Yuxarı

Ana dilini pozanlara cəza gəlir?

Ana dilini pozanlara cəza gəlir?

Ədəbi dilin normalarını bilmək və qaydalarına riayət etmək, nitq mədəniyyətini formalaşdıran əsas amildir. Məlum olduğu kimi ədəbi dil xalq dilinin fonetik, leksik və qrammatik normaları əsasında ortaya çıxan məsələdir. Onu da xatırlatmaq yerinə düşərdi ki, yazılı və şifahi formada özünü göstərən ədəbi dil də bu normalara əsaslanır. Fonetik norma sözlərin düzgün yazılışını və tələffüzünü tələb edir. Bunlar da orfoqrafik və orfoepik normalarla tənzimlənir. Yazarkən orfoqrafiya qaydalarına əməl etmək, hər bir şəxsin dil bilgisinin dərəcəsini göstərir. 

Hər hansı bir yazını oxuyanda rastlaşdığımız hərf və durğu işarələri səhvi yazı müəllifi haqqında bizdə fikir formalaşdırır. Bu baxımdan fəaliyyətlərini yazmaqla quran jurnalistlərin üzərinə ağır yük düşür ki, son zamanların KİV-lərində bu yöndə yaranmış problemlər özlərini qabarıq formada göstərir.

Yeni təkliflər

Qəzetlər, saytlar, radio və telekanallarla yanaşı, xarici dillərdən dublyaj edilən filmlər və reklam lövhələri üçün də bu problemlər xarakterikdir. Burada üslub səhvləri - cümlələrin qrammatik qaydalara uyğun qurulmaması ilə yanaşı, xarici ifadələrə geniş yerin verilməsi də diqqətdən yayınmır. Ekspertlər bildirirlər ki, xüsusilə də saytlar və qəzetlərdə ədəbi dilin normalarına uyğun olmayan ifadələrin sayı kifayət qədərdir ki, bunlar da bəzən jurnalistlərin özfəaliyyətlərinin nəticəsi və əcnəbi dillərdən alınmış sözlərdən ortaya çıxır. Həmçinin qeyd olunur ki, əcnəbi dillərdə söz və ifadələrdən istifadə edilməsinin geniş hal alması Azərbaycan dilinin normalarına zərər vuran əsas problemə çevrilib. Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında” sərəncamında da bu problemlər diqqətə çatdırılır. Həmin sərəncamda son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin imkanlarından lazımınca və düzgün istifadə edilməməsi qeyd olunur. 

Problemin ciddiliyini nəzərə alan ekspertlər ədəbi dilin normalarını pozan KİV-lərə qarşı cərimələrin tətbiq edilməsini, yaxud problemin həlli ilə əlaqədar nəzarət mexanizminin yaradılmasını təklif edirlər.

Mətbuat Şurasından reaksiya

Mətbuat Şurasının sədri Əflatun Amaşov da bir neçə gün əvvəl məsələyə toxundu və təklif etdi ki, Azərbaycan ədəbi dil normalarının pozulmasına görə böyük cərimələr tətbiq edilməlidir. Ə.Amaşov bildirib ki, aparılan monitorinqlər zamanı durğu işarələrinin, xüsusən, vergülün işlədilməsində daha çox problemlərin olduğu üzə çıxıb: "Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir. Bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur. Buna görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, Fransada ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar”.

"Efirə tanışlıqla  buraxırlar”

"Jurnalistikanın İnkişafına Yardım” Fondunun rəhbəri, professor Qulu Məhərrəmli "Cümhuriyət” qəzetinə açıqlamasında ədəbi dilin normalarını pozan KİV-lərə və jurnalistlərə qarşı cərimələrin tətbiq edilməsinə qarşı olduğunu bildirib. Professor hesab edir ki, problemin həlli yolu, maarifləndirmə işinin aparılmasından keçir: "Cümlə, jurnalistlərin əsas ifadə vasitəsidir. Yazan, danışan və sual verən hər bir jurnalist qurduğu cümləyə fikir verməlidir. Ədəbi normalara riayət edilməlidir, bunun üçün də cümlə düzgün qurulmalıdır, fikri dəqiq ifadə etmək lazımdır. KİV-lərə və jurnalistə cəza vermək olmaz. Əlbəttə, dili yaxşı bilən jurnalistlər də var, amma  gənc jurnalistlər arasında dilə biganə olan jurnalistlər də var. Hesab edirəm ki, cəzalandırmaq yox, maarifləndirmək lazımdır. Xüsusilə də telekanallara aparıcılar qəbul edilərkən, onların dil bilgisi, düşüncə tərzi və təfəkkürü yoxlanılmalıdır. Onları yoxlayıb efirlərə buraxmaq lazımdır. Məktəb keçməlidirlər. Amma bizdə aparıcıları dostluq və tanışlıq, həmçinin digər subyektiv mülahizələrə görə efirə buraxırlar. Onlar da televiziyaların üzlərini "ağarda” bilmir və problemlər yaradırlar. Hesab edirəm ki, dilimizi yaxşı öyrənməliyik, jurnalistlər bunu özlərinin borcu bilməlidirlər. Biz bununla dilimizin də inkişafına xidmət etmiş olarıq. Amma proseslər tərsinə gedir, bu da haqlı narazılıq və narahatlıq yaradır”.

"Hüquqi şəxslər məsuliyyət daşıyacaqlar”

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, normaları pozan KİV-lər cəzalandırılmalıdır. O, bununla bağlı AMEA Rəyasət Heyətinin qərarının olduğunu da diqqətə çatdırıb: "Akademiyanın Rəyasət Heyətinin qərarı var ki, bu da ədəbi dilin normalarının pozulması ilə bağlıdır. Qərarda bildirilir ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsi cərimələrlə bağlı təkliflər planı hazırlasın. Təklif planı da demək olar ki, böyük ölçüdə hazırdır. Cərimələr də olmalıdır, amma ən vacibi budur ki, maarifləndirmə işi aparılmalıdır. Bu cərimələr ayrı-ayrı şəxslərə yox, aidiyyatı qurumlara yönəldilməlidir. Təkliflər planında da cərimələr məsul icra strukturlarına yönəlik nəzərdə tutulub, hüquqi şəxslərə qarşı. Biz ayrı-ayrı fərdlərin yanında dayanmayacağıq. Amma hüquqi şəxslər məsuliyyət daşıyacaqlar”.

Mənsur Rəğbətoğlu