Yuxarı

Hakimiyyətdən sərt cəza tədbiri

Hakimiyyətdən sərt cəza tədbiri

Milli Məclisin payız sessiyasında Cinayət Məcəlləsinin 48-ci maddəsinə dəyişiklik edilir. "Cümhuriyət” qəzeti xəbər verir ki, dəyişikliyə görə, (48.0.) ağır və ya xüsusilə, ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəsizliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir:

"Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün, bu barədə həmin orqana təqdimat göndərir; digər dövlət təltifindən, xüsusi və ya hərbi rütbədən məhrum edilməsi barədə müvafiq qərar qəbul edir”.

Prosedurun sadələşdirilməsi

Qanun layihəsi qüvvəyə minəcəyi halda bir sıra ittihamlarla vəzifələrindən uzaqlaşdırılmış şəxslərin onlara dövlət tərəfindən verilmiş təltiflər, ordenlər, fəxri adlar və rütbələrdən məhrum ediləcəyini bəribaşdan demək mümkündür.Məcəlləyə təklif olunan dəyişiklik də bu prosedurun sadələşdirilməsini nəzərdə tutur.Əvvəl sərəncamla vəzifəsindən uzaqlaşdırılmış şəxsə verilmiş təltif, yaxud rütbə məhkəmənin qərarı ilə ləğv edilirdisə, dəyişiklikdən sonra bu prosedur sadələşdiriləcək.Başqa sözlə, məhkəmələrə ehtiyac qalmayacaq.Aidiyyatı qurumlar məsələ məhkəmənin müzakirəsinə çıxarılmadan ünvanı göstərilmiş şəxsləri bu adlardan məhrum edə biləcəklər.

Rütbələr və ordenlərdən 
məhrum olacaq şəxslər

Məcəlləyə təklif olunan dəyişikliyin müzakirə olunduğu bu günlərdə əsas diqqət vaxtilə vəzifədə olarkən dövlət tərəfindən təltif edilmiş keçmiş nazirlərə, məmurlara və postlarından uzaqlaşdırılmağa potensial namizəd olan şəxslərə və deputatlara yönəlib. KİV-lərdə adları il ərzində vəzifələrindən sui-istifadə hallarında və rüşvət almaqda ən çox hallanan və bununla əlaqədar dövlət orqanlarına ən çox şikayət olunan məmurların da bu prosesdən kənar qalmayacaqlarına şübhə yoxdur. Başqa sözlə, hakimiyyətin öz komandası daxilində onun nüfuzuna zərər verə biləcək şəxslərə bu dəyişiklikdən cəza tədbiri kimi istifadə edəcəyinə şübhə yoxdur. Məsələ ətrafında yaranmış ehtimallar özünü doğruladacağı halda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri, general-polkovnik Eldar Mahmudov ("Azərbaycan bayrağı” və "Böyük zabit” ordenləri) və bu qurumun keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun ("Vətən uğrunda”, "Hərbi xidmətlərə görə” medalları) rütbələri və təltifləri ilə vidalaşacaqları gün elə də uzaqda deyil. Ləğv edilmiş Nəqliyyat Nazirliyinin keçmiş başçısı Ziya Məmmədov da "Şöhrət” ordenindən məhrum edilə bilər. Çünki Akif Çovdarovdan fərqli olaraq, Ziya Məmmədov və Eldar Mahmudov barəsində hüquqi müstəvidə təsdiq olunmnasa da məsuliyyət yükü olan ittihamlar var. Keçmiş nazirlərin adları vəzifələrindən sui-istifadə hallarında da çəkilir və bir sıra hallarda məhkəmələrdə şahid dinləmələrində adları hallandırılıb.

Uzaq və yaxın günlərin korrupsioner fenomenləri

Dövlətdən aldığı mükafatdan ("Şöhrət” ordeni) məhrum ola biləcək digər namizəd isə keçmiş rabitə naziri Əli Abbasovdur. Çünki Əli Abbasovun adı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin başçısı olduğu dönəmlərdə bu qurumda geniş yayılmış rüşvət alverindən tutmuş MTN işinə qədər adı çəkilib.Üstəgəl, Z.Məmmədov və E.Mahmudovla müqayisədə Ə.Abbasova qarşı irəli sürülmüş bir sıra ittihamlar həm özünün istintaqa ifadəsində, həm də şahid dindirilmələri zamanı təsdiq olunub.Bir neçə gündür gündəmdən düşməyən və adı korrupsiyada hallanan deputat Şəmsəddin Hacıyevin də hakimiyyətin qəzəbinə tuş gələcəyi gözləniləndir.Barəsində irəli sürülmüş ittihamlar öz təsdiqini tapmış deputat həm mandatından, həm də "Şöhrət” ordenindən məhrum edilə bilər.

Başqa sözlə, məcəlləyə ediləcək dəyişiklik vəzifədə olarkən səlahiyyətlərinin "Şöhrət” zirvəsinə qədər qaldırılan şəxslər gözlənilmədən onları bu yüksəklikdən aşağı itələnə bilər.Hər halda hazırda məmur ordusu içində özünün qeyri-qanuni əməlləri ilə həm hakimiyyətin, həm də cəmiyyətin baş ağrısına çevrilmiş şəxslərin də bu cəza tədbirindən kənarda qalmayacaqlarına şübhə yoxdur.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları