Yuxarı

Dini radikalizm təhlükəsi

Dini radikalizm təhlükəsi

Qəbələdə qanunsuz dini ədəbiyyatlar, soyuq silah  aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.

B.Qasımov və E.Tahirov RPŞ-yə gətirilərək izahatları alınıb, götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Azərbaycanda dini radikalizm varmı?

Azərbaycanda son 6 ildə dini müstəvidə baş verən bir sıra hadisələr ölkədə dini radikalizmin və radikal dini qruplaşmaların mövcudluğundan xəbər verirdi. Əbu Bəkir məscidinin partladılması, Nardaranda dini radikalların başçılığı ilə törədilmiş təxribat, İran və Rusiya ilə sərhəd bölgələrdə radikalların fəallaşması bura daxildir. Xüsusilə, son 3 ildə Azərbaycandan Suriya və İraqa cihad üçün gedərək İŞİD, "ən-Nüsra” və digər terror təşkilatlarına qoşulanların kifayət qədər olması isə vəziyyətin təhlükəli olduğunu göstərirdi. Keçən il fətullahçı terror təşkilatı FETÖ Türkiyədə çevrilişə cəhd edəndə bu şəbəkənin Azərbaycandakı üzvləri də fəallaşmışdılar. Lakin DTX və hüquq mühafizə orqanlarının keçirdikləri əməliyyatlarla şəbəkəni zərərsizləşdirmək mümkün olsa da bu, Azərbaycanın dini radikalizm təhlükəsi qarşısında dayandığını isbat edirdi. 

Xatırladaq ki, bu yaxınlarda AXCP sədri Razi Nurullayev də xaricdə dini təhsilin qadağan edilməsi və İslam məzhəblərinə ayrı-seçkilik qoyulmadan əcnəbi tələbələrin Azərbaycanda dini təhsil alması üçün   Beynəlxalq İslam Universitetinin yaradılması təklifini irəli sürüb. Təklifdə bildirilir ki, Azərbaycan vəhdət şəklində, islam məzhəblərinə ayrı-seçkilik qoyulmadan müsəlman ölkələrindən gələn tələbələrə özü qucaq aça bilər və əsl nümunəvi, tolerant, multikulktural, humanist və radikal əlavələrdən, xurafi fikirlərdən təmizlənmiş islam modelini tədris edə, islam dünyasına da bir nümunə verə bilər ki, radikalizmdən, məzhəb ayrı seçkiliyindən əziyyət çəkən bəzi müsəlman ölkələri də bu dəyərdən bəhrələnərlər.

Onu da qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər rəsmi səviyyələrdə ara-sıra dini radikalizmlə mübarizənin gücləndirilməsi barədə verən açıqlamalar da göstərirdi ki, ölkə rəhbərliyi gizli şəkildə genişlənən radikalizmdən narahatdır. Ayrı-ayrı vaxtlarda FETÖ və digər terror qruplaşmalarının ölkədəki üzvlərinin toplaşdığı gizli məkanlarda keçirilən əməliyyatlar da bundan xəbər verir. 

"Dini müstəvidə gərginlik gözləniləndir”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, yaxın tarixdə Azərbaycanda dini radikalizmin, radikal dini qruplaşmaların mövcudluğunu sübut edən hadisələr baş verib. ADP sədri hesab edir ki, Əbu Bəkir məscidinin partladılması və bu qəbildən olan digər məsələlər bura daxildir: "Dünyada da dini radikalizm sürətlə yayılır, Azərbaycan da bu dünyanın tərkib hissəsidir, qapalı məkan deyil. Bu baxımdan Azərbaycanda dini müstəvidə gərginlik gözləniləndir. İmkan vermək lazım deyil ki, dini radikalizm inkişaf etsin. Buna qarşı mübarizədə insan hüquq və azadlıqlarının vəziyyəti yaxşılaşdırılmalıdır, düzgün sosial siyasət aparılmalıdır. Eyni zamanda dini iş düzgün qurulmalıdır. Dini sahədə ciddi islahatlar aparılmalı və dini iş düzgün qurulmalıdır. İlk növbədə insan hüquq və azadlıqları sahəsində inkişaf olmalıdır ki, insanlar öz demokratik haqlarından istifadə edə bilsinlər”.

"Azərbaycanda dini radikalizm yoxdur”

Ağ Partiyanın (AP) sədri Tural Abbaslı "Cümhuriyət” qəzetinə açıqlamasında tarixən Azərbaycanda dini radikalizmin olmadığını deyib. Lakin bununla belə, partiya sədri bir sıra beynəlxalq qüvvələr və təşkilatlar vasitəsilə dini zəmində Azərbaycanda qarşıdurma yaradılmağa cəhd edildiyini də deyib: "Düşünmürəm ki, biz xalq olaraq radikalizmə meyilliyik. Bu günədək eşitməmişəm ki, hansısa dini incanlarına görə Azərbaycanda hansısa insan digər inanc sahiblərinin hücumlarına məruz qalıb. 

Ümumiyyətlə, bunları siyasətin tərkib hissəsi kimi qəbul edirəm, lakin siyasi rəqabət üçün bu, təhlükəli yoldur. Dünyanın digər bölgələrində inkişaf edən dini radikalizm var və bunun qarşısına keçməyin yolu maarifləndirmə işinin gücləndirilməsindən keçir. Mütəxəssisləri bu işə cəlb etmək lazımdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları