Yuxarı

Yağ qarşıdurması: Bizi kim aldadır?

Yağ qarşıdurması: Bizi kim aldadır?

Yağın qiymətinin kəskin bahalaşması əhalidə ciddi narazılığa səbəb olub. Yağın satışının ölkəyə idxal olunduğundan qat-qat baha satılması məsuliyyətindən boyun qaçıran Dövlət Gömrük Komitəsi bəyan edib ki, yağ ölkəyə 4 dollar civarında idxal edilir. Gömrük Komitəsi bununla da məsuliyyəti digər qurumların üzərinə ataraq, bahalaşmanın onlara aidiyyəti olmadığını bildirir. Ötən gün 7 kərə yağı idxalçısı olan şirkətlər Gömrük Komitəsinin əksinə bəyanat yaydı.

"Delta Qrup C.O.” MMC, "Vest Produkt Marketinq” MMC, "Azərsun Holdinq” MMC, "Dinçer və Carçıoğlu” BM, "Gulistan Baku” MMC, "Veysəloğlu” MMC və "Lactalis Caspi” MMC kimi kərə yağı idxalçıları son günlər kərə yağının qiyməti ilə bağlı məlumatlara münasibət bildiriblər.

İdxalçılar istehlakçılara müraciətində qeyd ediblər ki, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan gətirilir. 2017-ci ilin sentyabr ayında Yeni Zelandiyada kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85 faizədək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə isə 30 faizdən çox artıb və hazırda bir ton üçün 6100-6200 ABŞ dolları arasında dəyişir: "Bununla belə, artım tendensiyası davam edir. Lakin hazırda satışda olan kərə yağları 1 ton yağın qiyməti 5200-5450 ABŞ dolları olan vaxtlarda alınıb və Azərbaycana idxal olunmuş mallardır".

Bildirilir ki, yağın Gürcüstanın Poti limanından Bakıya gətirilməsi üçün hər tona görə təxminən 70-80 ABŞ dolları nəqliyyat xərcləri ödənilir: "Bununla yanaşı, idxal olunan kərə yağı üçün gömrük vergi və rüsumları da ödənilir. Yeni Zelandiyadan gətirilən kərə yağı üçün bu vergi və gömrük rüsumları 36 faiz təşkil edir. Beləliklə, Yeni Zelandiyadan gətirilmiş və hazırda satışda olan kərə yağının 1 kiloqramının idxalçının anbarına giriş qiyməti 7.18-7.52 ABŞ dolları və ya 12.21-12.78 manat təşkil edir. Nəzərə almaq lazımdır ki, yağın saxlanması, ticarət şəbəkələrinə paylanması, marketinqi, əmək haqqı, sosial sığorta, vergilər və s. ilə əlaqədar bir sıra digər xərclərimiz də mövcuddur. Eyni zamanda yağların pərakəndə satışını həyata keçirən mağazaların da əməkhaqqı, sosial sığorta, elektrik enerjisi, vergi və digər xərcləri var".

Müraciətdə deyilir ki, bütün bu xərclər nəzərə alınmaqla Yeni Zelandiya istehsalı olan kərə yağlarının topdansatış qiyməti 15.02-15.97 manat, pərakəndə satış qiyməti isə 15.90-17.10 manat arasında dəyişir: "Bununla yanaşı, bu gün mağazalarda digər ölkələrdən gətirilən bir sıra yağlar da istehlakçılara təklif olunur. Bu yağların qiyməti təxminən 12-13 manatdır. Ümumiyyətlə, digər mallarda olduğu kimi, yağ satışı bazarında da qiymətlər azad rəqabət şəraitində tələb-təklif əsasında formalaşır. Müxtəlif qiymətə yağların olması istehlakçılara seçim hüququ verməklə yanaşı, biz sahibkarların da öz məhsullarına yüksək qiymət müəyyən etməsinin qarşısını alır.

Biz sahibkarlar dövlət başçısının özəl sektora yaratdığı əlverişli işgüzar şəraiti və rəqabət mühitini yüksək qiymətləndirir və istehlakçıları heç bir halda qiymətlərin əsassız artırılmayacağına əmin edirik".

Qeyd edək ki, ölkəyə idxal olunan kərə yağının qiymətindəki artımla bağlı Dövlət Gömrük Komitəsi də münasibət bildirmişdi. Komitənin məlumatına əsasən gömrük orqanlarının fəaliyyəti ilə əsaslandırılan məlumatlar həqiqətə uyğun deyil. Dövlət Gömrük Komitəsi bildirir ki, kərə yağının qiymətində artımın baş verdiyi dövrdə, bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb.

Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə, komitə açıqlayıb ki, ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur: "2016-cı ildə Azərbaycana 22 ölkədən 51 şirkət 28377938.84 ABŞ dolları dəyərində 8357095.43 kiloqram, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35 998149.22 ABŞ dolları dəyərində 8391526.17 kiloqram yağ idxal edib ki, bu da iddiaların əksini sübut edir. Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kiloqram yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kiloqram yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır.

O cümlədən, 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib. Daxili bazarda formalaşan qiymətlərə gəlincə isə bu məsələ Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil”.

"Monopoliya aradan qaldırılmalıdır”

İdxalçıların bəyanatı Dövlət Gömrük Komitəsinə ciddi zərbədir. Çünki ortada böyük rəqəm fərqi var. Əhali kimə inansın?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda yaranmış bulanıq atmosfer onların heç birinə inanmağın mümkün olmadığını deyib: "Əslində, əhali nə istehsalçıya, nə də Gömrük Komitəsinə inanmaq məcburiyyətində deyil. Gömrük Komitəsi kifayət qədər qeyri-şəffaf işləyən dövlət qurumudur. Son iki ildə müəyyən islahatlar aparılsa da, bu islahatlar gömrük proseslərinin tam şəffaflaşmasına şərait yaratmayıb. Azərbaycanda kilosu 15-25 manata satılan quru meyvəni 60-70 qəpiyə sənədləşdirən bir qurumun rəhbərinin bəyanatına necə inanmaq olar? Bu gün Azərbaycan cəmiyyətində həm Gömrük, həm də Statistika Komitəsi kifayət qədər öz nüfuzunu itirib.

Sahibkar həmişə istəyər ki, gətirdiyi maldan daha çox xeyir götürsün. Sahibkarın cəmiyyətin sosial qayğısına qalmaq öhdəliyi yoxdur. İdxalçı fəaliyyətini tənzimləyən nizam tərəzi - rəqabətdir. Azərbaycanda isə rəqabət yoxdur. Hər tərəf monopoliyadır. Ona görə də hesab edirəm ki, Azərbaycanda bu məsələlərin aradan qaldırılması üçün rəqabət mühiti formalaşmalıdır, idxalda, istehsalda monopoliya aradan qaldırılmalıdır, şəffaflıq təmin edilməlidir”. 

İqtisadçı idxalçıların bəyanatının səbəbini belə izah edib: "Sahibkar bununla demək istəyir ki, bazarda kərə yağının qiyməti bahalaşsa da, onlar günahkar deyillər. Bir növ cəmiyyətdə növbəti qiymət artımına psixoloji cəhətdən reabilitasiya metodunu yerinə yetirir. Onların fikrində bir inteqrasiya assosiasiyası yaratmaq məqsədi daşıyır. Əslində, normal ölkələrdə idxalçı alıcıya mümkün qədər məlumat vermir. Çünki alıcı həmişə problemli sahibkardan kənar gəzir. Amma çox təəssüf ki, biz bir qrup idxalçının gətirdiyi məhsuldan istifadə etməyə məhkumuq. Buna görə də növbəti mərhələdə həmin sahibkarlar çox sərbəst şəkildə, "günahı olmadan” qiymətlərin artacağını bəyan edirlər. Əgər ölkədə rəqabət mühiti olsaydı, idxalçılar bu məlumatı heç vaxt verməzdilər. Əksinə, çalışıb qiymət artımını elə kompensasiya edərdilər ki, alıcı onu hiss etməsin. Bazar iqtisadiyyatında qiymət inzibati yollarla tənzimlənməməlidir. Əgər tənzimlənirsə, müvəqqəti xarakter daşımalıdır. Qiymət azad, rəqabət də amansız olmalıdır. Yalnız belə şəraitdə bazar iqtisadiyyatı inkişaf edər. Azərbaycanda isə bunun dumanlı şəklini çəkib baxırıq”.

Ekspertin sözlərinə görə, bahalaşmaya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət edə bilməz: "Birinci, bu komitə kiçikdir və texniki baxımdan imkanları məhduddur. İkinci, həmin məhsulları Azərbaycana idxal edən insanların əli o qədər uzundur ki, dövlət xidməti də onun qarşısında acizdir. Həmin sahibkarlar tək kərə yağını yox, istənilən məhsulu maya dəyərindən 5, hətta 10 dəfə də artıq sata bilərlər”.

"Dövlət rəqabət mühiti yaratmalıdır”

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, kərə yağının qiyməti ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yaranan müzakirələr nəticəsində ixracla məşğul şirkətlər və Gömrük Komitəsi ardıcıl açıqlamalar verməyə başladı: "Bu gün Gömrük Komitəsi elan etdi ki, yağın idxal qiyməti sentyabrda 5,20 dollar olub. Gəlin hesablayaq: - 5,20 dollar - 8,84 manat, - 15 faiz idxal rüsumu - 1,32 manat. Yeri gəlmişkən, hər hansı dövlət öz əhalisini istənilən məhsulla daxili istehsal hesabına təmin edə bilmirsə, həmin məhsula maksimum idxal vergisi qoymaq absurddur. 18 faiz ƏDV (ölkədə ƏDV dolayı vergi növü olaraq sonda əhalinin cibindən çıxır, şirkətlər bu yükü də əhalinin üzərinə qoymağa məcbur olur, - 1,83 manat (Gömrük 15 faiz rüsumu qiymətə əlavə etdikdən sonra 18 faiz hesablayır), cəmi - 11,99 manat.

Lojistika və yol xərcləri hər kiloqram yağa heç 0,50 dolları keçmir, daha aşağı olur. Məsələn, Poti limanından Bakıya 25000 kiloqram yük gətirən soyuducu maşın cəmi 2500 dollar istəyir, yəni hər kiloya 10 sent. Potiyə qədər isə Avstraliyadan gələn gəmiyə hər kiloqrama maksimum 0,40 dollar ödənilir. Çünki yük həcmi çox böyük olduğundan qiymət ucuz olur. Deməli, lojistika 0,50 dollar - 85 qəpik, ümumi xərclər - 12,84 manat. Satışda isə Avropa, Avstraliya və Yeni Zelandiyadan gələn yağ 18-19-20 manat arasıdır. İdxalçı pərakəndə satış edən də, öz qazancını qiymətə əlavə etsə, 15-16 manatı keçməz, yəni, rəqabətli mühit olsa, keçməməlidir. Potidən bir maşın yağ alıb bütün xərclərdən sonra (12,84 manat) üzərinə hər kiloya lap 1,5 manat qoysan, 37,5 min manat qazanc edir. Belə qazanc harada var ki?! Pərakəndə satış edənlər lap az qoyur, lap 50 qəpik də onlar artırsalar, yenə də qiymət 16 manat civarında sabitləşər”.

İqtisadçı sağ-mərkəzçi, azad bazar, tələb-təklif qaydalarına inanan biri olduğunu vurğulayaraq, dövlətin qiymətlərə hər hansı bir müdaxiləsinin qəti əleyhinə olduğunu deyib: "Amma dövlət ədalətli hakim olmalı, əlində olan vergi və rüsum kimi alətlərdən ağılla istifadə etməli, normal rəqabətli mühit yaratmalıdır. Dövlət gömrük rüsumunu 15 faizdən 5 faizə çəksə, kərə yağına ƏDV-ni dünyada qiymət enənə qədər (ilkin olaraq 6 aylıq) ləğv etsə, qiymətlər həmən 30 faiz düşər. Hələ rəqabətli mühit yaratsa, kərə yağının qiyməti 10-11 manat olar. Necə ki, hazırda Gürcüstanda elədir, orada hökumət nə etməlidirsə, məhz onu edir, çünki vətəndaşın səsindən asılıdır”.

Yeganə Oqtayqızı