Yuxarı

"İnterneti bizdən "kəsib” xaricə satırlar”

Son vaxtlar ölkədə ciddi internet problemi yaşanır. Bu istifadəçilərin narazılığına səbəb olsa da, provayderlər məsələnin səbəbini açıqlamaqdan imtina edirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə internetin ötürülməsində hər hansı problem olmadığını bildirir. Problemlə bağlı provayderlər "Delta Telecom"u, "Delta Telecom" isə provayderləri ittiham edir. Bildirirlər ki, internetin ötürülməsində 99 faiz problem yoxdur. 

İnternet bu səbəblərə görə yoxdur...

Maraqlıdır, problemin kökündə nə dayanır? "Əsl günahkar Delta Telecom”, provayderlər, yoxsa Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyidir? Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Cebhe.info-ya açıqlamasında deyib ki, doğrudan da Azərbaycan internetində çox ciddi problem var:

"Son dövrlərdə bu problem dahada kəskinləşib. Müqavilədə göstərilən sürəti vətəndaşların əksəriyyəti ala bilmir. Müqavilədə göstərilib 4,  amma alır 3, müqavilədə var 8, alır 4-6...İnternet keyfiyyətsizliyinin əsas iki səbəbi var. Provayder "Delta Telekom”, yaxud "Azertelecom”dan yetərincə sürəti almır. Belə olan halda məcbur olur ki, istifadəçilərə daha az sürət versin. İkinci səbəb isə infrastrukturla bağlıdır. İnfrastruktur elə köhnə ola bilir ki, provayder istifadəçiyə o sürəti göndərsə də, yolun xarab olması ucbatından sürət gedib son mənzilə çatmır. İndi bunun dəqiq izahı bizim üçün aydındır ki, bu provayderin daha çox "çəkidə aldatması” ilə bağlıdır. Bu problemin son dövrlər kəskinləşməsinə səbəb monitorinq və ya nəzarət sisteminin pisləşməsi ilə bağlıdır”.

Ekspertin fikrincə, məsələyə cavabdeh olan Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu sahəyə nəzarəti unudub:

"Nazirlik də görünür ki, bunun öhdəsindən gələ bilmir. Vəziyyətdən istifadə edən provayderlər də sakitcə başlarını aşağı salıb, insanları aldatmaqla məşğuldurlar. Yəni, xidmətin səviyyəsini qaldırmaq üçün əsas görmürlər. Bir sözlə, onlardan bunu tələb edən də yoxdur. Deyək ki, müqavilədə 3 MB yazılıb, amma 1 MB verir. Heç onlardan 

soruşan da yoxdur ki, niyə az sürət verirsən?”

Xaricə satılan internetimiz...

Osman Gündüz deyib ki, bu məsələdə istifadəçilərin özləri də müəyyən qədər təpki göstərməlidirlər:

"İstifadəçilərin məsuliyyəti də yetərli deyil. Yəni, istifadəçilər adıçəkilən qurumlara, məhkəmələrə müraciət etməlidirlər. Bununla bağlı məhkəmə çəkişmələri olmalıdır. Bizdə əsasən iki provayder "Delta Telekom” və "Azertelecom” var. "Delta Telekom” internet bazarının  60-70  faizinə nəzarət edir. Qalanını isə "Aztelekom”dadır. "Delta Telekom” nəinki daxili provayderlərə, eləcə də qonşu ölkələrə də internet satır. Gürcüstan, İran və digər ölkələr buna daxildir. Hesab edirəm ki, hər iki provayder yerli bazardan əlini üzür. Yəni bunlar İran, Asiya bazarına çıxaraq böyük sürətlər satırlar. Bildiyim qədər bu qurumların xaricə satdığı internet daxilə satdığı internetdən çoxdur. Ona görə də bu qurumlar üçün Azərbaycan bazarı əhəmiyyətini itirib. Bu məsələ ilə bağlı son mövqeyini ortaya qoyacaq qurum Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyidir. Nazirlik bu bazarın inkişafının qayğısına qalmalıdır. İnternet inkişaf olmayanda, dolayısı yolla bu artıq başqa sahələrə də sirayət edəcək. Yəni, elektron ticarətə, internet və innovativ biznesə, rəqəmsal marketinqə- bütün sahələrin inkişafına təsir edəcək. Aidiyyatı qurumlar bu məsələyə diqqət yetirməlidir”.

İstifadəçilər provayderləri məhkəməyə verməlidir...

Ekspert təklif edir ki, istehlakçılara verilən internetin sürətini təyin etmək üçün provayderlər qanunla müəyyənləşdirilmiş hüquqi öhdəlik götürməlidir:

"Hər şeydən əvvəl ortada müqavilə var. Müqavilədə qeyd olunur ki, provayder istifadəçiyə bəlli sürəti verməlidir. Vermirsə, problem provayderindir. Provayder əslində əmin olandan sonra müqaviləyə imza atmalıdır. Provayder üzərindən ata bilməz ki, xarabdır, hansısa problem var... Əgər o sürəti verə bilməyəcəkdisə, müqaviləyə imza atmazdı. İstifadəçinin əlində imkan var ki, internetdəki texnologiyalar, proqramlar  vasitəsilə internet sürətini ölçə bilər.  Müxtəlif zamanlarda bu sürəti ölçür, aktlaşdırır.  Bu sahədə səriştəli, normal vəkil taparaq, məhkəməyə müraciət edir və bununla da uğur qazana bilər. Hüquq sahəsində çalışan vəkillər yaxşı olar ki, bu məsələyə diqqət yetirsinlər. Son vaxtlar hüquq sahəsi Azərbaycanda aktuallaşdığı üçün ciddi peşəkar vəkillərə də ehtiyac var”.

Osman Gündüz onu da əlavə edib ki, "Telekommunikasiya haqqında”Qanunda dəyişiklik etmək lazımdır:

"Biz artıq bununla bağlı nazirliyə və aidiyyatı qurtumlara müraciət etmişik. Bütün ölkələrdə bu var. Yəni, qanunda minimal bir hədd qoyulmalıdır ki, əgər provayder, operator istifadəçi ilə filan sürətin verilməsi ilə bağlı  müqaviləyə qol çəkirsə, onda provayderin və opretaorun qarşısına öhdəlik qoyulmalıdır ki, bu sürətin minimal həddi nə ola bilər. 5 MB-ə imza atılırsa, o zaman istifadəçiyə minimum 4.5 MB internet verilməlidir. Qanunvericilikdə belə bir müddəa olandan sonra artıq provayderlərin məsuliyyəti birə-beş artacaq. İndiki halda belə bir müddəanın olması onlar üçün də müəyyən yeri qoyur, qol-qanad açır”.

Alçina Amilqızı