Yuxarı

Xəbərdarlıq da var, yağış da... şəhər isə su altında

Xəbərdarlıq da var, yağış da... şəhər isə su altında

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən etibarən intensiv yağışlar yağıb, bəzi ərazilərdə yağıntılar leysan xarakteri daşıyıb. Yağıntıların leysan xarakteri daşıması isə cari ildə də yollarda problemə səbəb olub. Bəzi yollarda kanalizasiya sisteminin işləməməsi, infrastrukturun olmaması hərəkəti çətinləşdirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi öncədən verdiyi xəbərdarlıq mətnində hava şəraitinin dəyişəcəyi ilə bağlı proqnoz yayıb. Maraqlıdır, aidiyyəti qurumlar hansı qabaqlayıcı tədbirlər görüb?

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli Cebhe.info-ya açıqlamasında problemlərə toxunub: "Masallı rayonunda yağan intensiv yağışlar dağ yamaclarında sürüşməyə səbəb olub. Torpaq sürüşməsi Masallı – Yardımlı yoluna düşüb. Qısa müddət ərzində yol təmizlənib. O cümlədən də Lənkəran-Lerik yolunda da müəyyən problemlər yaşanıb. Bakı şəhərində qabaqlayıcı tədbirlər görülüb. Dövlət qurumu hər hansı məsələdən tam sığortalanmayıb. Maksimum şəkildə baş verən hadisələrin fəsalarını aşağı salırıq”.

A.Nəcəflinin sözlərinə görə qabaqlayıcı təbir kimi yağış barmaqlıqları təmizlənib: "Çünki, yağış, lil qatı özü ilə müəyyən tullantılar gətirir ki, bu da barmaqların tıxanması, ərazidə gölün yaranmasına səbəb olur. Binəqədi şossesi, Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsinin kəsişməsi, Keşlə bazarının qarşısında Azərsu tərəfindən yeni yağış kollektorları çəkilir. Qəsəbədaxili yollarda problemlərin yaranmasına görə "Azəravtoyol" cavabdeh deyil. Əsasən yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nəzarəti olan bu qəsəbədaxili yollarda problemlər müşahidə edilir”.

"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Cebhe.info-ya açıqlamasında bu haqda danışaraq Hövsan, Biləcəri və Ramananın bəzi ərazilərində yaranan problemlərə münasibət bildirib. 

A.Cəbrayıllı Hövsan qəsəbəsinin bəzi ərazilərində yaranan problemi yağış infrastrukturunun olmaması ilə izah edib: "Hövsan Olimpiya İdman Kompleksinin qarşısındakı yolda kanalizasiya şəbəkəsi var, normal da işləyir. Sadəcə olaraq, infrastruktur yoxdur. Kanalizasiya şəbəkəsinin ağzı bağlıdır. Yağış infrastrukturu yoxdursa, kanalizasiya sistemi necə işləyə bilər? Yağış infrastrukturu yolla birgə tikilir ki, bu da "Azərsu"nun səlahiyyətində olan məsələ deyil. 

Həmçinin, Ramana, Biləcəri qəsəbəsinin ərazilərində yağış - kanalizasiya sistemi yoxdursa, biz nə edə bilərik? Əsasən infrastrukturu olmayan ərazilərdə problemlər yaranıb. Xırdalan, Sabunçu bazarının qarşısı da eyni mənzərədir. Bu ərazilərdə infrastruktur yoxdur. Müəyyən yerlər var ki, intensiv yağışlar nəticəsində həmin ərazilərdə müəyyən problemlər yaşanır. Bu problemlərin aradan qaldırılması istiqamətində Azərsu tərəfindən müvafiq işlər aparılır”.

A.Cəbrayıllı qurum əməkdaşlarının çevik fəaliyyətindən də danışıb: 

"5 gün ərzində 24 saat işlədik. Əməkdaşlarımız hadisə yerlərində olub”. 

A.Cəbrayıllı bildirir ki, "Azərsu” ASC tərəfindən mövcud yağış barmaqlıqları, kanalizasiya quyuları yoxlanılıb, təmizlənilib. Barmaqlıqlar və kanalizasiya quyuları qışa hazırdır. 

Göründüyü kimi "Azərsu” ASC-nin mətbuat katibi açıqlamasında bildirir ki, yağış-kanalizasiya infrastrukturu yolla birgə tikilir. Bu isə o deməkdir ki, yaranan vəziyyətə görə "Azəravtoyol” ASC məsuliyyət daşıyır. 

Qarşı tərəfə münasibət bildirən A.Nəcəfli yağış-kanalizasiya kollektorunun olmadığına görə "Azəravtoyol” ASC-nin səlahiyyətli olmadığının deyib. O bildirib ki, hər hansı yol yenidən qurularkən orda yağış barmaqları qurulub kollektora qoşulur: "Lakin ərazidə yağış-kanalizasiya kollektoru yoxdursa, bunu etmək qeyri-mümkündür. Bu məsələ "Azəravtoyol"un səlahiyyətində deyil. Biz yolların çəkilməsi ilə məşğuluq, "Azərsu" isə su və kanalizasiya sistemlərinin çəkilməsi ilə məşğuldur. Bunu birmənalı olaraq qeyd etmək lazımdır, hər kəs bunu bilməlidir. "Azəravtoyol" hər bir şeyə görə cavabdeh olmalı deyil. Hazırda Binəqədi şosesində işlər aparılır, yolu yenidən qurub yağış kollektoru da çəkəcəyik”. 

A.Cəbrayıllı isə son olaraq məsələyə belə yekun vurub: "Mən də deyirəm ki, yağış barmaqlıqları yol infrastruktunun tikiləndə həyata keçirilir. Son zamanlar tikilən yollarda da bu barmaqlıqlar eyni anda sitifadəyə verilib, "Azərsu" tərəfindən də istismara verilib”.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları