Yuxarı

Lənkəranda məzar qalmaqalına QMİ-dən reaksiya

Lənkəranda məzar qalmaqalına QMİ-dən reaksiya

Lənkəranın Gərmətük kənd qəbirstanlığında ölülərin müsəlman qaydası ilə dəfn olunmaması ilə bağlı xəbər yayılıb. Adının çəkilməsini istəməyən sosial şəbəkə istifadəsiçisi, eləcə də özünü Lənkəran sakini kimi təqdim edən şəxs iddia edib ki, sözügedən ərazidə məzarların bir çoxu, xüsusilə, yeni ölənlərin qəbirləri üzü qibləyə tərəf deyil, fərqli istiqamətə baxır. Bu isə şəriətə görə günah hesab olunur...

Qeyd edək ki, Cebhe.info sözügedən iddia ilə bağlı  Qafqaz Müsəlmanları İdarəsinə müraciət etmişdi. Qurum rəsmisi Qəmər Cavadlı məsələ ilə bağlı rəsmi mövqe bildirməkdən imtina etmiş, bununla bağlı qurumun email ünvanına sorğu ilə müraciət etmək lazım olduğunu demişdi. 

"Cümhuriyət” qəzeti və Cebhe.info saytında "Dəfn qalmaqalı: Ölülər üzü qibləyə basdırılmır?” başlıqlı yazı dərc olunandan sonra Qafqaz Müsəlmanları İdarəsindən məsələyə reaksiya gəlib. 

Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə  Cebhe.info-ya açıqlamasında məsələ ilə bağlı mövqeyini bildirib. O deyib ki, kənddə əhali arasında çaşqınlıq və narazılıq  yaranıb: 

"Bununla bağlı ağsaqqallar yanıma gəlib.  Məsələ ilə bağlı kəndə gəldim.  Allahın nazil etdiyi "Quran”da dəfn olunan insanların üzü qibləyə basdırılması tövsiyyə olunur. "Mayidə” surəsinə görə, heyvanların başının kəsilməsi də qiblə səmtinə olmalıdır. Gərmətük qədim kənddir. Qədim kənd olduğuna görə də orada qədim qəbirlər var. Qədimdən bu günə qədər bütün qəbirləri yoxladıq. Adətən cəhətləri bilən kompasdır. Biz ondan da istifadə etdik. Orada dəfn olunmuş  insanların heç birinin qəbrində qiblə səmtindən başqa cəhət görmədik. Ola bilər qəbrin üstündə daşı bir az əyri qoysunlar. Daşın,  beton plitənin əyri qoyulmasının qəbrin içinə aidiyyatı yoxdur. Şəriətdə əsas qəbrin içindən söhbət gedir. Bu çaşqınlığı aradan götürmək üçün gəlib hamı ilə görüşdüm və sizə də məlumat verirəm. Yəni, insanlarda çaşqınlıq baş verməsin. Orada bütün qəbirlər düzgündür  və tam şəriətə uyğun olaraq dəfn olunub”.

Alçina Amilqızı