qurumları tərəfindən də aparılmalıdır.Belə olsa, dələduzluq və qanunsuz halların qarşısı müəyyən qədər də olsa, alınar”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları