Yuxarı

Yeni qəbul imtahanındakı müəmma

Yeni qəbul imtahanındakı müəmma

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış və qəbul imtahanları ilə bağlı yeni modeli açıqlayandan bəri orada yer alan müddəalar ictimaiyyət arasında müzakirələr yaradıb. İndi də maraqlı məqam ortaya çıxıb. Bu isə hər iki imtahan üçün bölüşdürələcək ballardır. Eyni zamanda hər iki imtahandan yığılacaq balların hesablanması da bir qədər qaranlıq qalır. Nəzərə alsaq ki, həm qəbul, həm də buraxılış imtahanında Azərbaycan dili və Riyaziyyat fənnindən təkrar imtahan veriləcək. O zaman balların toplanması hansı şəkildə həyata keçəcək?

Qəbul üçün 700 bal necə bölünəcək?

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hələ ki modelin müddəaları işlənib hazırlanır. İki il ərzində müəyyən qaranlıq məqamlara da aydınlıq gətiriləcək: 

"Amma belə götürülür ki, 300 bal orta məktəblərdəki buraxılış imtahanının, 400 bal isə ali məktəblərə qəbul imtahanından alınacaq. Hər halda bu məsələ hələ də mübahisə və müzakirələr yaradır. Orada qəbuldan xarici dilin çıxarılması və digər məsələlər haqda müxtəlif fikirlər səsləndirilir. Amma bunun mahiyyəti budur ki, əvvəlki model özünü doğrultmadı. Biz testdə həddən artıq israfçılığa yol verdik. Dünya təcrübəsi inkişaf edir, yeni təhsil modelləri yaranır. Ona görə də bu model gec-tez dəyişməli idi. Bunun hansısa problemləri ortaya çıxaracağını söyləmək lazım deyil. Çünki bunun hazırlıq prosesləri gedirdi. 9-cu sinifdə essenin tətbiqi, ali məktəblərdə yazı qabiliyyəti və tədricən imtahanın digər formaları tətbiq olunub. Dünya təcrübəsində imtahan modelinin nisbətən sadələşməsi, təkmilləşməsi istiqamətində işlər gedir. Postsovet məkanında da çoxdan vahid imtahan sisteminə keçilib. Yəni məzun yalnız bir dəfə imtahan verəcək. Bu onun həm buraxılış, həm də qəbul imtahanı olacaq. Orada 10-15 gün fasilədən sonra yenidən imtahan keçirmək hər baxımdan sərfəli deyil. Təbii ki, birdən-birə təkpilləli modelə keçmək üçün müəyyən alışqanlıq lazımdır. Yəni hazırkı yeni modelə keçid də məhz təkpilləli imtahanın tətbiqinə hesablanıb. O ki qaldı müxtəlif fənnlərin artırılmasına, biz istəsək də, istəməsək də bəzi fənnlər "əmək fənnləri” hesab olunur. Ayrı-ayrı fənnlərin sayılmasına gəlincə isə, burada biz yenə də istiqamətlər üzrə hazırlıq həyata keçiririk. Təhsilin vəzifəsi ali məktəbə tələbə hazırlamaq deyil. Heç bir rəsmi sənəddə  təsdiqini tapmır ki, orta məktəbin vəzifəsi ali məktəbə tələbə hazırlamaqdır. Orta məktəbin vəzifəsi hərtərəfli inkişaf etmiş vətəndaş hazırlamaqdır. Sistemlənmiş bacarıqların sistemlənməsi və onun nəticəsidir. Elə etmək lazımdır ki, gələcəkdə ayrı-ayrı fənlər növbələşsin. Yəni abituriyent hiss eləməsin ki, o orta məktəbi bitirəndə yalnız bu fənn üzrə imtahan verəcək. Məzun konkret həmin fənn üzrə hazırlaşmasın. Orta məktəbdən tam sistemli bilik alsın. Bu model də şübhəsiz ki, qüsursuz deyil. Hər kəsin bununla bağlı fikirləri var. Amma onu deyə bilərəm ki, bizim əvvəlki modelimiz gec-tez dəyişməli idi və bu model də ona xidmət etməlidir ki, biz iki- üç ilə təkpilləli vahid imtahan keçək. Yəqin ki, iki il ərzində bu modelin tətbiqi zamanı orada müəyyən korrektələr, redaktələr olunacaq. Əvvəlki sistemə nəzərən burada daha mütərəqqi və konkretlik var”.

"Bal bölgüsündə ziddiyyətlər ortaya cıxacaq”

Ekspert əlavə edib ki, çox zaman orta məktəblə, qəbul imtahanı arasında fərq yaranır: "5” alan şagird qəbulda gedib "2” alır. "3” alan isə gedib "5” alır. Bunu da DİM Təhsil Nazirliyinin üzərinə atır və ittiham edir ki, orta məktəb obyektiv imtahan keçirmir. Qəbul zamanı isə yaranan vəziyyətdə Təhsil Nazirliyi DİM-i ittiham edir ki, imtahanda suallar orta məktəb proqramından salınmayıb. Burada ən böyük problem orta məktəbdə 5 ballıq şkalanın qiymətləndirilməsidir. Ali məktəbə qəbulda 700 ballıq şkaladır. Vahid qiymətləndirmə sistemini seçməliyik. Nə olsun ki, dünya təcrübəsində 900, 1000 ballıq da qiymətləndirmə sistemi var. Amma Azərbaycanda orta məktəbdə və ali məktəblərdə qiymətləndirmə fərqlidir. Bu qiymətləndirmənin şkala arasındakı fərqi həmin keyfiyyətin üzə çıxmasında rol oynayır. Biz köhnə stereotiplərdən çıxmalıyıq. 700 ballıq şkala ilə 5 ballıq arasında böyük fərqlər yaranır. Ona görə də həmin bölgüdə müəyyən qaranlıq məqamlar yaranacaq. Şübhəsiz ki, orada da ziddiyyətlər ortaya çıxacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları