Yuxarı

Bakıda işıq problemi: Bizdən kəsib kimə satırlar?

Bakıda işıq problemi: Bizdən kəsib kimə satırlar?

Havalar soyuyandan bəri qaz, işıq və suyun tez-tez kəsilməsi ciddi narazılıq yaradıb. Demək olar ki, hər gün bu problemlər ictimailəşdirilir. Aidiyyəti qurumlar isə iş görmək əvəzinə, problemləri görməzlikdən gəlir. Nəticədə problem həll olunmur. Son bir neçə gündür ki, paytaxt və bölgələrin elektrik enerjisi təminatında ciddi problemlər yaşanır. Məsələn, iki gündür Xırdalanda elektrik enerjisi kəsilib. Əhali işığın fasilələrlə verildiyini, bəzən hətta tamamilə kəsildiyini bildirirlər. 

Bununla yanaşı Məhəmmədi, Kürdəxanı qəsəbələrində, Yasamal rayonunun və paytaxtın bəzi mərkəz ərazilərində işıq fasilələrlə verilir. Bu barədə məlumatı "Cümhuriyət” qəzetinə həmin ərazilərdə yaşayan sakinlər veriblər. Bundan əlavə son iki gündə Lənkəranda, Yardımlıda, Gəncədə və digər bölgələrdə də elektrik enerjisinin təminatında ciddi problemlər yaşanıb. 

Maraqlıdır, əhalinin işığa olan gündəlik tələbatı nə qədərdir? Ümumiyyətlə, ölkəni elektrik enerjisi ilə təmin etmək üçün Azərbaycanın nə qədər ehtiyacı var?

Bu və ya digər suallarla "Azərişıq” ASC-yə müraciət etsək də, qurum rəsmisi Tanrıverdi Mustafayev "Cümhuriyət” qəzetinə konkret rəqəmləri açıqlamaqdan yayınıb. Bildirib ki, əhalinin elektrik enerjisi sərfiyyatı ilə bağlı gündəlik tələbatı dəyişir. Bu səbəbdən də real statistikanı demək mümkün deyil. O, deyib ki, tələbat nə qədər varsa, artıqlaması ilə ödənilir: 

"Əhalinin gündəlik tələbatı ödənilir. Nə qədər elektrik enerjisi istifadə etməsindən asılı olmayaraq bu tələbat yetərincə ödənilir. "Azərişıq” ın paylayıcı elektrik şəbəkəsi olaraq əsas missiyası tələb olunan elektrik enerjisini mənzillərə, hər yerə, istehlakçılara dayanıqlı, keyfiyyətli, fasiləsiz təmin etməkdir. Bunun öhdəsindən çox yüksək səviyyədə gəlir. Son günlərdə baş verən şiddətli külək, müşahidə olunan leysan və yağışlı günlərdə də elektrik enerjisi ilə bağlı hər hansı fasilələr yaranmayıb. Baxmayaraq ki, bundan əvvəlki illərdə müəyyən fasilələr yaranırdı. Amma son illərdə aparılan yenidənqurma işləri nəticəsində paytaxt, ətraf qəsəbə və bölgələrdə elektrik enerjisi çox yüksək səviyyədə verilir. Əvvəlcədən lazım olan hazırlıq işləri görülüb. Bu hazırlıqlar hava şəraitinin yaratdığı fəsadlarına, qəzaların operativ aradan qaldırılmasını həyata keçirmək üçündür. Bu isə tələbatın istehlakçılara yüksək səviyyədə çatdırılmasından xəbər verir”. 

Tanrıverdi Mustafayev onu da əlavə edib ki, sözügedən rəqəmlərlə bağlı məlumatları "Azərişıq” ASC-yə yazili sorğu göndərməklə almaq mümkündür. 

Alçina Amilqızı