Yuxarı

QİÇS təhlükəsi əndazəni aşıb

QİÇS təhlükəsi əndazəni aşıb

Bu günlərdə Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxt Bakıda gecələr "fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib. Əməliyyat çərçivəsində son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndəsi saxlanılıb ki, onların aralarında QİÇS xəstələri də var. Saxlanılan şəxslərin məcburi müayinəsi zamanı bəlli olub ki, cinsi azlıqların demək olar, hamısı ən təhlükəli cinsi xəstəliklərə yoluxublar.

Ümumiyyətlə, Azərbaycanda SPİD təhlükəsi ilbəil artır. İddia edilir ki, QİÇS xəstəliyinə yoluxma təhlükəsi yüksək olan ölkə qonşu Rusiyadır. Azərbaycandan Rusiyaya miqrasiya axınını nəzərə alsaq, bu təhlükənin ölkəmizdə genişlənməsi labüddür. Son vaxtlar isə ərəb turistlərininn Azərbaycana axını artıb. Bu, QİÇS təhlükəsini artıran amillərdəndir. Xatırladaq ki, 2017-cı ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 təşkil edib. Onlardan 107-si (99,1%) Azərbaycan vətəndaşı, 1 nəfəri (0,9%) isə əcnəbidir. Qeydiyyata alınmış 107 Azərbaycan vətəndaşından 71-i (66,4%) kişi, 36-sı (33,6%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 31 nəfər olub. Həmin müddətdə İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub”.

2017-ci ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 10 nəfər (9,3%) parenteral kontakt, 51 nəfər (46,7%) heteroseksual kontakt, 4 nəfər (3,7%) homoseksual kontakt nəticəsində, 4 nəfər (3,7%) anadan uşağa ötürülməklə, 39 nəfərin (36,6%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu il mart ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3796-sı (73,2%) kişi, 1473-ü (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1383 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 828 nəfər olub.
İİV-lə yaşayan insanlardan 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2,0%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 7,4%-də yoluxma yolu müəyyən edilməyib.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, QİÇS xəstəsi bilərəkdən o xəstəliyi yayırsa, ona cinayət işi açılır: "Yox əgər məlumatsızdırsa, yoluxdurubsa ola bilər ki, o məsuliyyətə cəlb olunmasın. O ki qaldı yoluxma mənbələrinə, bu daha çox narkotik istifadəçilərində birincilik təşkil edir. İkinci yerdə isə cinsi yolla yoluxma hallarıdır. Bildiyim qədər donor qanı ilə əvvəlki kimi çox hallar yoxdur. Anadan uşağa süd vasitəsilə QİÇS-ə yoluxma faktı da var. Amma bu da çoxluq təşkil etmir.

Hər kəs tibbi müayinədən keçirsə və qan analizi verirsə, bunu aşkarlamaq mümkündür. Bəzi insanlarda hətta qan analizi verməkdə belə kompleks var. Məntiqlə normal insanların da bu xəstəliyə yoluxma ehtimalı var. Çünki bəzi hallarda davranışımız tənzimlənməmiş olur. Məsələn, qadınlar tatu etdirir, yaxud dırnaq düzəltdirir və bunun üçün daha ucuz yerlər axtarırlar. Ucuz yerlər də gigiyenik qaydalara əməl etmirlər. Bundan əlavə diş çəkdirən həkimin, üz qırxan dəlləyin ucuzunu axtarırlar. Düşünmürlər ki, mən həkimə gəlmişəmsə, dişimə birdəfəlik şpris vurulmalıdır. Yaxud alətlər sterilizə olunmalıdır. Kimsə qəzaya uğrayır və ona yalnız qohum qanının vurulması mümkündür. Yoxlanılmamış qan vurularsa, bu təhlükəlidir”.

QHT sədrinin sözlərinə görə, turistlərlə qorunmamış cinsi münasibətlər mütləq şəkildə QİÇS təhlükəsini artırır: "Maraqlıdır ki, əksər hallarda müştəri qorunmamış cinsi münasibətlərə üstünlük verir. Bu da onları təhlükə altına qoyur. Yəni ödənişi bir qədər artıq verib öz sağlamlığına zərər vurur. Yəni belə axmaq davranış modeli də mövcuddur”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları